"Dava edən ailələrdə böyüyən uşaqlarda həyata və insanlara qarşı güvənsizlik formalaşır"
13 Yanvar 2022 11:27 MüsahibəBoşanmaların sayının artması bir çoxlarımızı sadəcə "mental" baxımdan təsirləndirir. Milli-mənəvi dəyər olan ailə anlayışının yavaş-yavaş aradan qalxmasının müxtəlif səbəbləri var. Səbəblər fərqli olsa da, nəticələr dəyişməz olaraq qalır. Hər bir boşanma da sadəcə iki nəfərə yox, bütöv bir topluma təsir göstərir.
Ana-atası yollarını ayıran azyaşlılar çox zaman bullinqə, önyarğıya məruz qalır.
Azyaşlını bu mərhələyə necə hazırlamaq olar ?. Mövzu ilə bağlı psixoloq Şəbnəm İslamlı ilə həmsöhbət olduq.
-Şəbnəm xanım, şiddətə, anlaşılmazlıqlara "uşaqlara görə dözüb oturmaq", uşaqların psixoloji sağlamlığını hədəf alırmı? Yoxsa valideynlərin boşanması daha böyük travmadır azyaşlı üçün ?
-Ata və ananın yanında olmaq uşaq üçün ən güvənli yerdir. Dava edən ailələrdə böyüyən uşaqlarda isə həyata və insanlara qarşı güvənsizlik formalaşır, çünki uşağın həyatının erkən dönəmlərində ən önəmli fiqurlar olan ata və ana uşağa güvən hissini verə bilmir. Uşağın güvənli yer olaraq bildiyi evin əslində qorxu və təşviş yaradan bir yer olduğunu görərək böyüməsi uşaqda bir çox psixoloji narahatlıqlara zəmin hazırlayır. Ata və ananın davasına şahid olan uşaqların güvən hissi zədələndiyi üçün gələcəkdə uşaq şəxsi münasibətlərində uğursuz ola bilir. Elə düşünülə bilər ki, ər və arvadın valideyn olaraq uşaqla yaratdığı münasibət ən önəmlisidir, lakin bununla yanaşı uşaq üzərində öz təsirini göstərən digər vacib məqam da ər və arvad arasındakı münasibətdir, çünki uşaq valideynlərini izləyib təqlid edərək öyrənir. Həmin bu rol modellərin bir-birinə olan aqressiyasını görərək böyüyən uşağın sevgi və güvən hissi mübahisə, dava-dalaş anlayışları ilə qarışır. Zehində bir-birilə əlaqələndirdikləri bu anlayışlar yeniyetməlik, yetkinlik yaşında da öz təsirini göstərir, bu təsir yalnız romantik münasibətlərində deyil, şəxsiyyətlərarası münasibətlərindən də yan keçmir. Dəyər verdiyi və həyatı öyrənməyində ona rəhbərlik etməli olan iki insan öz aralarında anlaşa bilmirlər. Ata və ana öz aralarında anlaşmazlıq yaşayırlar və bunu həll etmək üçün dava edirlər. Belə bir mühitdə böyüyən uşaq problemlərin dava yolu ilə həll olunacağına inana bilir. Bütün durumlarda belə olur mu? Xeyr, bəzi insanlar mübahisə yaradan situasiyalarda hədsiz narahat olurlar, çünki ata və anasını uşaqlıqda həmişə dava edən görür və bu durumlarda sakitcə küncə sıxılıb qalır, belə uşaqlar özlərinə söz verirlər ki, "böyüdüyüm zaman mən belə şeylər yaşamayacam, belə insan olmayacam", ona görə də haqqını tələb etməli olduğu durumlarda da sakit qalır, yaxud partnyoruna onun üzərində dominantlıq etməsinə icazə verir, həmçinin də bu kimi durumlarda uşaq davaya şahid olduğu zaman kədər və ya aqressiyasını göstərməmək üçün emosiyalarını sərbəst buraxa bilmir, davamlı şəkildə bunu yaşayan fərd yetkin yaşlarında psixosomatik narahatlıqlar yaşaya bilir. Ata və anasının davalarına şahid olan uşaqlarda depressiya, təşviş pozuntuları, intihar halları, şəxsiyyətlərarası münasibətlərdə problemlər, evlilik problemləri, şiddətə meyillilik, narkotik maddə asılılığı, cinayət hallarının görünmə riski çoxdur.
-Valideynlərin ayrılığa qərar verməsi azyaşlının yaş aralığına görə onda fərqli travmalar yaradırmı?
-Boşanmanın uşaqlara təsiri bəzi durumlarda müxtəlif cür ola bilir. Bura daxildir: uşağın yaşı, cinsiyyəti, davanın şiddəti, bacı və qardaşın olub-olmaması, digər ailə üzvlərilə olan münasibət, sosial mühit və s.
0-1,5 yaş aralığı uşaqlar boşanmanı, ətrafda olanları anlaya bilmirlər, sadəcə olaraq ananın stressli olması, uşağa baxa bilməməsi, öyrəşdiyi valideynin yanında olmaması uşaqda gərginlik, stress yarada bilir. Ağlama, narahatlıq arta bilir, bunlar inkişafa təsir edir, vaxtında iməkləmək, oturmaq, əşyaya tərəf əlini uzatmaq və s gecikə bilir. Ona görə də onların gündəlik rutinlərini dəyişmək olmaz.
1,5-3 yaş qrupuna daxil olan uşaqlar analarından ayrılıqda bir fərd olduqlarını anlamağa doğru inkişaf edirlər, lakin boşanmanı tam olaraq anlaya bilməməklə yanaşı onun həyatında valideynlərdən birinin aktiv olmadığını hiss edə bilirlər.
3-6 yaş baş verənlərdə özlərini günahkar hiss edə bilirlər, "yaxşı bir uşaq olmadığına görə" valideynlərdən biri yanında deyil, aqressiv olurlar, oyuncaqlara həddindən artıq istək duya bilirlər, yuxu problemi, alt islatma yaşaya bilirlər. Xəyal və gerçək arasındakı sərhəd onlar üçün bulanıqdır, zaman, səbəb-nəticə arasındakı əlaqə onlar üçün qarışıqdır, ona görə də boşanmada özlərini günahkar hiss edə bilirlər, "pis uşaq olduğuma görə ata evə gəlmir". Yaxud da o biri valideyn də qısa müddətə harasa gedibsə, uşaq artıq onun da gəlməyəcəyini düşünə bilər. Dünyanı, ətrafı kəşf etmək əvəzinə valideynə yapışıb qala bilər. Hər şeyi kontrol altında saxlamağa meyilli ola bilərlər, bu əslində boşanmanın yaratdığı xaos içərisində özünə güvənlik hissi yaratmaq təşəbbüsüdür.
Boşanmadan ən çox əziyyət çəkən yaş qrupu 6-7 yaşlı uşaqlardır.
Onlar sosiallaşmaqda çətinlik çəkirlər, dərsə maraqları az olur, maddi əşyalara qarşı aşırı maraq duyurlar (oyuncaq, bəzək əşyaları və.s), yuxu və qidalanmada sıxıntılar, tapşırıqlardan boyun qaçırma, yoldaşları ilə yola gedə bilməmə, barmaq əmmə, altını islatma kimi hallar görünə bilir.
Bu yaş aralığında uşaqlar sadə və konkret açıqlamalara ehtiyac duyurlar. Valideynlərdən hansının evdən gedəcəyi, ona kimin baxacağı, gedən valideyni hansı tezlikdə görə biləcəyi uşaqla danışılmalıdır, hətta bu danışıqlara bir dəfə deyil, bir neçə dəfə ehtiyac duyula bilər.
Uşağın rutinlərini, adət olunmuş şeyləri mümkün qədər sabit saxlamağa çalışmaq lazımdır. Qısa müddətdə böyük dəyişikliklər uşağı çaşqın hala sala bilər.
Uşağı dayəyə, nənəyə, babaya baxmaq üçün verdiyiniz zaman geri dönəcəyinizlə bağlı güvən hissi verin, bununla bağlı verdiyiniz sözü tutacağınıza əmin olun ki, uşaq stress içində sizi gözləməsin.
7-9 yaş aralığındakı uşaqlarda İtkini qəbul etmək, bu durumla barışmaq çətin olur, ailə və dostlarından uzaqlaşma, bacı-qardaşına görə aşırı təşviş duyma, inadkar davranışlar, gücsüzlük, günahkarlıq kimi hisslər, valideynlərin ona olan sevgisinin azalacağı kimi düşüncələr də görünə bilir. Yaşadıqları bu qorxu valideynlərinin səbrini test etmək, onlara qarşı aqressiya duymaq kimi özünü göstərə bilir. Dərslərə diqqətləri azaldığı üçün akademik sahədə sıxıntı yaşaya bilirlər. Uşaqlar boşanmadan əziyyət çəkən valideynə psixoloji dəstək göstərməyə çalışırlar və bu durum onlara böyük yük olur.
Uşağın nə hiss etməsindən asılı olmayaraq ona hisslərini ifadə etməsinə, sıxışdırmamasına imkan yaradılmalıdır, bu zaman sadəcə olaraq uşağı dinləmək lazımdır.
9-12 yaşında uşaq daha çox sərbəstləşir, artıq dostluqlara önəm verməyə başlayır və boşanmanın onların sosial mühitinə necə təsir edəcəyilə bağlı təşviş duyur.
Boşanmanı ata-ana arasında qalmış kimi hiss edir.
Boşanmağa meyilli olan tərəfə onun həyatını məhv etdiyi ilə bağlı düşüncələr formalaşdırıb aqressiya duyur.
Özünü başqalarının da onların ailə durumları ilə bağlı məlumatları olduğuna görə başqalarının yanında alçalmış hiss edə bilir.
Oğlanlar qızlardan daha çox problem yaşaya bilirlər, bunlar daha çox məktəbdə dərslərə, yoldaşları ilə yola gedə bilməməyə səbəb olur.
Qızlar isə valideynləri məmnun etmək üçün aşırı, özlərini incidəcək qədər fədakarlıq göstərə bilirlər.
Bu durumda valideyn özünə yaxşı baxaraq uşağa nümunə ola bilər, yəni uşaq valideynin fikrini çəkməsin, dolğun insan olduğunuzu ona hiss etdirin.
Valideyn uşağın hisslərini, düşüncələrini bölüşməsinə imkan yaratmalıdır.
Qarşı tərəf haqqında neqativ fikirlər söyləyib uşaqda məyusluq, aqressiya yaratmaqdan qaçmaq lazımdır.
13-18 yaş aralığındakı uşaqlara həyatın gerçəkləri qəbul etmək onlar üçün çətin olur, həyatla bağlı təcrübələri az olduğuna görə belə şeylərin onlarla baş verə bilməyəcəyini, yalnız başqalarının başına gələcəyini düşünürlər.
Evdəkilərə kömək məqsədilə öz xəyallarında, fələcəklə bağlı planlarından imtina edə bilirlər. Evdən ayrılıb başqa yerlərə oxumağa getmək çətin olur onlara. Valideynlərdən birinə və ya hər ikisinə qarşı aqressiv, küskün ola bilirlər.
Cinsi istəkdə çoxalma ola bilir.
Aqressiyada da çoxalma
Narkotik maddə istifadəsi, məktəb dərslərində uğursuzluq, yoldaşları ilə dava, qanun pozuntusu və s
Ona dostca davranmaqla yanaşı daha çox valideynlik hissləri ilə yanaşmaq uyğun olan davranışdır, çünki dostları çox ola bilər, onun ehtiyacı olan valudeunləridir, onların sevgisidir.
Qoyulan sərhədlərdə qərarlı olmaq lazımdlr
Valideynlərinə görə planlarından vaz keçməməsi üçün cəsarıtləndirib həyatda sağlam şəkildə irəliləyə bilməsinə dəstək olmaq lazımdır.
Əgər digər valideyni ilə daha çox vaxt keçirmək istəyirsə, bunu şəxsi qəbul etməyin, yaş dövründən asılı olaraq həmcins valideyni ilə daha çox bir yerdə olmağı tərcih edə bilər.
Evdən ayrılan valideyn müntəzəm şəkildə telefon danışıqları, birlikdə əyləncəli fəaliyyət növü edə bilərlər, beləliklə uşaqla valideyn aktiv şəkildə ünsiyyət saxlaya bilər.
-Boşanan cütlük azyaşlının yanında aralarındaki münasibəti necə tənzimləməlidir ?
-Valideynlər ər və arvad kimi ayrılsalar da valideyn olaraq uşaq üçün həmişə mövcud olacaqlarını davranışlarıyla göstərməlidir, həmçinin uşağa olan sevginin dəyişmədiyini də uşaq bu şəkildə anlamış olur.
Uşağın qarşısında digər valideyni alçaldan, onu günahlandıran düşüncələr söyləmək olmaz, unutmaq lazım deyil ki, qarşı tərəfə tutduğunuz silah övladınıza da zərər verə bilər.
Uşağa ayrılıb gedən valideyni ilə vaxt keçirməsini istədiyinizi və ayrılıb gedən valideynin də onu çox istədiyini söyləyin, bunu sizin dilinizdən eşitmək onu rahatladacaq.
Uşağa təkrar barışacağınızla bağlı ümidlər verməyin, boşa çıxdığı zaman həyata və sizə küskün olacaq. Məsələn, hara getmək, nəyi almaq və s. kimi şeyəri bir-birilə məsləhətləşib uşağın yanında heç nə olmayıbmış kimi davranmaq lazım deyil.
Uşaqda valideynə yadlaşma baş verə bilər, səbəbi də qəzəbli valideyn ilə incinmiş uşağın birləşərək digər valideynə öz qəzəblərini göstərməsidir. Məsələn, ananın ( atayla yaşayırsa atanın ana haqqındakı neqativ fikirləri) ata haqqında daima neqativ fikirlər bildirməsi uşaqda da ataya qarşı aqressiya yarada bilər, erkən yaşlarından bu aqressiyanı dadaraq böyüyən uşaq atanın timsalında həyata, digər insanlara qarşı aqressiv, küskün ola bilir.
Valideynləri tərəfindən sevildiyini, güvənlikdə olduğunu uşaq daha çox duymaq istəyir, bu hissi ona vermək lazımdır. Hissləri haqqında danışa bilməsi üçün ona imkan yaradılmalıdır, ən uyğun vaxt ona kitab oxuyarkən, oyun oynayarkən danışmasına təşviq etmək olar.
-Ananın yanında qalmaq istəyən azyaşlı (və ya əksinə) hüquqi mərhələlərdən sonra ataya verilməsi doğrudurmu? Və belə olan halda onlara necə təsir edə bilər?
-Qanunvericiliyə əsasən maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
7-10 yaşından kiçik uşaqlar ananın övladını böyütməsi üçün hər hansı bir fiziki, psixoloji məhdudiyyəti yoxdursa, uşağın ana ilə birlikdə böyüməsi onun psixoloji sağlamlığı üçün vacibdir. Çünki uşaq dünyaya göz açarkən anayla birlik halında özünü hiss edir, ana ilə sıx təmasda olaraq inkişaf edir, 3 yaşından sonra isə tədricən anadan ayrılır, bu prosesin müdaxilə olunaraq kəsilməsi uşaqda dərin kədər, aqressiya, müxtəlif cür narahatlıqlar yarada bilər. Bağça yaşı dövründə isə uşaq sosiallaşaraq başqa mühitin də olduğunu təcrübə edir. Əslində qanunla qəbul olunmuş 7-10 yaş aralığı qismən də olsa, uşağın öz fikirlərini bildirib, seçimləmlər etməsində müvafiqdir.
Əfsanə Kamal