"İctimai qınaq uşaqlara qarşı şiddət mövzusunda böyük rola sahibdir"- MÜSAHİBƏ
19 Yanvar 2022 14:46 MüsahibəUşaqlara qarşı şiddət hallarının artması birmənalı qarşılanmır. Sosial mediada böyük əks-səda doğuran bu problemlə hər birimizin üzləşməsi artıq reallığa çevrilib. Hər birimizin övladı, bacısı, qardaşı bağçaya, məktəbə gedir. Valideynlər bu hallar baş verdikdən sonra övladlarını ürək rahatlığı ilə tədris mərkəzlərinə göndərə bilmədiklərini etiraf edirlər. Bəs sosial media olmasaydı necə? Bu problemlər gün üzünə çıxacaqdımı?
Problemlə bağlı suallarımıza cavab tapmaq üçün, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə həmsöhbət olduq:

-Kəmalə xanım, son dövrlərdə uşaqlara qarşı zorakılıq halları artıbmı, yoxsa media problemi daha çox işıqlandırmağa başlayıb?
-Uşaqlara qarşı zorakılıq hallarının artmasından daha çox bu məlumatların irəliyə çıxması artıb. Bu da düşünürəm ki, bizim fəallığımızdan, bizim cəmiyyət, bizi izləyən insanlar tərəfindən aktivliyimiz və onların bizə daha çox etibarından irəli gəlir. Əlbəttə ki, bu hallar var və düşünürəm ki, bir hadisə belə üzə çıxırsa, bu artıq o deməkdir ki, üzə çıxanın arxasında üzə çıxmayanlar da yetərincədir. Elə bu məktəbəqədər təhsil müəssisəsində baş verən hadisə əslində bir qapazın altında hər gün qapazlanan uşaqların ehtimalı faktoru ortaya çıxdı. Düşünürəm ki, biz sosial şəbəkələr üzərindən bizi izləyənlər, görənlər, bizim məsləhətlərimizlə fəaliyyətlərini formalaşdıranlar getdikcə çoxalır. Biz əlbəttə ki, bununla bağlı o səbəbdən sosial mediadan çox istifadə edirik, sosial media üzərindən daha çox məlumatlandırırıq ki, insanlar bu gün daha çox o məlumatları - həm müsbət, həm neqativ məlumatları sosial şəbəkə üzərindən alsınlar.
-Sığınacaqdan öncə zorakılığa məruz qalan uşaqların, sığınacaqdaki uşaqlarla münasibətində problemlər yaranırmı?
-Onsuz da hər bir etapda zorakılığa məruz qalan uşaqlar zorakılıq qurbanı kimi sığınacağa daxil olur. Amma sığınacaqda digər uşaqlarla münasibətlərdə problemin yaranmaması üçün əlbəttə onlarla iş aparmaq lazımdır. Ümumiyyətlə yeni gələn uşağın adaptasiya dövrü bir həftədir. O bir həftə ərzində uşağın davranışlarına fikir veriləcək və orada artıq uzun müddət reabilitasiya keçən uşaqlar onunla rəftarında nümayiş etdirirlər ki, artıq biz reabilitasiya keçmişik. Yeni gələn uşaqlara çox tolerant yanaşırlar ki, burada söhbət 10 yaşdan yuxarı uşaqlardan gedir. 10 yaşa qədər uşaqlara "yeni bacın gəldi", "yeni qardaşın gəldi", "siz dostsunuz" deyirik. Bu arada hər hansı ciddi problem yaratmır. Problemlər daha çox yeni daxil olan uşağın güvəni olmadığı üçün yaranır, təbii ki, ilk həftədə. Daha sonra artıq uyğunlaşma gedir. Burada yenə də uşağa münasibət, uşağın adaptasiya dövrü çox vacibdir, "mənə burada pislik etməyəcəklərmi" sualı daim onun ağlında olur. Bu da aradan qaldırıldıqdan sonra heç bir problem olmur.
-Şiddət hallarının artmasında qanunda olan çatışmazlıqların rolu varmı?
-Əlbəttə var. Artıq düşünürəm ki, istər Ailə Məcəlləsinin, istər Uşaq Hüquqları haqqında qanunlarda müəyyən dəyişikliklər olmalıdır. Fikrimcə, bununla bağlı Milli Məclisdə Ailə, Qadın, Uşaq problemləri üzrə komissiyada qanun layihəsini müzakirəyə çıxarıblar. Yəqin ki, bu maddələr də nəzərdə tutulub və erkən nikahlarla bağlı da orada bildiyim qədərilə müəyyən məqamlara toxunulub.
-İndiyə qədər sığınacaqdan qaçmaq istəyən uşaq olubmu və niyə?
-Əlbəttə, davranış pozuntusu olan uşaqların arasında olub. Vaxtının çox hissəsini küçədə keçirən uşaq qapalı bir yerə düşdükdə necə olmalıdır? Dəfələrlə olub. Hardasa, 14 illik təcrübəm ərzində 5-6 qaçma faktı olub və uşaqlar aşkarlanıb, onlara izah olunub. Təkrar qaçış isə 2 dəfə olub. Onlar da artıq 15-16 yaşlarına daxil olan uşaqlar olub. Onların davranışları artıq elə həddə formalaşıb ki, onlar sığınacaqda reabilitasiya keçmək etapına uyğun gəlməyiblər.
-Sizcə, ictimai qınağın bu problemə təsiri necədir?
-İctimai qınağın bu problemlərə müsbət tərəfi də var, mənfi tərəfi də var. İctimai qınaq dedikdə, biz artıq hansısa bir problemi ortaya qoyuruqsa, bununla bağlı sosial şəbəkələr üzərindən paylaşımlar edirik. Paylaşımların hamısı heç də müsbət tərəfə aparmır, bunun mənfi tərəfləri də var. Biz şiddəti də əslində bu paylaşımlarla təbliğ edirik. Amma bunu bizə bir seçim buraxılmadığı halda etməyə məcburuq. Məsələn, dünən görəndə ki, qətl edilmiş qadının üzləşdirmə prosesi, istintaq hərəkətləri getdiyi zaman, hadisənin cinayətkar tərəfindən necə törədilməsi, necə törədildiyinin video görüntüləri yayılıb, buna öz qınağımı bildirdim ki, bunu etmək olmaz. Çünki, sosial şəbəkələrdə heç də hamısı ağlı üzərində olan insanlar deyil. Onlar arasında psixi pozuntusu, hətta ruhi, əsəb xəstəsi olanlar da var və onlar bunu görür. Bir növ biz təbliğ edirik ki, bunu belə edərsiniz. Təsəvvür edirsiniz, bunu izləyənlər, bu ağılda olanlar, bunu etmək istəyən, bundan həzz alacaq insanlar da ola bilər.
İctimai qınağın müsbət təsiri deyərdim ki, dövlət qurumları artıq bu məlumatların sosial şəbəkələrə sızmaması istiqamətində daha ciddi addımlar atacaqlar.
Təəssüflər olsun ki, şiddət sadəcə yaşanan zaman diliminə təsir etmir. Şiddətin təsir gücü həyatımızın sonuna qədər bizi izləyir. Travma olaraq qalır. Şiddətin psixologiyaya vurduğu zərərlər həddən artıq çoxdur. Şiddət gələcəyə necə təsir göstərir?
Suallarımızı psixoloq Fidan Nəzirova cavblandırdı:

-Şiddətə məruz qalmaq uşağın gələcəyinə necə təsir göstərir?
-Şiddətə məruz qalan uşaqlarda ən birinci qorxular və fobialar yaranmağa başlayır. Uşaqların özgüvəni, özünə inamı, özünü təsdiqləmə bacarığı aşağı düşür. Bu kimi uşaqlar gələcəkdə özünü təsdiqləyə bilmir. Bu, məsələn, ali təhsil müəssisələrə qəbul imtahanı verəndə də stressin artmasına təsir göstərə bilir, ailədə özünü təsdiq etmə bacarıqları formalaşır və yaxud gələcək peşə seçimində, həyati bacarıqlarında bütün özgüvənləri aşağı düşməyə başlayır. Birinci növbədə uşağın gələcəyinə bu yöndə təsir göstərir. Daha sonra, uşaqlarda bir neçə psixoloji problemlər - tiklər, obsessiv-komplusiv pozuntular və s. yaranmağa başlayır.
-Sizcə, bağça,məktəb və.s yerlərdə uşaqları şiddətlə tərbiyələndirmək doğru sayıla bilərmi?
-Bağça, məktəb və ya digər müəssisələrdə, məsələn, tədris mərkəzlərində uşaqları şiddətlə tərbiyələndirmək əlbəttə ki, doğru deyil. Mütəxəssis uşaqlara doğru yanaşmalıdır. Şiddət göstərməklə, uşaqları özlərinə tabe etmək əvəzinə, uşaqlara qayğı ilə yanaşanda, daha çox uşaqlar o qayğını gördükcə, normal davranmağa başlayırlar. Hazırkı dövrdə davranış pozuntularının yaranmasının ən aşırı səbəblərindən biri də elə ailədə baş verən şiddətlərdən irəli gəlir. Məsələn, valideynin aşırı qışqırıqları uşaqlarda əks olunur. Bir müddət sonra valideynləri kimi qışqırmağa başlayır, zaman-zaman valideynlərinə bənzəyirlər. Elə davranış pozuntusu olan uşaqların çoxunda bu müşahidə olunur. Yaxud, bağçada olan şiddətləri təqlid etməyə başlayırlar. Bunun terapiyası zamanı onu müşahidə etmək olur ki, uşaqlar oyun oynadıqda, məsələn, qız uşağı gəlincik oyunu oynayırsa, onları bir-birinə çırparaq oynayır. Oğlan uşaqları maşınlarla oynayırsa, onları bir-birinə çırparaq oynayır. Bu da şüuraltında uşaqda baş vermiş psixoloji dəyişikliklərlə bağlı olur ki, məsələn, bağçada, müxtəlif yerlərdə aşırı şiddət gördüklərinə görə oyunlarına köçürməyə başlayırlar. Uşaqlar mütləq gördüklərini təqlid edirlər daha çox.
-Çətin tərbiyə olunan uşaqlara qarşı şiddət halı istisna edilə bilərmi?
-Çətin tərbiyə olunan uşaqları da müxtəlif oyunlarla ələ almaq mümkündür. Yəni, elə bir çətin tərbiyə olunan uşaq yoxdur ki, ona oyun tətbiq edəsən, müvəffəqiyyət qazanmayasan. Mütləq onları oyuna cəlb etmək lazımdır. Valideynlər başara bilmirsə, mütləq psixoloqa, mütəxəssisə üz tutmalıdırlar ki, bu kimi psixoloji problemlər aradan qalxsın.
-Sosial media və ictimai qınaq bu mövzuda necə rol oynayır ?
-Sosial medianın təbii ki, bu mövzuda rolu böyükdür. Çünki, psixoloji maarifləndirmələr getdikcə, ailələrdə, insanlar arasında düşüncə tərzləri dəyişilir. Bu dəyişdikcə, valideynlər də uşaqlarına necə davranmaq lazım olduğunu öyrənməyə başlayırlar. Məsələn, mən bu yaxınlarda bir videoçarx paylaşmışdım, orada, aşırı bağıran, qışqıran, uşağına şiddətlə yanaşan valideynlərə STOP komandasını öyrətmişdim ki, bunu edərək siz özünüzdə uşaqlara qarşı yanaşmanızı dəyişə bilərsiniz. Öz ilkin əsəbi hallarımızı kontrol altına alaraq, uşaqlara yardımçı olmalıyıq. Yəni, hər dəfə aşırı bağırmaları uşaq özünə təqlid kimi götür və zaman-zaman valideynə bənzəməyə çalışır.
Əfsanə Kamal