Ruhum o qədər sakit, o qədər rahatdır ki, torpaqlarımız qayıdıb...
25 Noyabr 2021 11:31 MüsahibəNəzakət Teymurova -İllər keçir, kiminsə yoxluğuna alışırsan. Amma torpaq yoxluğuna alışmaq olmur, o get-gedə insanı özünə çəkir. Sanki, o torpaq səni özünə çəkir ki, sən burda olmalısan, ilk dəfə gözünü burda açmısan, nəfəsini burda almısan. Bizim arzularımızın elə ən başlıcası torpaqlarımızın qayıtması idi
Müsahibimiz Azərbaycanın xalq artisti Nəzakət Teymurovadır. Sənətkar Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib. Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edən sənətçi, Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil etmişdir. 1995-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir., Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
- 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülmüsünüz. Həmçinin, Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatına laiq görülmüsünüz. İncəsənət sahəsində ziyadəsiylə əməyiniz var və tanınırsınız. Nəzakət xanım bu "ən gözəl səs"ə sahib olmasaydı, başqa hansı sahədə özünü bu qədər doğrulda bilərdi?
- Ümumiyyətlə, mən onu qeyd edim ki, ifaçı uşaq vaxtından özünü göstərməlidir. İfaçı sənətə gec gəlirsə, çox töhfə verə bilmir. Hər kəsin uşaqlıq vaxtından arzuları, xəyalları, meyl göstərdiyi sahələr olur. Mən də elə orta məktəbin ilk vaxtlarından oxumağa başlamışam, pioner evinə getmişəm, bundan əlavə, bütün tədbirlərdə iştirak etmişəm. Özünüz bilirsiniz ki, mən ağdamlıyam, Qarabağın hər ailəsində o səs var. Sadəcə onu düzgün istifadə etmək, sənətin arxasınca getmək lazımdır. Ona görə, mən də yaxşı ki, bu yolu getmişəm, illərim bu sənətdə keçib, özümü burda daha rahat hiss edirəm. Təbii ki, burda təhsil də önəmlidir. Mən Asəf Zeynallı adına kollec, Üzeyir Hacıbəyov adına akademiya oxumuşam, magistr pilləsinə qalxmışam. Bunların hamısı şərtdir, bir sistem şəklində getməlidir. Onu deyim ki, mən yenidən anadan olsaydım, yenə öz sənətimi seçərdim.
Mənim bir xarakterim var, əgər başqa bir sahəni seçsəydim, orda da uğurlu ola bilərdim. Çünki, öz sənətimi sevən bir insanam. Ona görə fərq etmir, başqa sahələrdə də uğur qazanardım.
- Pandemiya oldu, müharibə oldu, çox çətinliklərdən keçdik. Bu keşməkeşli həyata rəğmən sənətdə daim irəliləməyi bacarmısınız və deyirsiniz ki, başqa sahədə olsam, orda da uğur qazanardım. Bu uğurların arxasında nə dayanır?
- Mən risk etməyi sevən insanam, sənətim də riski sevir. Bir şey mən ona başlayana qədərdir. Ondan sonrasını Allah rəva bilməsə bacara bilmərəm. Mən bütün işlərimə başlamazdan əvvəl arzularımı, istəklərimi, xəyallarımı Allahla bölüşürəm. Həmişə deyirəm ki, Allahım, bu əgər xeyrlidirsə, bunu mənə qismət elə, xeyrli deyilsə, etmə.
İncəsənət adamları çox həssas olurlar. Xəstəliklər, pandemiya, müharibə hamıya çox pis təsir etdiyi kimi, bizə ikiqat təsir göstərdi. Biz hər şeyi hissiyyatla ifadə edən insanlarıq. Elə şeylər var ki, dərdini saxlayıb oxuya bilməzsən. Hər bir insanın iç dünyası var, hər şeyə laqeyd ola bilmir. Gərək insanın başı boş olsun ki, problemlərdən uzaqlaşıb ifa edə bilsin.. Çox rahat olmalısan ki, tamaşaçının zövqünü oxşayasan. Bu səbəblə biz ifaçılar üçün bu ərəfələrdə belə hallar çox çətindir.
- Bu gün muğam sahəsində müəyyən boşluqlar var. Muğama marağı olan gənclərin sayı xeyli azdır. Bunun səbəbini nədə görürsünüz?
- Tam olaraq deməzdim ki, muğama maraq yoxdur, var. Özüm Milli Konservatoriyada müəlliməm, 4 gün ixtisasımdan dərs keçirəm, əlavə də tələbələrimin istəkləri olur. Amma, elə bil bir az məsuliyyətsizlik var. Necə deyim, bizim illərimizdəki kimi uşaqlar qaynamır. Hər işin başında zəhmət dayanır. Elə bil zəhmət çəkməyə heyfslənirlər. Bilirsiniz, indiki dövr informasiya dövrüdür, məsələn, YouTube-da hər şey var. Amma bu qədər informasiyanın mövcudluğuna baxmayaraq, məsuliyyətli yanaşmırlar. Biz bir muğam haqqında öyrənmək üçün 2 saat radio dinləyirdik ki, bəlkə orda hansısa muğam səslənər. Bu günki dövrdə isə tələbələr, gənclər üçün hər şey var, amma zəhmət çəkmək istəmirlər. Nə bilim, əziyyət çəkənlər də var, amma sanki zəmanədən də asılıdır. Bilmirəm, bu mövzu haqqında fikrimi sözlərimlə ifadə edə bilmirəm...
- Mən sizin əksər ifalarınızı dinləmişəm, hamısı çox gözəldir. Düşünürəm ki, mənimlə bərabər digər dinləyicilərin də ən çox sevdiyi ifa "Qal Sənə Qurban" olub. Hər halda bunun səbəbi musiqini hiss edərək, içdən oxumağınızdır. Müsahibələrinizin birində "Həyatda özün yanmasan, o hissləri qarşındakına verə bilməzsən" demisiniz. Həyatınız boyu kiməsə "Qal Sənə Qurban" demisinizmi?
- Mən istər burda, istər xaricdə olsam da, içimdə hər zaman bir vətən, torpaq sevgisi, qubarı olub. Mənim gözümün qarşısında hər zaman vətənim olub. Sevgi təkcə bir insana qarşı olmur. Sevgilərin elə ən alisi, pik nöqtəsi vətənə olan sevgidir. İndi ruhum o qədər sakit, o qədər rahatdır ki, torpaqlarımız qayıdıb. Ondan içimdə qubar var idi. Sevgi ola da bilər, olmaya da bilər. Həyatda hər zaman sevgi deyilən şey olmur ki. Müəyyən zaman sonra o sevgi itir. Amma vətən sevgisini heç vaxt heç nə əvəz edə bilmir. Bilmirəm, fikrimi sizə çatdıra bildim, ya yox.
- Demək istəyirsiniz ki, belə içdən oxumağınızın səbəbi vətən həsrəti olub?
- Bəli...
- Orkestrdə bütün musiqi alətlərinin öz yeri var. Hər biri də oxuduğunuz bu möhtəşəm əsər üçün öz sözünü deyir. Bəs sizin qəlbinizin, ruhunuzun səsini hansı musiqi aləti daha yaxşı ifadə edir?
- Bir şey qeyd edim ki, "Qal Sənə Qurban" böyük bir layihədir. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə 3 konsert vermişəm. Mənim sənət dostlarım çox mükəmməl ifaçılardır. İlk dəfə idi ki, Azərbaycanda elə bir proyekt oldu. Mən bir şeyi dönə-dönə qeyd edirəm ki, Kamera Orkestri ilə indiyə qədər xalq mahnılarını, bəstəkar mahnılarını ifa etməyiblər. Məndən, proyektdən sonra bir çox ifaçılar ifa etdilər. Mən onu qeyd etmək istəyirəm ki, mənim sənət dostum, əməkdar artist, "Xarı bülbül"-ün rəhbəri Əliağa Sədiyev ilə birlikdə layihələr üzərində işləmişik. Ceyhun Allahverdiyev də bizimlə birlikdə olub. Yəni, bu tək bir nəfərin işi deyil. Bu çox böyük bir prosesdir, həm maddi, həm mənəvi cəhətdən əziyyət tələb edir. Bilirsiniz, hər kəs bu ifanı edə bilmir. Tar-kamança ilə ifa etməyə öyrəşmişik. Ayrıca. Hansı musiqi alətini sevdiyimi soruşursunuz. Təbii ki, mənim üçün tar da, balaban da, kamança da, digər musiqi alətləri də özünəməxsus yerə sahibdir. Elə yerlər var ki, tar ilə yox, balaban ilə, balaban ilə yox, kamança ilə çox gözəl ifa olunur, insanın ruhunu gözəlləşdirir. Ona görə mənim üçün hamısı əzizdir.
- Sevgi insanı gözəlləşdirir deyirlər. Hər zaman belə gözəl görünməyinizdə sevginin rolu var?
- Hər bir qadın özünə baxmağı bacarmalıdır. Mən tamaşaçıların, insanların qarşısına səliqəsiz çıxmağı xoşlamıram. Elə sənət insanları var ki, o şeylərə fikir vermirlər. Amma mən elə ola bilmirəm, özümə hər zaman baxan insanam. Bunu sevgi ilə əlaqələndirmək olmaz.
- Yaxın gələcəkdə sənətlə bağlı hər hansı bir planınız varmı?
- İnşAllah, koronavirus, karantin bitsin, gələcəkdə tələbələrimlə konsert vermək istəyirəm. Çox gözəl layihələrimiz var. İş görməyəndə həyatımın boşa getdiyini düşünürəm. Baxmayaraq ki, pedaqoji fəaliyyətim var, mən konsertlərimə üstünlük verirəm. Deyirəm, nə qədər ki, canımda can var, bu işləri həyata keçirim. Bəlkə zaman yetməyəcək onları etməyə?
- İllər öncə Qarabağ haqqında verilən suala "Qarabağsız qarabağlı kimi danışa bilmirəm" ifadəsini işlətmisiniz. Bu gün bir ağdamlı olaraq qarabağlı qarabağlısınız, artıq danışa bilərsiniz. Hansı hissləri keçirirsiniz?
- Çox gözəl hisslər keçirdirəm. İnanırsınız, elə vaxt olurdu ki, elə bil kimsə məni yuxularımdan oyadıb, "dur da, necə yatmısan?" deyirdi. İndi çox rahatam, öz doğma elimə də getmişəm. Cənab prezidentimizin Ağdamın təməlqoyma mərasimində də iştirak etmişəm. Bundan gözəl, bundan duyğulu heç nə ola bilməz. Arzularımızn çin olduğu günlər idi. Təsəvvür edin ki, valideyniniz zəhmətlə qazanır, ev-eşik düzəldir və bir anlıq görürsən ki, o yox olub. Bir dərddir bu. Elindən, obandan didərgin düşüb hər şeyi 0-dan başlayırsan. Ona görə, orda yaşanan anlar məcburi köçkünlər üçün çox çətin anlar idi. Baxmayaraq ki, bizim ailəmizin yarım hissəsi Bakıda idi. Amma biz toparlanana qədər yüz yerdən çatladıq. Elə şeylər var ki, o efir, danışıq üçün deyil, öz içində saxlayırsan onları. Bunlar bizim ailəmizdən də yan keçmədi. Ona görə, mən yenə də deyirəm, illər keçir, kiminsə yoxluğuna alışırsan. Amma torpaq yoxluğuna alışmaq olmur, o get-gedə insanı özünə çəkir. Sanki, o torpaq səni özünə çəkir ki, sən burda olmalısan, ilk dəfə gözünü burda açmısan, nəfəsini burda almısan. Bizim arzularımızın elə ən başlıcası torpaqlarımızın qayıtması idi.
- Ağdam işğaldan azad olunandan sonra ora getdiyinizi dediniz. İlk dəfə ayaq basanda gözünüzdə hansı xatirələr canlandı?
- Atalı, dərdsiz-qəmsiz günlərimiz... Bilirsiniz, ailə bütöv olanda bilmirsən problem, qayğı nədir. Qayğısız, saf, təmiz yaşayırsan. Xəyallarımızın, hər şeyin başladığı yerdir ora. Ona görə,o torpaq mənim üçün hər varlıqdan ucadır.
- Şəhərə gələn insanların əksəriyyəti zaman-zaman ləhcələrini dəyişdirməyə çalışırlar. Amma sizin ləhcəniz şirinliyini qoruyub saxlayır. Nə yaxşı dəyişdirmək üçün çalışmamısınız?
- Mən heç vaxt məcbur etməmişəm ki, ləhcəmi dəyişim. Bəli, ətrafımda da elə insanlar var, dəyişirlər. Amma mənim köküm Ağdamdandır, məni tanıyanlar bilir ki, mən hardan çıxmışam. Mənim övladım onu edə bilər, Bakıda doğulub. Mən özümü heç nəyə məcbur etmirəm. Mənə necə rahatdırsa, elə də edirəm. "Sənətkaram, ləhcəmi dəyişməliyəm" - sənətkarlıq mənim üçün səhnədədir. İnsanlar məni ifaları tanısın, orda qüsur olmasın. Amma ləhcəni məcbur dəyişə bilmərəm. "Gedəcəm", "gələcəm" bunlar mənim sözlərim deyil. Mən öz el-obama bağlı insanam.
- Komplekssiz insansınız yəni?
- Bu kompleksdən irəli gəlmir ki. Bu mənim ailəmin, doğulub, böyüdüyüm yerin ləhcəsidir. Bəlkə də mənə şirinlik gətirə bilər, bəlkə də kiminsə yanında kobud səslənə bilər. Amma mən heç vaxt öz ləhcəmdən utanmamışam.
- Kifayət qədər dinləyici kütləniz, sevənləriniz var. Onlara nə demək istəyirsiniz?
- Ürək sözüm odur ki, elə ifalar var ki, o biz deyilik. Ola bilər ki, müasir dünyada hamı populyar ola bilər. Amma hər şeyin kökü səhnəmizdən gəlir. Özümüzü nə qədər bayağı, avropalaşmış göstərsək də, biz azərbaycanlıyıq. Ola bilər geyimimiz müasirləşə bilər. Amma kökümüzdə nədirsə, odur. Muğam bizim ana laylamızdır. Muğamımızı, sənətimizi sevsinlər. Bilirsiniz, yabani ifaların bu gün tüğyan etdiyi bir dövrdə yaşayırıq. O ifaları dinləyənlər ana laylasını unutmasınlar. Biz azərbaycanlıyıq, öz keçmişimizi unutmamalıyıq. Nə qədər müasirləşsək də, öz adət-ənənələrimizə, musiqimizə hörmətlə yanaşmalıyıq. Çox təəssüflər olsun ki, Azərbaycan musiqisinə laqeydlik var. Əlbəttə, sevənlərimiz də var. Elə biz ona güvənib bu sənəti sevirik. Ümumiyyətlə, xalq mahnısını anlamaq üçün düşünən beyin lazımdır. O qədər fəlsəfi musiqidir ki, onu hər adam başa düşə bilmir. Görürsən ki, elə gənc var onu başa düşür, elə ifaçı var ki, zaman keçdikcə onu anlayır. Ona görə muğam hər insan üçün deyil. Gərək o qədər dərrakəli olsun ki, bu sənəti sevsin. Burda həm poeziya var, həm musiqi var, çox şey var. Mən həmişə sənətimizi bənzədirəm, necə ki, rəssam öncə çertyoj çəkir, sonra onu bəzəyir. Xanəndə, ifaçı da öz səsi ilə ifanı bəzəyir.
Bir də zona məsələsi var. Elə zonalar var aşıq sənətini sevir, eləsi var muğamı. Mən muğamımı da sevirəm, aşığımı da. Ona görə ki, bu bizim mədəniyyətimizdir.
Röyalə Xəyal