"Nənə-baba nəvənin tərbiyə mərhələsində əksər hallarda sərhədləri müəyyən edə bilmirlər"

Uşaqların düzgün tərbiyəsi mövzusu hər zaman aktualdır. Texnologiyanın, sosiallaşmağın inkişaf edib, asanlaşdığı dövrümüzdə tərbiyə üsulları, azyaşlı ilə ünsiyyət qaydaları da dəyişir. Əsrlər keçsə də dəyişməyən tək şey nənə-babaların nəvələrinə qarşı olan həssaslığı olur. Onların bu sevgisi, azyaşlı ilə ünsiyyət qaydaları övladımızın tərbiyə mərhələsinə necə təsir göstərir ? 
Suallarımıza cavab tapmaq üçün klinik psixoloq, psixoterapevt Nuriyyə Quliyeva ilə həmsöhbət olduq.

-Nuriyyə xanım, Nənə- baba ilə eyni evdə böyümək azyaşlının tərbiyə mərhələsinə necə təsir göstərir?

-Ailədə nənə-babanın olmağı ailəyə xüsusilik qatır.  Çünki onların nəvələrinə verdiyi sevgi tamamilə fərqlidir. Ata-ana işləyirsə, evdə nənə və babanın qayğısı azyaşlıda sevgi təlabatını müəyyən dərəcədə qarşılamış olur. Bu ifadəm valideynlərdə rahatlıq yaratmasın.  Çünki ata-ana sevgisini heç nə əvəz edə bilməz. Valideynlər işləsələr belə, günün böyük hissəsini olmasa da ən azından övladlarına keyfiyyətli zaman ayırmalıdırlar. Nənə- babalar azyaşlılarla çox və əyləncəli zaman keçirir. Ancaq əksər hallarda nənə-babalar sərhəd müəyyən edə bilmirlər. Onlar nəvələrinin davranışlarında qüsur və yanlışları çox vaxt görməzdən gəlirlər. Halbuki hər şeyin bünövrəsi uşaqlıqdan atılır. Tərbiyənin də, təhsilin də, davranışın da , ünsiyyətin də...
Ona görə nənə-baba ilə böyüyən uşaqların davranışlarında müxtəlif  problemlərə rast gəlirik. Bu onların sevgisizliyindən yox əksinə həddən artıq böyük sevgidən, sərhəd və qaydaları bilməmələrindən irəli gəlir. Çox vaxt valideynlər uşağın ərköyünlüyündən, onların qərarlarına qarşı çıxmasından və.s şikayətlər edirlər. Ailə ilə bağlı məlumat toplayanda məlum olur ki, onların əksər hissəsi nənə-baba yanında böyüyən uşaqlardır. Nənə-baba  ana-atanın qoyduğu qaydaları heçə sayır, çox güzəştə gedirlər. "Eybi yoxdur, telefonu götür, ata gələndə deyərsən baxmamışam" kimi ifadələr hətta yalana öyrənməyə qədər gətirib çıxara bilir.  Bu onların saf niyyəti və sevgisindən irəli gəlir.  Ancaq düşünməlidirlər ki, bu kimi şeylər həmən uşaqda gələcəkdə daha böyük problemlər yarada bilir. Hər bir uşaq cəmiyyətin üzvüdür. Onlar bağçada, məktəbdə olan zaman evdə gördükləri rahatlığı görmədikdə onlar üçün çətin olacaq.

Doğru deyil ki, nənə-baba valideynlərin təyin etdiyi cəzanı aradan qaldırsın. Bunu kənarda valideynlərlə müzakirə etmək daha doğru olar. Uşaqda "Ana gəlib mənə əsəbiləşsə də, nənə icazə verməyəcək" fikri formalaşır. Hətta elə azyaşlı var ki, valideynlərinə nənə-baba ilə hədə-qorxu gəlir. Beləcə davranış problemlərinin təməlini qoymuş oluruq. 

-Nənə, baba ilə eyni evdə yaşayan azyaşlı onlardan hər hansı biri dünyasını dəyişdikdə travma ala bilərmi? Uşaq hansı yaş aralığında olduğu zaman ölümü ona açıqlamaq doğru sayılır?

-Əlbəttə itki, yaxının vəfat etməsi uşaqda da, böyükdə də travma yaradır. Xüsusən də azyaşlılar bundan daha çox təsirlənir. Üstəlik nənə-baba sevgisini yaşadığı müddətdə nəvəsinə ötürə bilibsə, itki uşaq üçün daha dəhşətli olur.  Əgər belə bir hal baş verirsə, ilk növbədə bunu qeyd etməliyəm ki, ona yalan danışmaq olmaz. "Uzağa gedib, gələcək", "Xəstəxanadadır" və.s. Belə olan halda valideyn gecikdirmədən bunu azyaşlıya açıqlamalıdır. Əks halda uşaqda valideynlərə qarşı inamsızlıq, aqressiya və.s yaranır. 
Hansı yaşda ölüm hadisəsi baş veribsə, uşaq o yaşda xəbərdar olmalıdır. Sadəcə azyaşlıya bunu açıqlama tərzimiz yaşına uyğun şəkildə aparılmalıdır. Azyaşlılarla adətən, oyun şəklində, şəkillərlə, orada da dəniz var, meşə var, oyuncaq var kimi uşağın sevdiyi şeyləri də danışaraq izah etmək lazımdır. Uşaq nigaran qalmamalıdır. Onlar bizi görür, eşidir. Onlar üçün darıxdığını de, onlar səni eşidəcək və.s 
Sadəcə müəyyən yaş qrupları var ki, onlarda ölümə qarşı rəğbət yarada bilərik. 9-10 yaşında intiharmeyilli uşaq düşünə bilər ki, mən də babanın yanına gedim. Ora qəşəngdi, rahatdı. Buna görə də diqqətli olmalıyıq. Valideyn bunları olduğu kimi götürüb övladına tətbiq etməməlidir. Ona özünəməxsus şəkildə  açıqlama verməlidir.
12-13 yaşından sonra yeniyetmələrə ölümü izah etmək daha rahatdır.  Onlar bunu daha rahat qəbul edə bilər. Ancaq 12 yaşın altında uşaqların yas mərasimlərinə aparılmağı doğru sayılmır. Orada onların yaxınları ağlayır, özlərinə vurur, emosional vəziyyətdə olurlar. Azyaşlı bunları görməməlidir. Azyaşlılar mücərrəd düşünməyi bacarmadıqları üçün onları məzarlığa da aparmaq doğru sayılmır. 12 yaşa qədər uşaqlar konkret yanaşma ilə baxırlar hadisələrə. Onlar üçün torpağın, daşın altında olan sevdikləri boğulur, üşüyür və.s 
13 yaşdan sonra artıq onlar torpağın altında sadəcə sevdiklərinin cisminin olduğunu anlamağa başlayırlar. 

-Valideynlər övladları ilə nənə-baba arasındaki münasibəti necə tənzimləməlidir ?

-Valideynlərin edə biləcəyi işlər çoxdur bu mövzuda. Bizə davranış pozuqluğu şikayəti ilə gələn valideynlərə hər zaman deyirik ki, heç bir uşaq aqressiya ilə doğulmur (istisna vəziyyətlər xaric).
Əgər davranış pozuqluğu varsa qaynağı təyin edirik.  Bu davranışın qaynağı ailədən nənə-baba da ola bilər, valideynlər də.
Əgər nənə-babanın davranışında uşağı doğru istiqamətə yönəltməyə maneə olacaq məqam varsa, bunlar danışılaraq həll olunmalıdır.
Uşağın sərhədləri olması gərəkdiyini, qaydaları bilməyinin vacibliyini vurğulamaq lazımdır.  Müəyyən çərçivə daxilində qaydalara məktəbdə də, cəmiyyətdə olduğu kimi ailədə də riayət etmək lazımdır.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31