Monteneqro ilə iqtisadi sahədə əlaqələrin inkişafı üçün zəruri hüquq baza mövcuddur- MÜSAHİBƏ-ÖZƏL

Seyran Mirzəzadə: "Ümid edirəm ki, iş adamlarımız gələcəkdə Monteneqronun sərmayə portfelində daha geniş təmsil olunacaqlar"

Bu gün dünyanın müxtəlif ölkələrində onlarla Azərbaycan cəmiyyətləri, təşkilatları fəaliyyət göstərir ki, məhz həmin təşkilat və cəmiyyətlərin uğurlu fəaliyyətləri, həyata keçirdikləri layihələr nəticəsində Azərbaycan mədəniyyəti, adət-ənənələri, eləcə də ölkəmizin həqiqətləri həmin dövlətlərin ictimaiyyətinə çatdırılır. Belə təşkilatlardan biri də yarandığı gündən indiyə qədər uğurlu fəaliyyət göstərən Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzidir. Mərkəzin sədri Seyran Mirzəzadə ilə söhbətimizdə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın təbliği istiqamətində gördüyü işlər və qarşıda duran vəzifələr barədə danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Seyran Mirzəzadə Azərbaycanla Monteneqro arasında mövcud olan iqtisadi və mədəni əlaqələrdən də söhbət açıb.

-Seyran müəllim, Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzi nə zamandan fəaliyyət göstərir və ötən müddət ərzində iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hansı layihələr, tədbirlər həyata keçirib?

-Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzi rəsmi olaraq 2011-ci ildə Monteneqronun Bar şəhərində qeydiyyata alınıb. Amma, 2016-cı ildən, ofis paytaxt Podqoritsaya keçirildikdən sonra aktiv fəaliyyət göstərir. Ötən illərdəki tədbirlərimiz bir-bir sadalansa çox vaxt aparar. Çox hissəsi ilə mərkəzin internet səhifəsindəki hesabatlardan və məlumatlardan tanış olmaq olar. Ümumi şəkildə desəm, Monteneqroda anın günləri, tariximizlə bağlı əlamətdar tarixlər, film nümayişləri, sərgilər, kitab tərcümələri və təqdimatları, biznes forumların təşkili, xalqımızın zənginliyini təbliğ etmək üçün mədəniyyət və incəsənət tədbirləri keçirilib. Ölkə və region mətbuatında yüzlərlə məqalələr yerləşdirilib.

-Etiraf etmək lazımdır ki, Monteneqro ilə iqtisadi əlaqələrimiz o qədər də yüksək səviyyədə, geniş deyil. Siz bir mərkəz olaraq bu məqsədlə nələri təklif edərdiniz və hansı addımların atılmasını zəruri sayırsınız?

-Əslində, reallıqdan çıxış edərək gözləntilərimizi yüksək tutmasaq, iqtisadi əlaqələrimiz qənaətbəxş səviyyədədir. Azərbaycan iş adamları Monteneqroda istədikləri sahədə sərmayə qoyuluşu üçün həmişə həvəsləndirilib və dəstəklənib. İki ölkə arasında iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, turizm sahəsində əməkdaşlıq, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, beynəlxalq kombinə edilmiş daşımalar haqqında sazişlər imzalanmışdır. Yəni, iqtisadi sahədə əlaqələrin inkişafı üçün zəruri müqavilə-hüquq baza mövcuddur. Biz mərkəz olaraq, qarşılıqlı şəkildə mövcud imkanlar və investisiya proqramları haqqında tərəfləri məlumatlandırırıq. İstəkləri olanlara da, dəstəyimizi əsirgəmirik. Monteneqro daha çox turizm potensialı ilə cəlbedicidir. Yay aylarında Bakıdan Monteneqroya birbaşa reyslər də həyata keçirilir. Ümid edirəm ki, iş adamlarımız gələcəkdə Monteneqronun sərmayə portfelində daha geniş təmsil olunacaqlar. Monteneqronun hal-hazırda Avropa İttifaqına ən real namizəd ölkə olması onun cəlbediciliyini artıran amillərdən biridir. Pandemiya ölkə iqtisadiyyatına ciddi zərbə vursa da, ölkə kiçik olduğu üçün toparlanmağa və bu vəziyyətdən çıxmağa qadir olduğunu göstərir. 

-Bəs, Monteneqronun iş adamları, sahibkarları ilə münasibətləriniz hansı səviyyədədir, onlarla görüşlər keçirib həmin iş adamlarını Azərbaycana investisiya yatırmağa təşviq edirsinizmi?

-Monteneqronun həm böyük, həm də orta və kiçik səviyyəli iş adamları ilə etibarlı və işgüzar əlaqərimiz mövcuddur. Bununla belə qeyd olunmalıdır ki, Monteneqronun istehsalat, ixrac potensialı zəifdir və başqa ölkələrdə heç, regionda belə investisiya qoyan ölkə kimi xarakterizə edilmir. Bununla belə, Azərbaycanın investisiya mühiti və iqtisadi imkanları haqqında məlumat verərək hərtərəfli təşviq edirik. Mərkəzimizin eyni zamanda AZPROMO-nun təmsilçilik statusu vardır. Həmçinin, mən həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqro, Serbiya, Bosniya və Herseqovinadakı nümayəndəsiyəm. Bu qurumlar da fəaliyyətimizi dəstəkləyir və onların imkanlarından faydalanmağa çalışırıq.   

-44 günlük Vətən müharibəsindən sonra əksər ölkələrin iş adamlarından Qarabağa investisiya yatırmaq, quruculuq işlərində iştirak etmək istəyini eşitdik. Bəs, monteneqrolu iş adamları necə, Qarabağda həyata keçiriləcək quruculuq işlərində iştiraka maraqlı görünürlərmi?

-Öncəki suala cavabımda artıq qeyd etdiyim kimi, investisiya qoymaq məqsədilə bu işlərdə maraqlı görünmürlər. Amma, prosesləri diqqətlə izləyirlər. Biz də tez-tez məqalə və müsahibələrlə onları məlumatlandırmağa çalışırıq. Bununla yanaşı, mərkəzimizə daxil olan müraciətləri də ətraflı cavablandırırıq. Bu yaxınlarda bir yerli şirkət minaların təmizlənməsi işlərində iştirak niyyətini bildirdi. Müraciəti hazırda baxılmaqdadır.

-Mərkəz olaraq Monteneqrodakı diplomatik nümayəndəliyimizlə əlaqələriniz hansı səviyyədədir? Keçirdiyiniz tədbirlərə səfirlik səviyyəsində dəstək verilirmi?

-Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi Serbiyadakı səfirliyimizə bağlıdır. Diplomatik nümayənədliyimizlə səmimi və işgüzar münasibətlərimiz vardır. Həmişə dəstəkçi olmağa çalışırlar. Biz də eyni zamanda bütün imkanlarımızla nümayəndəliyə dəstəyimizi əsirgəmirik. Sözsüz ki, bütün tədbirlərimizdə də yaxından iştirak edirlər. Eyni zamanda, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndirici kimi də, Diasporla iş Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik və Komitə fəaliyyətimizi dəstəkləyir.

-Monteneqroda təqribən nə qədər azərbaycanlı yaşayır və bu ölkədə yaşayan soydaşlarımız, buradakı diaspor təşkilatları ilə münasibətləriniz hansı səviyyədə tənzimlənir?

Belə bir suala bir dəfə cavabımda söyləmişdim ki, dəqiq sayını bilmirik. Şərhlərdə irad yazmışdılar ki, necə mərkəzdir ki, ölkədəki həmvətənlərinin sayını bilmir. Amma bunun obyektiv səbəbi var. Bir çox hallarda nə səfirlik, nə də diaspora təşkilatı ölkədəki vətəndaşlarının sayını bilmir. Xarici ölkəyə gedən vətəndaşlar dərhal gedib səfirlik və ya diaspor təşkilatına məlumat vermir ki, nə vaxt gəlib, niyə gəlib, nə işlə məşğul olacaq. Bir qayda olaraq vətəndaşların bir problem və çətinliyi olduqda bu qurumlara baş vururlar. Ona görə sayı bilməməyimiz qəbahət kimi sayılmamalıdır. Mənim bildiyim soydaşlarımızın sayı 30-50 nəfər olar. Amma, sözsüz ki, mövsümi işə görə bu rəqəmlər dəyişir. Eyni zamanda, Monteneqronun Diaspora qürumu və başqa ölkələrin dəyərlərimizə yaxın olan diaspor təşkilatları ilə işgüzar əlaqələrimiz mövcuddur.

-Yaxın gələcək, xüsusilə 2022-ci ildə iki ölkə arasında mədəni və iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün planlarınız, nəzərdə tutduğunuz tədbirlər nədən ibarətdir?

-İlk öncə iqtisadi əlaqələri pandemiyadan əvvəlki səviyyəyə qaytarmağa, yeni investiya layihələrinin gerçəkləşməsinə çalışacağıq. 2019-cu ildə hökumətlərarası iqtisadi komissiyanın Bakı şəhərində ikinci iclası, biznes forum keçirilmişdi. Burada iqtisadi əlaqələrin intesivləşdirilməsi məqsədilə qərarlar qəbul edilmişdi. Pandemiya onların gerçəkləşdirilməsini təxirə saldı. Ümid edirəm ki, bu məsələlər yenidən aktuallaşacaq. Eyni zamanda, Monteneqro siyasi transformasiya dövrü yaşayır. Hazırda, hökumət texniki mandatdadır. Parlamentin sədri yoxdur. Yaxın vaxtlarda yeni parlament sədrinin seçilməsi və yeni hökumətin təsdiq edilməsi gözlənilir. Əks halda növbədənkənar seçkilər olacaq. Siyasi mühit daha da stabilləşdikdən sonra əlaqələrimizdə yenidən canlanma olacağına inanıram.  

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31