Azyaşlı cinsi zorakılığa məruz qalarsa....
31 Mart 2022 16:27 MüsahibəSon zamanlar gündəmi azyaşlılara qarşı cinsi zorakılıq xəbərləri zəbt edib. Azyaşlılar sadəcə tanımadığı insanlar tərəfindən deyil, qohumları tərəfindən də cinsi istismara məruz qalır. Cəmiyyətdə belə halların baş verməsi qəbuledilməz və təhlükəlidir. Bir çox hallarda bu cinayət ortaya çıxmır. Bu mövzuda ən böyük problemlərdən biri valideyn və övlad arasındakı əlaqələrin yerində olmaması, uşaqların bu mövzuda lazımınca maarifləndirilməməsidir. Bu məsələ təkcə Azərbaycanda deyil, dünyada da aktual bir mövzudur.
Müsahibimiz psixoloq Orxan Orucdur.
-Orxan bəy, cəmiyyətimizin problemlərindən biri də azyaşlıların cinsi zorakılığa məruz qalmasıdır. Necə düşünürsünüz, son zamanlar cinsi zorakılığa məruz qalan azyaşlıların sayı niyə artıb? Bunun əsas səbəbləri nədir?
-Əvvəlcə onu deyərdim ki, bizdə belə bir təsəvvür var ki, son zamanlar azyaşlılara qarşı cinsi zorakılıqlar artıb. Amma, bunu statistik olaraq ölçmək üçün gərək bütün evlərin müqayisəsini aparaq. Çox təəssüf ki, əvvəlki illərin, xüsusilə də 5-10, 20-30 il bundan əvvəlin statistikasını əldə etmək qeyri-mümkündür. Buna görə də artıbmı, azalıbmı, stabil olaraq yerində qalırmı, bunları demək çox çətindir. Amma, görünən odur ki, bizim son zamanlar sosial şəbəkələrdən, kütləvi informasiya vasitələrindən aldığımız informasiyalar və.s. bizdə o təəssüratı yaradır ki, cinsi zorakılıqlar, xüsusilə də, uşaqlara qarşı törədilən cinsi zorakılıqların sayı artıb. Son dövrlərdə bununla bağlı informasiya almağımızın və yaxud sayının artması ilə bağlı yaranan təsəvvürümüzün arxasında cəmiyyətin maariflənməsinin də bir rolu var. Çünki, əvvəllər də bu kimi hadisələr baş verirdi, sadəcə hansısa qohumlar və yaxud kənd, qəsəbə daxilində bu məlumatın yayılmasının qarşısını almağa çalışırdılar. İstəmirdilər ki, belə bir xoşagəlməz, biabırçı hadisəni digər insanlar da bilsin. Dolayısı yolla insanlar maarifləndikcə, bu kimi hadisələrin hüquqi, cəmiyyət tərəfindən digər tərəflərini gördükcə çalışırlar ki, əvvəlki illərdə olduğu kimi indi bu hadisələr gizlədilməsin.
-Bilirsiniz ki, cinsi zorakılığa məruz qalan azyaşlılara qarşı cəmiyyətin baxışı birmənalı deyil. Bu hal onlarda hansı travmaları yaradır?
-Əlbəttə ki, zorakılığa məruz qalan şəxslər, xüsusilə uşaqlar psixoloji, fizioloji olaraq onun təsirlərini uzun müddət özlərində dayşıyırlar. Bəzən uşaqlara qarşı törədilən bu cinayətlərdə uşaqlar nə etdiklərini və hansı bir cinayətin qurbanı olduqlarının o qədər də fərqində olmurlar. Hətta, bəzən ona bir oyun, əyləncəli davranış kimi, rəftar kimi baxa bilirlər. Amma, zaman keçdikcə bunun bir cinayət olduğunu və yaxud onda hər hansı bir psixoloji travmalar, izlər buraxdığının fərqində olmağa başlayırlar. Bu baxımdan sözsüz ki, həmin şəxslər üçün xüsusi reabilitasiya, psixoterapevtik, cəmiyyətə inteqrasiyaları ilə bağlı müxtəlif işlər aparılmalıdır. Cəmiyyətin maariflənməsinin də burada çox önəmi var. Bəzən hətta zorakılığa məruz qalan şəxsləri, xüsusilə yeniyetmə qızlarla bağlı cəmiyyətimizdə də bir stiqma formalaşır. O stiqma bundan ibarətdir ki, bəzən cinayəti edən şəxsdən daha çox, cinayətin qurbanı cəmiyyət tərəfindən müəyyən bir basqıya məruz qalır. "Özündə də hansısa bir günah olub". "Özü istəyib deyə olub "və.s. Sözsüz ki, cəmiyyətin maariflənmə səviyyəsi qalxdıqca, bu hadisələrə münasibət də birmənalı olmağa başlayacaq və istənilən bu kimi hadisələr baş verəndə cinayətkara qarşı, cinayəti törətmək istəyi olan şəxsə qarşı ictimai-tənqidi bir yanaşma mövcud olacaq. Bu da baş verən halların aradan qalxmasına müsbət təsir edə bilər.
-Orxan bəy, sizcə cinsi zorakılığın qarşısını almaq olarmı? Bununla necə mübarizə aparmaq olar?
-Əvvəlcə qeyd edək ki, qız uşaqları, hətta oğlan uşaqları da hansısa formada cinsi zorakılığa məruz qala bilirlər, bununla bağlı kifayət qədər hadisələr də baş verib. Bu tək Azərbaycanda yox, dünyanın müxtəlif yerlərində də olur. Sadəcə olaraq, bu dövrlərdə, xüsusilə uşaqların emosional vəziyyətin dəyişkənliyi və yaxud uşaqların davranışda onların valideynləri ilə münasibətində nəyisə gizlətdiyini hiss edirsə valideynlər, dərhal övladları ilə söhbətlər aparmalıdır. Ən profilaktiki isə odur ki, valideynlər uşaqları ilə dost olmağı bacarsın. Dost olmağı bacarırlarsa uşaqlar, yeniyetmələr, hansı yaşda olmasından asılı olmayaraq ona qarşı hər hansı bir davranışi öz valideyni ilə bölüşməkdən çəkinməz, valideyninə "belə bir hadisənin qurbanı oldum və yaxud mənə belə bir təklif olundu, mənə qarşı belə hərəkət olundu."-deyər. Dost olmağı bacarsa, sözsüz ki, uşaqlar da vaxtında öz valideynlərinə məlumat verərlər və hansısa formada cinsi zorakılığın qarşısını almış ola bilirlər. Bundan əlavə valideynlər hələ kiçik yaşlarından uşağların öz intim zonalarının şəxsi zonası olduğunu övladlarına öyrətməlidirlər.
-Cinsi zorakılığa məruz qalmış azyaşlıların valideynləri nə etməlidir?
-Çox təəssüf ki, bizim cəmiyyətimizdə də uşağları kiçik yaşlarından hər kəs öpür, əzizləyir, qucaqlayır, onların müxtəlif şəxsi zonalarına daxil olurlar. Amma, biz heç vaxt uşaqdan soruşmuruq ki, səni öpmək olarmı? Səni qucağıma ala bilərəmmi və.s. Bunların hər biri uşaqların zorakılıq hərəkəti ilə bağlı sonradan rastlaşdıqları davranışı onların gözündə adiləşdirir. Ona görə də, əvvəlcədən valideynlər onların şəxsi zonalarının toxunulmaz olduğunu, ona yalnız özünün icazəsi ilə toxunmaq mümkün olduğunu başa salmalıdır. Bu kimi yanaşmalarla artıq uşaq ona aid olan şəxsi zonanın icazəsi ilə mümkünlüyünü qavrayır, dərk edir və böyüdükcə də ətrafdakı insanların həmin zonaya daxil olmasının qeyri-adi, gözlənilməz, təhlükəli bir davranış olduğunu başa düşür.
Mehriban Xəlilli