Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir - Əhməd İsmayılov
11:12 SosialWUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılışı zamanı bildirib.
"COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq.
Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESCO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir", - deyə o, bildirib.