“Əgər müxalifət düşərgəsində vahid namizəd məsələsi gündəmə gəlməsə...” - MÜSAHİBƏ
Yusif Bağırzadə: “AMİP gələn ilin yanvar-fevral ayında qərar verəcək ki, partiya prezident seçkilərinə kiminlə gedir”
18 Dekabr 2012 14:59 Müsahibə"Azərbaycan müxalifəti 2013-cü ilin prezident seçkilərində nəyəsə nail ola bilər"
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin "OLAYLAR"-a müsahibəsi
-Yusif bəy, bu günlərdə Türkiyəyə səfəriniz çərçivəsində bu ölkənin siyasi partiyaları ilə iktərəfli görüşləriniz keçirildimi?
-Bu günlərdə İstanbulda Azərbaycan Milli İstiqlal Partiyasının, İsveçin Moderat Partiyasının, Jarl Hjalmarson Fondunun və Türkiyənin Liberal Düşüncə Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan: Regionda Güclü və Açıq Cəmiyyətlərin Təsisi" mövzusunda Beynəlxalq konfrans keçirildi. Konfransda AMİP olaraq biz də iştirak edirdik. Konfrans zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu, Azad Düşüncə Assosiasiyasının sədri Hicran Şahin, Strateji Düşüncə İnstitutunun demokratikləşmə məsələləri üzrə direktoru Murad Yılmaz və digər şəxslərlə görüşlərimiz oldu. Ancaq konfransdan kənar hansısa ikitərəfli görüşlərimiz olmadı. Çünki konfrans həftənin cümə günü İstanbulun Mərmərə otelində oldu. Növbəti günlər isə rəsmi iş günü olmadığı üçün Türkiyənin siyasi dairələri ilə hansısa ikitərəfli görüşlərimiz olmadı. Ancaq gələn il Azərbaycan Milli İstiqlal Partiyasının Türkiyənin siyasi elitası ilə böyük görüşləri nəzərdə tutulur. Bu sıraya həm hakim Ədalət və İnkişaf Partiyası, həm də müxalifət partiyaları daxil olacaq. Onu da qeyd edim ki, konfrans çərçivəsində Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu ilə AMİP və AKP arasında əməkdaşlığın davamlı olması barədə şifahi şəkildə razılıq əldə etdik.
-Bu günlərdə Güneylə bağlı fəaliyyət göstərən bir sıra siyasi partiya və ictimai təşkilatlar Güney Azərbaycanda referendum keçirilməsi təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki-Muna müraciət edib. Güney məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Milli İstiqlal Partiyası bunu necə dəyərləndirir və sizcə BMT məlum müraciətə müsbət cavab verəcəkmi?
-Əvvəla onu qeyd edim ki, bu günlərdə Güneydəki vəziyyətlə bağlı keçirilən konfransda da bu məsələnin hüquqi müstəvidə həll olunmasının məqbul olduğunu vurğuladım. O ki qaldı Güneydə referendum keçirilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki-Muna ünvanlanmış müraciətə, onun müsbət və ya mənfi həll olunması başlıca şərt deyil. Nə qədər ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatında qeyri-daimi üzv kimi fəaliyyət göstərir, həmin fəaliyyət çərçivəsində dövlət olaraq bu məsələlərə diqqət yetirməlidir. İkincisi, hesab edirəm ki, bu kimi müraciətlər tez-tez olmalıdır. Həmin konfransda təklif etdim ki, müəyyən bir sənəd hazırlansın və Güney Azərbaycanla əlaqədar olan təşkilatlar həmin sənədin altına imza atsınlar. Nəticə etibarilə Güney Azərbaycanla bağlı parçalanmış şəkildə fəaliyyət göstərən diasporlar, konqreslər və digər təşkilatlar Güney Azərbaycanın tanınması ilə əlaqədar olaraq vahid mövqedən çıxış etsinlər. Bunun üçünsə konkret proqram müəyyən edilsin. Məlumat üçün qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının 1949-cu ildə keçirilən birinci sessiyasında Güney Azərbaycandakı soydaşlarımızın tanınması ilə bağlı məsələ müzakirəyə çıxarılmışdı. Ondan sonra isə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 21 Azər Hərəkatı başladı və Pişəvərinin yaratmış olduğu dövlət faktiki olaraq bir il fəaliyyət göstərdi. Həmin ərəfədə Pişəvəri hökuməti Sovetlər Birliyi tərəfindən tanınmışdı. Sovetlər Birliyinin hüquqi varisləri Müstəqil Dövlətlər Birliyi və Rusiya Federasiyası olduğunu nəzərə alsaq hazırda bu istiqamətdə də fəaliyyət göstərmək lazımdır. Hətta o zaman Seyid Cəfər Pişəvərinin tapşırığı ilə nümayəndə heyəti Türkiyəyə səfər etmişdi və həmin səfər zamanı Güney Azərbaycanla Türkiyə arasında konfederasiya yaradılması barədə müzakirələr aparılmışdı. Biz Azərbaycan Milli İstiqlal Partiyası olaraq daim Güney Azərbaycan məsələsini diqqətdə saxlayır və Güneylə bağlı keçirilən bütün tədbirlərdə fəal iştirak edirik. Partiya olaraq ümid edirik ki, yaxın vaxtlarda Güney Azərbaycanla bağlı fəaliyyət göstərən bütün diasporlar, konqreslər bir araya gələrək birgə mübarizə barədə vahid sənəd ətrafında öz mövqelərini ortaya qoyacaqlar. Bu vahid sənəd də yalnız və yalnız Güney azərbaycanlıların hüquqlarının tanınması ilə əlaqədar olacaq. Burada bir nüansa da diqqət yetirmək lazımdır ki, Güney Azərbaycanda yaşayan azərbaycanlılar farslara nisbətən azlıqdadırlar. Bəzi siyasətçilər qeyd edirlər ki, orada yaşayan azərbaycanlılar say baxımından farslardan çoxdur. Hesab edirəm ki, bu düzgün mövqe deyil. Çünki dünyada çoxluqların hüququ tanınmır, yalnız azlıqların hüququ tanınır. Ona görə də biz Azərbaycan türkləri olaraq Güneydə azlıqdayıq və bu hüququn tanınması uğrunda həm hüquqi, həm də siyasi müstəvidə hərəkət etməliyik. Siyasi müstəvidə Güneydə mitinqlər, tələblər davamlı olmalı, hüquqi müstəvidə isə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlara müraciətlər ünvanlanmalıdır.
-Azərbaycan Milli İstiqlal Partiyasının prezident seçkiləri ilə bağlı rəsmi mövqeyi nə vaxt açıqlanacaq?
-Azərbaycan Milli İstiqlal Partiyası fəal şəkildə seçkilərə gedir. Biz partiya olaraq həmişə ölkədə keçirilən bütün seçkilərdə, həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərində iştirak etmişik. Əgər müxalifət düşərgəsində vahid namizəd, vahid ideya, vahid platforma, vahid komanda məsələsi gündəmə gəlməsə Azərbaycan Milli İstiqlal Partiyası gələn ilin yanvar-fevral ayında öz qurultayında bu barədə qərar verəcək ki, partiya prezident seçkilərinə kiminlə gedir.
-Yusif bəy, bir sıra partiyalar vahid namizəd, vahid komanda məsələsini məqbul saysa da, lakin Müsavat Partiyası bu ideyanı yaxına buraxmaq istəmir. Bir neçə gün əvvəl müxalifət liderlərinin "Asiman" restoranında bir araya gəlməsini də adıçəkilən partiya tənqid edib və bildirib ki, həmin görüşə toplanan partiyaların əksəriyyəti hakimiyyətin əlaltılarıdır. Müsavat Partiyasının bu mövqeyi barədə nə deyərdiniz?
-İstər beynəlxalq təşkilatlar, istərsə də siyasi düşərgələrdə təmsil olunan tanınmış siyasətçilər də Azərbaycanda müxalifətin qələbəsinin bir yolunun yalnız vahid ideya, vahid namizəd və vahid platformada görürlər. Yalnız bu yolla Azərbaycan müxalifəti 2013-cü il prezident seçkilərində nəyəsə nail ola bilər. Əgər Azərbaycan müxalifəti bir araya gələ bilsə 2013-cü ildə ya vahid komanda şəklində hakimiyyətə gələ bilər, ya da hakimiyyətin müəyyən islahatlar keçirməsinə nail olar. Bu islahatlar həm siyasi, həm iqtisadi, həm də hüquqi sahələrdə keçirilə bilər.
Süleyman İsmayılbəyli