"Mətbuat dövlət üçün nəhəng layihədir"- Arzu Qazıyeva

"Heç bir patronajlıq jurnalistin peşəkarlığının və peşə vəzifəsinin üzərinə keyfiyyətsizlik  kölgəsi salmır"

Müsahibimiz tanınmış telejurnalist Arzu Qazıyevadır. Ziyalı ilə jurnalistika, film sahəsini və qlobal problemləri müzakirə etdik.

- Bugünkü Azərbaycan mətbuatı kənardan necə görünür, onu keyfiyyətli media hesab etmək olarmı?

- Bugünkü Azərbaycan mediasının kənardan görüntüsü və ya keyfiyyətli olub-olmaması barədə media nümayəndələri və media ekspertləri tərəfindən çox danışılıb, çox tənqid olunub, onun yenilənməsi üçün ən müxtəlif yollar təqdim olunub. Təkrarçılıq etmədən mənə qədər deyilənlərə onu əlavə edə bilərəm ki, bu gün Azərbaycan mətbuatı bir natamamlıq kompleksini yaşayır. Elə təəssürat yaranıb ki, istər çap, istərsə də elektron media ac qalmamaq üçün bir qisim topluma yaradılan bir məşğuliyyətdir. Təəssüf ki, toplum özü ötüşdürmək, yola vermək, təşəbbüssüz yaşadığı kimi, mediasını da elə formalaşdırıb. Media cəmiyyəti formalaşdırmaq, irəli aparmaq əvəzinə cəmiyyət onu öz təfəkkürünə, düşüncə, həyat tərzinə uyğunlaşdırıb. Jurnalistika fakültəsi istənilən sayda məzun buraxa bilər, ölkədə onlarca elektron media işlək ola bilər, amma sizin ölkənin və cəmiyyətin həyatında söz sahibi ola bilmirsə, ictimai fikri dəyişdirə bilmirsə, özünün müqavimət immuniteti yoxdursa, jurnalistin söz azadlığı onun çalışdığı qurumun maliyyəçisinin sifarişinə təslim olunursa,  həqiqətən də dördüncü hakimiyyətə çevrilmək istəyiniz və şanslarınız yoxdursa, orda keyfiyyətli mediadan danışmaq mənasızdır və yenə də heç nəyi dəyişməyəcək. Bütün inkişaf etmiş ölkələrdə mətbuat mənsub olduğu ölkənin ən strateji və birinci dərəcəli mexanizmidir. Siz siyasi xadimlərin mətbuat haqqında dediklərini yadınıza salın. Mətbuat dövlət üçün nəhəng layihədir, bu layihəyə ən müxtəlif formalarda və janrlarda pullar ayrılır. Lakin heç bir patronajlıq jurnalistin peşəkarlığının və peşə vəzifəsinin üzərinə keyfiyyətsizlik  kölgəsi salmır. Çünki ən böyük siyasi divident məhz mətbuatın azadlığı və keyfiyyətidir. İqtisadi rəqabətdən, iqtisadi seçim azadlığından keçilməli olması və bunun dolayısı ilə nəticələrə təsiri göz önünə alınır. Cəmiyyətin hansı media orqanını seçmək şansı və imkanı var. Bunlar olduqca vacib amillərdir. 

- Etik dəyərlərdən çox danışılsa da, mətbuatda bu dəyərlər kifayət qədər öz əksini tapmır. Sizcə, hər bir jurnalist hansı etik dəyərlərə malik olmalıdır?

- Jurnalistin damarı olmalıdır. Bu peşə sonradan peyvənd edilmir. O damar jurnalistlə birgə doğulur. Jurnalistsənsə, etik dəyərləri özün seçirsən. Jurnalistsənsə, sənin seçimin nə sənin peşəkarlığını, nə də sənin peşə öhdəliklərinin tələb etdiyi nəzakətli qarayaxa kəcliyini kölgələndirməyəcək. Jurnalistlərin düşə biləcəyi ən müxtəlif situasiyalar var. Bu situasiyalardan simanı qoruyaraq çıxmaq var. Bu zaman nələrisə itirmək olar, nələrisə qazanmaq olar. Bax, bu nələrisə düzgün seçmək jurnalistin etik dəyərləri seçmək demək olur. Məsələn, siz peşənizə xidmət etməyi, yoxsa peşənizlə işləməyi seçərdiz? Bunlar müxtəlif anlayışlardır. Əgər siz jurnalist olaraq müxtəlif anlayışların məzmunu bir-birindən ayıra bilirsizsə, deməli, etik dəyərlərin nələrdən ibarət olduğunu anlayan və dəyərləndirən birisiz. 

- Jurnalistika sahəsində dezinformasiyaların yayılması qeyri-peşəkar jurnalistlərin əməlidir. İxtisaslı və qeyri-ixtisaslı jurnalistlərin onlayn mediaya təsirini necə müqayisə etmək olar?

- Məncə, onlayn mediada bəzən hətta ixtisaslı jurnalistlərin belə qeyri-səhih informasiyalarına rast gəlmək olar. Siz yəqin ki, peşəkar jurnalistləri nəzərdə tutmursuz. Peşəkar jurnalist üçün xəbərin gecikib-gecikmədiyi əsas deyil, əsas onun ötürdüyü xəbərin səhihliyidir. Çünki bundan onun nüfuzu, etibarlılığı asılııdr. Belə də olmalıdır. Lakin Azərbaycan reallıqlarında dezinformasiyaların yayılması adi bir hal kimi qəbul olunur, nonsens yaratmır və nə həmin media qurumunun, nə də xəbəri ötürən müxbirin nüfuzuna, etibarlılığına xələl gətirmir. Çünki medianın özü nüfuzluluq və etibarlılıq təsnifatından uzaqdır, dənizdə yelkənsiz qayıq vəziyyətindədir. Külək hara əsirsə, ora da üzür.   

- Qarabağa səfər etmisiz? Səfər zamanı sizi ən çox nə təəccübləndirdi?

- Təəssüf ki, müharibədən sonra Qarabağa səfərim olmayıb. Amma bunu arzulayıram. Belə bir səfər baş tutarsa, düşünürəm ki, mən daha çox dünya rəssamlarının ən məşhur tablolarındakıtək ən müxtəlif rənglərin improvizasiyasını özündə əks etdirən böyük bir əsərin həm heyrətləndirici, həm də üşürgələndirici, həm də bizi irəliyə aparacaq yeni yolların ruhlandırıcı mənzərələrilə qarşılaşacam.   

- Qarabağ Zəfəri haqqında ssenarisi film yazmağı düşünürsüz?

- Düşünürəm. 

- Azərbaycanın film sektorunda müəyyən boşluqlar var. Bunun səbəbi nədir sizcə? Nə etmək lazımdır ki, "film" deyəndə ağıla Azərbaycan gəlsin? 

- Mən deməzdim ki, film sektorunda boşluqlar var. Mədəniyyət Nazirliyinin müsabiqələri, fərdi çalışmalar və digər layihələr çərçivəsində filmlər çəkilir. Sadəcə, biz nəticələri geniş auditoriyada görmürük. Çox az hallarda ayrı-ayrı müəlliflərin filmləri barədə məlumatımız olur. İlk növbədə film sektoru bir sənaye kimi  Azərbaycanda inkişaf etməyib, buna istək də yoxdur. Film sektorunun yaranması və işlək olması Sovet dövründən başlamışdı, bütün ittifaq çərçivəsində mədəniyyətin inkişafı planları vardı, bunun üçün maliyyə ayrılırdı, əldə olunan nəticələr tələb olunurdu. Kino-film sahəsində həqiqətən də nələri əldə edib-etməməyimiz ayrı bir mövzudur. Lakin sonra ittifaq kimi hər şey dağıldı, o cümlədən mədəniyyət sektoru da böhran keçirdi. Film sənayesinin inkişafı üçünsə xüsusi şərtlər, tələblər, konkret proqram olmalıdır. Bu da bu gün geniş dairədə hələ ki, görünmür. O ki, qaldı sizin "Nə etmək lazımdır ki, "film" deyəndə ağıla Azərbaycan gəlsin?" sualınıza, əvvəldə dedyim səbəblərə görə hələ yaxın gələcəkdə "film" deyəndə ağıla Azərbaycan gəlməyəcək. Azərbaycan deyəndə ağıla ilk növbədə Azərbaycan mətbəxi, Azərbaycan toplumunun ifrat qonaqpərvərliyi, dözümlüyüyü və humanizmi gələcək.  

-Ötən ilin sonunda ssenari müəllifi olduğunuz "Qafqazın bu üzündə" filminin təqdimatı keçirildi. Film bəyənilsə də, əksəriyyət tərəfindən gürcü nümayəndəsinin sözləri ilə yekunlaşdığına görə tənqid edildi. Tənqidi fikirlərə münasibətiniz necədir?

- Əgər tənqidə alternativ qoya bilirəmsə, eşitməyə və müzakirə açmağa həvəsliyəm, əgər tənqid yaradıcı sahədə baş verirsə. Həm də ona görə ki, məhz yaradıcı tənqid mövqeləri, bir çox maraqlı fikirləri üzə çıxarır. "Qafqazın bu üzündə" filmimə gəlincə isə: mədəniyyət və humanitar sahələr dəqiq elmlərdən onunla seçilir ki, dəqiq elmlərdən fərqli olaraq, mədəniyyət və ya humanitar mövzuların qoyuluşu və həlli həmin mövzunu seçmiş müəllifin yaradıcı süzgəcindən keçir, yəni müəllif məsələni necə görürsə, o cür də həll edir. Burda düzgündür və ya qeyri-düzgündür demək mümkün deyil, çünki yaradıcılıqda konkret qaydalar, çərçivələr yoxdur. İstənilən cür yanaşma düzgündür, sadəcə həmin həllin effekti onu ya cəlbedici, ya da maraqsız edir, yəni maraqlı və ya maraqsız olmaq romanınmı, musiqininmi, rəsm əsərininmi və ya bədii, sənədli filmin həllindən keçir. Və istənilən əsər bir fikrə, bir cümləyə köklənir. Həmin fikri oxucuya, tamaşaçıya çatdırmaq lazımdır. Bu bir çağırış olmalıdır, insanları mübarizəyəmi, irəliyəmi, inkişafamı səsləməlidir. Əks halda, bədii əsərin əhəmiyyəti, mənası sıfırlanır. "Qafqazın bu üzündə" filmim evimiz olan Qafqazın bu günkü durumu barədə idi. Düzdür, o 44 günlük müahirəbədən əvvəl çəkilmişdi, amma nəticə etibarilə hələ də aktual olaraq qalır. Ssenari müəllifi olaraq, nəyi qabartmaq istəmişəm? Tamaşaçıya hansı mesajı ötürmək istəmişəm?  Acı reallıqlarla qismət deyib barışmaqdansa, məzlum və çarəsiz qalmaqdansa, müharibə, itkilər, qan olmasın deyə alçaldıcı sülhlə razılaşmaqdansa yol tapıb irəli getmək, irəli getmək üçün də ideya, fikir, düşüncə sahibi olmaq daha yaxşıdır. İdeya, fikir, düşüncə silahdan da güclüdür, onun ayaq tutub yerimək qüvvəsi var, insanlara ideya verin və onlar inqilab etsinlər. Çağırış bu idi və həmin çağırışı məhz gürcü respondentləri öz çıxışlarında dilə gətirdilər. Ona görə filmi də onların sözləri ilə bitirdim. Burda bu cür yanaşmam təbii ki, nə səhv olaraq gürcülərə ədalətsiz üstünlük verməyimlə izah olunmur, nə də azərbaycanlı olduğum üçün qısqanclıq duyğularımdan doğa biləcək ayrı-seçkiliyə gətirməməlidir. Orda hər birimizə ayrılıqda, bütövlükdə isə cəmiyyətlərimizə mesajlar var. Dediyim kimi, əsas məsələ ideyadır, ideya silahdan da güclüdür. Müharibə də ideyadan başlayır. Əvvəlcə ideya yaranır, sonra dilə gəlir, ayaq tutub yeriyir, nəticədə maddiləşir. Siz insanlara ideya verin və o ideya inqilab yaratsın! Qafqazın çiçəklənməsi indi xəyaldır, amma həmişə əzizlənəcək və dilə gətiriləcək ideyadır. Gürcü nümayəndənin dilindən səslənən çağırış bu idi. Onlar həm də konkret ideyalardan danışırdılar. Əlbəttə, mən bizim ekspertlərin sözləri ilə də filmi bitirə bilərdim, həll yenə də düzgün olacaqdı, amma təsir gücü, mənası, ötürmək istədiyim mesajın məzmunu, əhəmiyyəti olmayacaqdı. Mən sağlam tənqidə açıq olsam da, filmimlə bağlı öz mövqeyimdə, fikrimdə əlbəttə ki, net halda haqlı olaraq qalıram.

- Rusiya -Ukrayna müharibəsinə münasibətiniz necədir? Sizcə, bu müharibənin bizə nə kimi təsiri olacaq?  

- Müharibə olacaqsa, olacaq. Tarixə baxın, müharibə həmişə ağır vəziyyətlərdən çıxış yolu sayılıb. Bütün müharibələrdə tərəflərin hər birinin öz həqiqəti olur. Həqiqət isə ölçüsü olmayan anlayışdır. Lakin nə qədər ölçüsüz olsa da, bu müharibə Ukrayna-Rusiya müharibəsi deyil, Rusiyanın Ukraynaya açdığı müharibədir, ədalətsiz müharibədir. Bizim Qarabağ kimi yaramız olub və hələ də tam bitməyib. Bütün bu ağrıları bizə Rusiya yaşadıb. Mən "Rusiyanın da maraqları var və maraqlarını təmin etmək hüququ var" fikrini qətiyyətlə rədd edirəm. Rusiya həqiqətən də böyük, cazibəli, güclü dövlətə çevrilmək istəyirsə, başqa yollar axtarsın, seçim çoxdur. Tarix isə hansı seçimin daha düzgün və faydalı olduğunu təcrübədə çox göstərib. Ukrayna əlbəttə ki, dirçələcək, tarixdə bir neçə də dəfə ağır faciələrlə üzləşib. II Cahan savaşında isə tamamilə yerlə-yeksan olmuşdu, milyonlarla insanı döyüşlərdə ölmüş, faşist düşərgələrində qaz kameralarından keçmişdir. Və bütün hallarda yoxdan yenidən var olmuşdur. Sanki bəxti üzünə gülən ölkədir. Lap tamam yerlə-yeksan olsa belə, yenə də dirçələcək, bu dəfə tamam başqa cür. Rusiyanın isə gələcəyini düşünməyə vaxtı tükənir. 

O ki, qaldı bu müharibənin Azərbaycana təsirinə, qiymətlərdə artım ola bilər, bahalaşma davam edə bilər, çünki demək olar ki, hər şeyi Rusiyadan gətiririk. Bizim ticarət əlaqələrimizə ziyan dəyəcək, bank sisteminə sanksiyalar tətbiq edilirsə orda satdığımız malların və ya məhsulların pulunu almaq çətinləşə bilər. Rusiyadan da mal almaq çətin olacaq, çünki limit qoyulacaq. Siyasi təsirə gəldikdə isə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində ölkəsinin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə dair maraqlı açıqlama verib, bildirib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Bu mövqe Qarabağla bağlı açıq qalmış yekun problemlərin həllində Türkiyənin Rusiya ilə sanksiyalar əvəzinə Qafqaz regionunda razılaşmalar əldə etmək imkanlarının olması kimi ehtimallar doğurur. Sabahı təbii ki, zaman göstərəcək.  

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31