Gələcəyimizi birlikdə düşünək,  maddə asılılığına “yox” deyək!

Müsahibimiz "Sirdaş psixologiya mərkəzi"-nin  psixoloq- konsultantı Aytac Zeynalovadır.

-Aytac xanım, psixoaktiv maddə nədir?  Əsasən kimlər bu bəlanın qurbanı olurlar?

- Psixoaktiv maddə asılılığı orqanizmin funksiyalarına mənfi yöndə təsir etməsinə baxmayaraq, asılı şəxsin maddənin tərgidə bilməməsidir. Asılı şəxs maddə istifadəsinə ara verdiyi halda boşluqlara düşür. Asılı şəxslərin asılı olmasına bir çox səbəblər vardır. Bunlardan uşaqlıq travmalarını, natamam ailədə böyümələrini, şəxsdə özünü qiymətləndirmənin aşağı olması və.s kimi amilləri dəyərləndirə bilərik. Bu bəlanın ən çox qurbanları uşaqlar və gənclərdir desək daha doğru olar.

- Bəs  gənclərdə, ümumiyyətlə bundan istfadə edən bütün yaş kateqoriyalarında maddə asılılığı nədən yaranır?

­- Maddə asılılığı xroniki bir beyin xəstəliyidir, beyində mükafatlandırma sisteminin pozulması nəticəsində yaranır. Psixoaktiv maddə asılılığının səbəbi olaraq, son tədqiqatlarımız onu göstərir ki,  uşaqlıqda yaranan psixoloji, cinsi və fizioloji zorakılıqlar nəticəsində travmalar meydana gəlir. Maddə istifadəsi nəticəsində, Şəxsdə sosial, psixoloji, fizioloji  həyatında bir sıra dəyişikliklər baş verir ki, bu da şəxsin həm sosiallaşmasında, həm də fəaliyyətində ciddi problemlər yaradır.

-Psixoaktiv maddə aslılığı yaranan və bu səbəbdən müalicə olunan şəxslərin sağalma  ehtimalı nə qədərdir? Bu bəladan sağalan insanların narkomaniyaya təkrar dönüşü varmı?

- Narkotikdən əziyyət çəkən şəxslərin sağalma ehtimalı konkret olaraq, nəticə ilə sonlanmır. Biz individual olaraq onlara yanaşırıq. Xroniki bir beyin xəstəliyi olduğu üçün biz burada sağalma yox, saxlama anlayışından istifadə edirik. Maddə istifadəçilərinin istifadə etdiyi maddənin gücünə, təsirinə uyğun olaraq, beyində mükafatlandırma sisteminin pozulduğuna görə, şəxsin yenidən maddəyə qayıtması xarici və daxili tətikləyicilərin gücünə görə təkrar oluna bilər. Bu zaman biz şəxslə birlikdə ailə ilə də və onu yenidən maddəyə aparan faktorlarla və problemlərlə işləyir və aradan qaldırılmasına çalışırıq ki, şəxs maddəyə asanlıqla qayıtmasın.

-Aytac xanım, qeyd edək ki,  narkomaddələr arasında son vaxtlar eşitdiyimiz 2 ad var. Patı və Şüşə. Sizcə maddə satıcıları niyə daha çox bunlara üstünlük verirlər?

- Bəli son zamanlarda maddə satıcılarının ən çox satdıqları və yaxud insanların yönləndirdiyi maddələrin başında psixostimuliyatorlar qrupuna  aid olan metonfetamin, psixoaktiv maddəsi yer alır. Bu da tez bir zamanda asılılıq yaradır. Şəxsiyyət pozuntusuna gətirib çıxarır, əlçatanlığı asanlaşdırır. İnsanlar bunu daha tez əldə edə bilir. Ona görə də, maddə istifadəçilərinin bu maddəyə yönəlməsi daha asan olur və sadalanan faktorlardan asılı olur.

-Cəmiyyətimiz çox ciddi və fəlakətli bir bəla ilə üz-üzədir. Ailə məktəb və cəmiyyət olaraq nə etməliyik? Necə fəaliyyət göstərməliyik ki, bu uçurum daha da dərinləşməsin?

- Ümumiyyətlə narkotik vasitələr bir tələdir. Bu tələyə düşən insanın oradan çıxması da bir az çətin olur. Maddə asılılığı ilə mübarizə çoxşaxəli bir prosesdir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Valideynlər və övladlar arasında yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük bir rol oynayır. Valideynlərin övladlarını başa düşməsi, onları dəyərləndirməsi, qiymətləndirməsi, hər zaman yanında olmasını hiss etdirməsi, məktəb mühitində müəllimlərlə valideynlərin daimi ünsiyyət qurması, avtoritar nəzarətdən çox demokratik nəzarətə üstünlüyün verilməsi, şəxslərin maarifləndirici işlərə və yaxud aktiv işlərə daha çox yönləndirilməsi, şəxsin maddədən uzaqlaşdırılmasına çox köməklik göstərir. Yəni onları daha çox ailələrlə, müəllimlərlə biri-birinə bağlı bir mühitdə böyütmək lazımdır. Əslində övlad ilə valideynin daimi olaraq məktəb həyatı ilə maraqlanması və yaxud müəllimin  ailə həyatında uşaqla maraqlanması, eləcə də, gənclərimizlə bağlı, daha çox valideynin avtoritar rejimdə yox, ona xüsusi bir qayğı ilə yanaşması bu sahədə böyük rol oynayır.

   Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31