Həqiqətin bir üzü var
3 Mart 2022 10:00 MüsahibəMədət Məmmədov - "Yaxşını görməmək, yaxud ləkələmək düşmən dəyirmanına su tökməkdir"
Müsahibimiz "İqtidar.az" İnformasiya Agentliyinin baş direktoru Mədət Məmmədovdur.
-Mədət müəllim, Bakı Dövlət Universitetinin jurnalist məzunu kimi 40 ilə yaxındır ki, mərkəzi media sistemində məsul vəzifələrdə çalışırsınız. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə Mətbuat və İnformasiya Nazirliyində Kütləvi İnformasiya Vasitələri Baş İdarəsinin rəisi olmusunuz. 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən ölkədə azad medianin durumu ilə bağlı yeganə müzakirəsiz qəbul edilən sənədlər toplusu sizin rəhbərliyinizlə hazırlanıb. Necə deyərlər, jurnalistikamızın yaxın dünəninin və bügününün hər üzünə bələdsiniz. Azərbaycan mediasında 20 il əvvəlki dövrlə müqayisədə hansı dəyişikliklər baş verib? Bunlardan hansılar o zaman hədəf kimi qarşıya qoyulmuşdu?
-Əvvəla, onu deyim ki, müstəqillik illərində Azərbaycan mediasının baş hədəfi ölkədə azad, demokratik jurnalistikanın bərqərar edilməsi olmuş bu ümummilli önəm daşıyan vəzifə mərhələ-mərhələ gerçəkləşdirilib. Müxtəlif səbəblərdən bu o qədər də asan olmadı. Yeni şəraitdə medianın maddi-texniki bazasının təzələnməsi, maliyyə təminatının formalaşması, jurnalistlərin zəruri peşəkarlığının yüksəldilməsi kimi qarşıya çıxan maneə və çətinliklər dövlətin fəal dəstək layihələri ilə davamlı olaraq aradan qaldırılıb. Ötən illərdə azad, demokratik medianın hüquqi tənzimləmə mexanizmi də daim təkmilləşdirilib. 1999-cu ildə qəbul olunmuş "Kütləvi informasiya vasitələri haqqında " Qanuna sonrakı illərdə 79 əlavə və dəyişiklik edilsə də, onun çağdaş dünya və ölkə tələbləri baxımından əsallı yenilənməsi tələb olunurdu.
Çağdaş dünyada medianın texnoloji bazasının sürətlə müasirləşməsi, internetin geniş yayılması dünya mediasında olduğu kimi, Azərbaycan jurnalistikasında da yeni dövrün tələblərinin təxirəsalınmadan cavablandırılmasını tələb edirdi. Elektron medianın əhatə dairəsinin genişlənməsi, "sosial media" deyilən şəbəkənin yaratdığı problemlərin aradan qaldırılması, bütövlükdə, ölkənin media potensialının yeni dövrün tələblərinə uyğunlaşdırılması bu sahədə əsaslı islahat aparılması ilə nəticələnib. Ölkəmizdə qısa müddətdə bu zəruri yeniləşməni təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi haqqında" 12 yanvar 2021-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsinin yaradılması və media haqqında yeni qanunun hazırlanıb qəbul edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib məsələlərdir. Ölkə rəhbərliyinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
Bunlarla yanaşı, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır. Beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ciddi ehtiyac duyulur.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, qeyd edilən fərmana əsasən yaradılmış Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin qarşısında media islahatlarının uğurla davam etdirilməsi kimi önəmli bir məsələ dayanır. Bu fərmanın müddəalarının sürətlə gerçəkləşdirilməsi üçün dövlət media siyasətinin müasirləşdirilməsini və çevikləşdirilməsini, bu sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edən bir sıra layihələr hazırlanmış və həyata vəsiqə almaqdadır.
"Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun hazırlanması və qəbul edilməsi milli jurnalistikanın müstəqil, sərbəst fəaliyyəti üçün yenilənmiş mühitə geniş qapı açdı. Bununla, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin ahəngdar həyata keçirilməsi üçün yeni hüdudlar və imkanlar açılmışdır. Tezliklə gerçəkləşdiriləcək yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq.
O ki qaldı 20-25 il əvvəlki- mənim o vaxtkı Mətbuat və İnformasiya Nazirliyində Kütləvi İnformasiya Vasitələri baş idarəsinə rəhbərlik etdiyim dövrdəki jurnalistika ilə indiki medianın durumu arasında fərqlərə, bu geniş bir açıqlamanın mövzusudur. Qısaca olaraq deyim ki, bəli, ötən dövrdə mediamızda zamanın inkişaf tələbləri ilə şərtlənmiş, eləcə də subyektiv amillərdən qaynaqlanmış bir sıra keyfiyyət və kəmiyyət dəyişikləri baş vermiş, təbii fərqlər yaranmışdır.
Bu dövrdə "sosial media" deyilən fəaliyyət daha sürətlə inkişaf edib cəmiyyətin geniş dairələrini əhatə etmişdir. Lakin, dünya praktikasında olduğu kimi, ölkəmizdə də bu kommunukativ vasitə məhdud tələbatları cavablandırdığından, obyektiv icimai rəyi hədəfə almadığından və sosial məsuliyyət daşımadığından onu ciddi media subyekti saymaq mümkün deyil və haqlı olaraq, yeni qanunda bu fəaliyyət öz əksini tapmamışdır.
20-25 il əvvəl həqiqətə əsaslanmayan məlumatı verən jurnalist daha böyük məsuliyyət daşıyırdı. Bu gün isə, sanki, çoxları yaydığı sözə görə cavab vermək istəmir, adını da qoyur söz azadlığı. Söz azadlığı həqiqəti demək və yaymaq azadlığıdır. Ağlına gələni, gözünə görünəni, könlü istəyəni isə demək və yaymaq, üstəlik, buna görə cavab verməmək isə, sadəcə, söz azadlığı kimi ictimai dəyərə açıq-aşkar qəsd etməkdir.
Azərbaycanda ümummilli lider Heydər Əliyevin tarixi fərmanı ilə 1998-ci ilin 6 avqustunda mətbuat üzərindən senzura götürüləndə mənim mətbuatda bir neçə çıxışım olmuşdu. O zaman mən dönə-dönə qeyd etmişdim ki, senzuranın ləğvindən sonrakı dövrdə həqiqəti və ictimai maraqları qorumaq məsuliyyəti jurnalistin üzərinə düşür. Jurnalist fakta əsaslanmalıdır, fakt jurnalistikanın vicdanıdır. İndi təəssüflər olsun ki, heç bir məsuliyyət hiss etmədən, heç bir fakta əsaslanmadan nə gəldi yazmaq hallarına nə qədər desən rast gəlmək olur. Bu, çox böyük ictimai məsuliyyətsizlik deməkdir. Burada söz azadlığına qəsd edənər və bayağılaşdırılmış söz azadlığından zərbə alanlar var. Əsl söz azadlığı isə heç kəsi təhdid etmir.
O vaxt hər hansı media subyektində hansısa faktın araşdırılmadan verilməsi nadir hadisə olurdu. Senzuranın ləğvindən sonra isə, sanki, bir sıra məsuliyyətsiz yazarlara meydan açıldı, nəticəsi isə məhkəmə çəkişməsi serialları oldu. Bu məhkəmələrdə deyilən sözün doğru-yalanlığının araşdırılması məsuliyyət məsələsini söz azadlığının qarantı aktuallaşdırdı. Bundan mediada fakta söykənməmək kimi neqativ proses xeyli zəifləsə də, təəssüf ki, bizim günlərədək davam edir. Odur ki, həqiqəti əks etdirməyən media çıxışlarında kiminsə maraq və hüquqları pozulur, hətta şəxsi həyata qədər müdaxilə olunur. Bu da insanlara əzab gətirir, ziyan vurur. Buna söz azadlığı demək olarmı? Bunları deməklə mən senzuralı dövrə haqq qazandırmaq fikrində deyləm. Senzura söz azadlığına buxov idi və tarixin arxivinə atıldı. Həqiqəti qorumaq baxımından onun yerini qanunların tələbi, ictimai əxlaq kodeksi və jurnalistin vicdan adlı senzurası tutmalıdır.
Əvvəlki dövrdə qeyri-peşəkarların mediaya gəlməsi də nadir hadisə olardı. İndi isə jurnalistikadan doğru-dürüst anlayışı olmayanlar mediada at oynadırlar. Nə olsun ki, söz azadlığı hamıya söz demək hüququ verib. Deyin görək, həkim ixtisası və bacarığı olmayanı xəstəxanaya buraxarlarmı? Sağlamlıq da hamının hüququdur, amma fəaliyyət meydanı deyil. Əvvəllər, tutaq ki, qəzeti kim təsis edir, doğrudanmı, bunun jurnalistikaya aidiyyatı var və s. məsələlər ciddi nəzərə alınırdı. Belə hallar jurnalistikaya aid deyilsə həmin adamın jurnalistikaya yolu bağlanırdı.
İnformasiya ciddi məsələdir, möhtərəm Prezident İlham Əliyev çox gözəl qeyd edir ki, biz informasiya müharibəsi aparırıq. Yəni, bizim əhatəmizdə olan düşmənlə mübarizəmiz informasiya cəbhəsində başlayıb, orada da bitir. Biz bu həqiqəti unutmamalı, informasiya yayımında ayıq və dəqiq olmalıyıq. Qərəzliliyə yol vermək, şəxsi mənafeyini hər şeydən üstün tutmaq olmaz. Çox təəssüflər olsun ki, bugünki jurnalistikada bu tələblər birmənalı qarşılanmır. Əvvəllər tələb. qayda birmənalı şqəbul olunurdu. Bu gün isə jurnalistikaya dəxli olmayan birisi heç nədən çəkinmədən kimi gəldi şantaj edir, qorxudur, zərbə altında qoyur. Belələri öz mənafeyinə və hansısa bir zümrəyə xidmət edir və yaxud da onu kimsə maliyyələşdirib belə fəaliyyətə yönləndirir.
Dövlətə, cəmiyyətə doğru məlumat qədər fayda, yalan, qərəzli informasiya qədər ziyan gətirən fəaliyyət yoxdur. Xeyir odur ki, deyilən söz dəqiqdirsə hamı ondan faydalanır, jurnalist öz peşəsində yüksəlir. Yalan isə mənəvi zəhər kimi sarsıdıcı, öldürücüdür.
Çağdaş dünyada informasiya müharibəsini heç bir silah əvəz etmir. Əgər o silah düşmənə qarşı çevrilirsə bundan qazanırıq, özümüzə yönəlibsə bu faciə törədir. Təəssüflər olsun ki, qeyri-peşəkarlıq və ictimai marağı deyil, kiməsə xidmət jurnalistikanın inkişafına ciddi zərbə vurur. Bilirsiniz, biz müharibə aparmışıq, qalib gəlmişik. Ən vacibi nə idi? Cənab prezident özü informasiya müharibəsinə rəhbərlik edirdi. Ona görə də biz qalib gəldik- təkcə işğalçı ermənilərlə yox, dünya mafiyası ilə vuruşub, qalib gəldik. Məni bir mütəxəssis, uzun müddət bu sahə ilə məşğul olan bir insan kimi medianın özümüzə qarşı yönəlməsi halları ciddi narahat edir.
Biz bu mətbuatı çətinliklə yaratmışıq. Təsəvvür edin ki, Azərbaycan Avropa Şurasına qəbul ediləndə söz azadlığının durumu əsas tələblərdən bri idi. Biz onda bütün arqumentləri elə təqdim etdik ki, bizə qarşı heç kimin iradı olmadı, tələblərin media bəndi müzakirəsiz qəbul edildi. İndi təəssüflər olsun, heç bir fakta əsaslanmadan bir adam yox, bütöv bir ölkə haqqında ağlına gələni yazanlar özlərini söz azadlığı mücahidi kimi qələmə verirlər. Dəfələrlə bu barədə qəzetlərdə çıxış etmişəm. Bu gün biz cənab Prezidentin ətrafında daha sıx birləşməliyik. Elə birləşməliyik ki, bizə bata bilməsinlər, biz tək qalmayaq. Görün, Azərbaycan rəhbəri Qoşulmama Hərəkatı ilə nə qədər ölkəni ətrafımızda birləşdirdi. Amma daxildən elə qüvvələr var ki, onlar hər ayağını başqa bir ayaqqabının içinə qoyurlar.
Bu gün jurnalistikanın qarşısında duran və şəxsən bizi narahat edən jurnalistlərin şəxsi maraqları milli maraqlardan üstün tutmalarıdır. Biz düşmənlərlə mübarizə aparmaq üçün birinci informasiya müharibəsində qalib gəlməliyik. İnformasiya yaxşı mənada idarə olunmalı, medianın fəaliyyəti hüquqi baxımdan tənzimlənməlidir. Senzuranın ləğvi ilə söz azadlığı prinsiplərinin bərqərar olması yönündə böyük addım atmışıq. Amma buna baxmayaraq, yenə də müəyyən hüquqi-mənəvi kriteriyalar olmalıdır.
Demokratik tənzimləmə olmadan söz azadlığının bayağılaşdırılması anarxiya yaradar. Media haqqında yeni qanunda nəzərdə tutulmuş Reyestrdən könüllü keçmə məsələsini söz azadlığının boğulması kimi qələmə verənlərin istəyi söz-informasiya cəbhəsində anarxiya yaratmaqdır. Biz jurnalistikada yalnız vicdanla xidmət edən insanları tanıyıb qəbul etməliyik. Müstəqillik şəraitində biz əvvəlki dövrlərdən daha ciddi olmalıyıq. Bu gün senzura yoxdur deyə "mən müstəqiləm" deyib, hər şeyi yazırlarsa və vətənə xidmət edən insanları ləkələməyə çalışırlarsa, belə hallar cəmiyyətin ümumi qınağı və təpkisi ilə yolverilməz olmalıdır.
-Müstəqillik dövründə, demokratik cəmiyyətdə jurnalistlərin problemlərinin həlli istiqamətində görülmüş işləri necə dəyərləndirirsiniz?
-Azərbaycan dövlətinin demokratik media siyasətində jurnalistikanın, eləcə də jurnalistlərin problemlərinin həllinə dəstək önəmli yer tutur. Jurnalistikaya müstəqillik dövründə, mən deyərdim ki, dövlətimiz böyük qayğı ilə yanaşıb. Ciddi media, əsl jurnalistlər dəyərləndirilir, sahənin maddi, mənəvi, sosial problemləri dövlət tərəfindən həll olunur. Amma təəssüflər olsun ki, bəziləri dövlətin bu xoşməramlı, medianın inkişafına yönəlik siyasətinə dəyər vermir. Yalnız ağı qara görməyə çalışırlar. Ağı qara görmək lazım deyil. Ağı ağ, qaranı qara görmək lazımdır. Yaxşını görməmək, yaxud ləkələmək düşmən dəyirmanına su tökməkdir. Bizi belə məsələlər çox narahat edir.
Məsələn, mənim and yerim insanlardır. Onlar daha çox vətəni sevirlər, vətən üçün yanırlar. Amma çox təəssüf ki, onlara qarşı da qərəzli yanaşanlar var. Dövlətimiz bu sahədə böyük siyasət aparır və eyni zamanda, bu gün gənclərimizə böyük önəm verir. Amma bunun da dəyərini çoxları verə bilmir. Ona görə verə bilmir ki, onlar ya savadsız, ya da bədxahdırlar, nəticə etibarilə bədbəxtdirlər. Bu gün başa düşmürlər ki, biz qazilərin qayğılarına qalmalıyıq, onların sosial problemlərini həll etməliyik. Jurnalistika belə mövzularla məşğul olmalıdır, onları dəyərləndirməlidir.
Eyni zamanda, jurnalistlərin özlərinin içərisində bir-birinə qarşı qərəzli mövqelər var. Bunları bir kənara qoymaq lazımdır. Əgər mən bu gün hansısa bir lideri bəyənmirəmsə, bu o demək deyil ki, dövlətin düşməniyəm. Ümummilli lider Heydər Əliyev mənim həyat idealım olub. Mən bu günə kimi dövlətdən heç bir rəsmi mükafat almamışam. Mənim cibimdə yalnız Yeni Azərbaycan Partiyasının vəsiqəsində Heydər Əliyevin imzası var. Heydər Əliyevi həyatım qədər sevirəm, nəsə ummamışam. O vətəni sevdiyi, dar gündə məhv olmaqdan qoruduğu kimi, siyasi varisi, ideya və əməllərinin davamçısı İlham Əliyev də ölkənin 30 il pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Yerə çırpılmış papağımızı götürüb başımıza qoydu. Biz onun ətrafında birləşməliyik.
Mən 40 ildir jurnalistikadayam. 2003-cü ildə prezident seçkilərinə qoşulmuşdum və həmin il Jurnalistlərin Həmrəyliyi Komitəsi İctimai Birliyini təsis etmişəm. Cənab İlham Əliyev hakimiyyətə gələn gündən onun apardığı siyasəti həmin İctimai Birliyin tribunasından müdafiə etmişəm. Məni bir amal düşündürürdü, əgər ölkədə düzgün seçim aparılmasa, güclü lider olmasa, Azərbaycan yeni fəlakətlərlə üzləşər. Müstəqil media bax bu bu amala xidmət etməlidir.
-Media haqqında yeni qanunda jurnalistikamıza hansı töhfələri görürsünüz?
-Bu qanunun qəbulunu çox yüksək qiymətləndirirəm. Media haqqında qanun sahənin müasir inkişaf tələblərinə cavab verməklə yanaşı, ölkəmizin plüralist informasiya mühitinin gücləndirilməsini hədəfləyib və milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Bütün ölkələrdə məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanda da media haqqında yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi hüquqi sənəd kimi xarakterizə olunur.
Yeni qanunda informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Azərbaycanın media məkanında hüquqi yenilik olan Media Reyestri isə bütün bu deyilənlərin ahəngdar surətdə gerçəkləşdirilməsinə əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Jurnalistlər könüllü əsasla həmin reyestrdə təmsil olunacaqlar.
Qanunun tətbiqi ilə jurnalistlər güzəştli ipotekadan yararlana biləcəklər. Bu üstünlük Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir. Azı 5 il peşəkar jurnalistika ilə məşğul olan və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.
İnanıram ki, yeni qanunun yaratdığı hüquqi platformada jurnalistikaya aid olmayan adamları cəmiyyət özü sıxışdırıb aradan çıxaracaq. Yeni hüquqi müstəvidə jurnalistikaya xidmət edənlər daha asan müəyyən olunacaq. Bu qanunu mən çox yüksək dəyərləndirirəm. Bu qanunu kim pisləyirsə, deməli, o qanuni fəaliyyətin əleyhinədir,özbaşınalıq tərədarıdır. Gələcək nəsillərə bu müstəqil dövləti daha inkişaf etmiş formada təqdim etməliyik. Bunun üçün isə hüquqi dövlət möhkəmləndirilməli, qanun şah olmalıdır.
Həqiqətin bir üzü var, yalanın min üzü. Gəlin həqiqətin bir üzü ilə yaşayaq, yalanın min üzü ilə yaşamayaq. Bu gün insanların arasında olan intriqaları artırmaq, görülən işləri görməmək bizi fəlakətə aparar. Bu gün böyük bir əziyyət ilə Qarabağ qurulur, insanların köçkün həyatı bitir. Bu qədər şeyləri görmək istəməyənlər var. Onda bunların bizim mübarizə apardığımız düşmənlərdən nə fərqi var? Amma bir adam düzgün danışan kimi ona qarşı mübarizəyə başlayırlar. Bütün bunlara görə də bir üzü olan həqiqəti deməyi bacaraq.
-Jurnalistikanın inkişaf edən bir sahəsi də internet mediasıdır. Sosial şəbəkələrdə müxtəlif peşələrə sahib olan, hətta heç bir sənəti olmayan insanların xəbər səhifələri açıb əsassız məlumatlar paylaşmasını necə dəyərləndirirsiniz?
-Buna münasibətim çox pisdir. Elə bizim ən ağrılı yerlərimizdən biri də budur. Ona görə ki, bu sosial şəbəkələrdə fəaliyyət göstərənlərin əksəriyyəti (hamısını demirəm), jurnalistikaya dəxli olmayan adamlardır. Çoxları öz mənafeyi üçün yaşayır. Kiminsə kiminləsə intriqası var, onu öz sosial şəbəkəsinə çıxardır. Bunların bir tənzimlənmə forması olmalıdır. Sosial şəbəkələr ciddi jurnalistikanı üstələməməlidir. İnformasiya sahəsi çox spesifik bir fəaliyyətdir. Ora təsadüfi adamların girməsi ölkəni gətirib uçuruma çıxara bilər. Yalançı məlumatlar, dövləti gözdən salmaq, yalnız qara tərəfi görmək və s. sosial mediada üstünlük təşkil edir.
Belələrinin çoxunun yeri-yurdu bilinmir, evində oturur, bir səhifə açır və ağlına gələni yazır. Lazım olsa evinin mətbəxindən belə yazır. Gətirib 5 manat verirlər, nə istəyirlər yazdırırlar. Ona görə də bu bizim jurnalistikaya, informasiya sahəsinə böyük bir ləkədir. Bununla barışmaq mümkün deyil, yollar seçilməlidir. Dediyim kimi, fakt jurnalistikanın vicdanıdır. Hər şey vicdan süzgəcindən keçməlidir.
-Bu gün mediada jurnalistlər arasında da bir müharibə gedir. Həmkarların bir-birinə təhqiredici ifadələr səsləndirməsinə münasibətiniz necədir?
-Ümumiyyətlə, nəinki sosial şəbəkələrdə, heç yerdə, şəxsi münasibətlərdə də bir-birinə qarayaxmaların, ləkələməyin tam əleyhinəyəm. Bu jurnalistika deyil, belə şeyin jurnalistikaya dəxli yoxdur. Bu şəxsi mənafe, kimisə ləkələmək, sıradan çıxarmaqdır. Bir də görürsən, yalançı qəhrəmanlar yaradırlar, qəhrəmanlar özləri qalır qıraqda. Vətən üçün yaşayan, birmənalı xidmət edənləri edirlər heç nə, onları isə bir yalançı qəhrəman kimi ortaya çıxarırlar.
-44 günlük Vətən müharibəsi ərəfəsində mediamızın fəaliyyətini necə qiymətləndirirsiniz?
-Mediamızın Vətən müharibəsi günlərində, ümumiyyətlə Qarabağ mövzusunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu mövzuda yazı yazdım: "Tarixlərin komandanı" - İlham Əliyev haqqında. Siz təsəvvür edin ki, İlham Əliyev Azərbaycan üçün əsl mənada qəhrəmanlıq simvoludur. O, tarix yazan bir sərkərdədir. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycanın, Azərbaycan övladlarının, xalqının hansı qəhrəmanlığa qadir olduğunu mətbuat çox obyektiv işıqlandırdı. Hamı Ali Baş Komandanın ətrafında birləşdi və biz dəmir yumruğa çevrilib qalib gəldik.
-Ölkə mediası hazırkı ictimai-siyasi durumu necə əks etdirir?
-Dünyada olduğu kimi, bizdə də ictimai-siyasi durum çox gərgin formadadır. Çünki biz müharibə aparmışıq, qalib gəlmişik və indi bizə hücumlar daha çoxdur. Yenə də deyirəm, informasiya hücumları, bizi gözü götürməyənlər və s. Bizim sosial durumumuz, ölkə müharibədən çıxsa belə, yenə inkişafdadır. Quruculuq var, inkişaf gedir, siyasi cəhətdən mübarizə həmişəki kimi davam edir. Müharibədən ziyan çəkmiş təbəqənin sosial təminatı daim yüksəlir. Artıq çox şeylərin dəyəri bilinir, ən əsası isə kimin ətrafında birləşib, necə mübarizə aparmaq lazım olduğu gün kimi aydındır. Bütün bunlar ciddi mediada parlaq əksini tapır.
Bu gün hamı ölkədə konkret iş görməlidir. Yaxşı haldır ki, bu tələbin qarşısında artıq hər adam siyasətə gələ bilmir. Əvvəl bilən də, bilməyən də, bacaran da, bacarmayan da siyasətlə məşğul olurdu. Bu gün yeni ideya və onun həlli yolu ilə meydana çıxmaq mümkündür. Artıq zaman öz seçimini edir. Həqiqətən, bir üzü olan insanlar mübarizənin içərisində olmalıdır və bu gün o proses gedir. İctimai-siyasi mühit daim durulur, mübarizənin yeni metodları ortaya çıxır və yeni inkişafa yol açır. Arzu edirəm ki, daha sürətlə inkişaf etsin.
-Yeni inkişaf mərhələsində mediamızdan gözləntilər nədən ibarətdir?
-Bu gün ölkəmiz kimi onun mediası da yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni qanunun qəbulu daha yüksək inkişafa təkan verəcək. Yeni mühit yaranmadan inkişafdan söhbət gedə bilməz. Artıq o inkişaf mühiti yaradılıb. Belə bir şəraitdə yenilənən mediamızdan gözləntilərimiz də böyükdür. Profesional jurnalistikamızın sağlam qüvvələrini qorumaq lazımdır. Mediada neqativ hallara qarşı barışmazlıq mühiti yaradılmalıdır. Cəmiyyətdə jurnalistikaya inam yüksəkdir. Bu inam və gözlənti milli jurnalistikamızın inkişafını stimullaşdıran başlıca ictimai amildir.
Röyalə Xəyal