“KİV-də dövlət dili ilə bağlı durum o qədər də qənaətbəxş deyil” - MÜSAHİBƏ

Müsahibizim "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlüdür.  

- Bu il mayın 23-də dövlət başçısı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sizcə, bu sərəncam hansı zərurətdən doğub?

- Dünyada gedən qloballaşma prosesindən Azərbaycan da kənarda qala bilməz və qalmır da. Qloballaşma prosesinin mənfi və müsbət tərəfləri var. Müsbət tərəfləri qloballaşmanın informasiyalı cəmiyyəti də özüylə sürətlə gətirməsidir. Bu da bəşəriyyətin inkişafında yeni bir səhifə açır. Amma bunun eyni zamanda mənfi tərəfləri də var. Mənfi cəhət budur ki, əgər biz dövlət və cəmiyyət olaraq bu məsələdə hazırlıqlı olmasaq bizim milli varlığımız, milli kimliyimiz və dövlətçiliyimiz üçün fəsadlar ortaya çıxa bilər. Hesab edirəm ki, Dövlət Proqramı da məhz bu zərurətdən ortaya çıxıb. Mən bunu təqdir ediəm və zamanında atılmış addım kimi dəyərləndirirəm. Hesab edirəm ki, prezidentin bu sərəncamı tezliklə, dəqiq və dürüst bir şəkildə icra olunmalıdır ki, millətin əsasını təşkil edən dilimizin qorunmasında təhlükələrlə qarşılaşmayaq.

- Qloballaşma və texnologiyanın inkişafı ilə əlaqədar dilimizə yeni sözlər gəlir. Sizcə, bu sözlər əcnəbi dildə olduğu kimi işlədilməlidir, yoxsa milli sözlərlə mənalandırılmalıdır?

- Qloballaşma və texnologiyanın inkişafı qaçılmaz olduğu kimi onun nəticələri, o cümlədən bu nəticələrdən olan yeni sözlərin əmələ gəlməsi qaçılmaz haldır. Yuxarıda da qeyd etdiyim kimi sadəcə olaraq buna hazırlıqlı olmalıyıq. Hazırlıqlı olmaq o demək deyil ki, oturub onun gəlişini səbirsizliklə gözləyəsən. Mövzumuz məhz dillə bağlı olduğuna görə hesab edirəm ki, bu istiqamətdə hazırlıq aparmaq dilçilərimizin üzərinə düşür. Mən tərəfdarıyam ki, mümkün olduğu təqdirdə dilçilərimiz qloballaşmanın dilimizə gətirdiyi yabançı kəlmələrin milliləşdirilməsi üçün səylərini əsirgəməsinlər. Əlbəttə bəzən elə ifadələr var ki, onların ola bilər ki, milliləşdirilməsi mümkünsüz olsun, yaxud həddindən artıq çətin olsun. Amma mən hesab edirəm ki, bizim çox peşəkar dilçilərimiz var ki, bu məsuliyyətli və vacib işin öhdəsindən gələ bilərlər.

- KİV-də dövlət dilinin durumu necədir və hansı addmları zəruri sayırsınız bu sahədə?

- Məncə KİV-də dövlət dili ilə bağlı durum o qədər də qənaətbəxş deyil. Mən çox tənqid etmək istəməzdim, amma bu məsələdə jurnalistləri və redaktorları daha da diqqətli olmağa və imkan olarsa hətta deyərdim ki, mühafizəkar davranmağa səsləyirəm. Düzdür belə deyəndə və ya yazanda ortaya arqument qoyurlar ki, işlərin çoxluğundan, informasiyanın sürətli axınından buna kifayət qədər vaxt ayırmaq olmur. Mən bu arqumenti də doğru sayıram. Amma istənilən halda biz bu məsələdə gücümüz yetən qədər məsuliyyətli olmalıyıq. Əks təqdirdə sürətli informasiya axını və biznes maraqları dilimizi elə hala sala bilər ki, uzun illər onun ağrısını çəkə bilərik. Addımların atılmasında dövlət qurumlarını, yaxud rəsmi şəxslərin fəaliyyətini daha vacib sayıram. Doğrudur ictimaiyyət də buna dəstək verməlidir və mən şəxsən öz təşkilatımız adından buna hazır olduğumuzu söyləyirəm. Amma bu məsələdə ictimai qınaq da bir yerə qədərdir və bəzən elə məqamlarla qarşılaşırsan ki, orada inzibati davranışlara böyük ehtiyac olur. Həm də dilçi alimlərimizin birləşdiyi Komissiya müntəzəm olaraq təkliflər hazırlayıb təqdim etməli, onun həyata keçməsinə nəzarət işi düzgün təşkil edilməlidir. İctimai dəstək və qınaq da ki öz yerində...

- Azərbaycan türkcəsinin qorunması təşəbbüsləri ilə yanaşı digər bir prosesin - ortaq türk dili yaradılması prosesinin mərkəzindəyik. Bu iki prosesi necə uzlaşdırmaq, bir arada tutmaq lazımdır?

- Əslində Türk Birliyinin əsas mərhələlərindən olan Ortaq Türk Dili ilə bağlı məsələdə görürsən ki bu prosesi istəməyən şəxslər yalan informasiyalar yayaraq cəmiyyəti çaşdırmağa çalışırlar. Guya Ortaq Türk Dilinin formalaşması Azərbaycan Türkcəsini sıxışdırıb ortadan çıxaracaq və s. daha bu kimi cəfəng fikirlər... Bəyəm Azərbaycan ədəbi dilinin mövcudluğu Şəki ləhcəsini, Qazax ləhcəsini, Naxçıvan ləhcəsini və s. başqa ölkəmizdə olan ləhcələri sıxışdırıb çıxarır? Xeyr. Ortaq Türk Dili ilə bağlı məsələ də eynən çəkdiyim misala oxşayır. Sadəcə olaraq onun coğrafiyası daha genişdir və reallaşması çox böyük müsbət dəyişikliklərə gətirib çıxaracaq. Uzlaşmayacaq bir şey yoxdur burada. Azərbaycan ədəbi dili var və olacaq da. Ortaq Türk Dilinin formalaşması isə artıq reallaşmaqdadır. Mən bununla bağlı konkret olaraq fikrimi açıqlamaq istəmirəm, amma onun tezliklə reallaşacağı prosesi diqqətlə izləyən hər kəsə aydındır. Hazırda Türk Akademiyasında ortaq terminlər lüğəti hazırlanır ki, bu da prosesə təkan verən ən mühüm amillərdəndir. Televiziyaların, radio və internet saytlarının prosesə təbii yön verməsi də göz qabağındadır. Ortaq Türk Dilinin rellaşması ilə bağlı bir misal daha çəkərək fikrimi yekunlaşdırmaq və hər kəsdə fikir aydınlığı yaratmaq istəyirəm: Keçmiş SSRİ-də ortaq ünsiyyət dili rus dili idi. Halbuki orada yaşayan xalqların böyük əksəriyyəti üçün bu dil yabançı idi. Ancaq hamı onu öyrənirdi ki, sonra problemlərlə qarşılaşmasın və paralel olaraq öz dilini də saxlamağa çlışırdı. Məncə belə bir davranış Ortaq Türk Dili ilə bağlı da atılmalıdır. Amma bizim nəticələrimiz rus dili ilə bağlı nəticələrdən daha böyük və daha müsbət, daha tez olacaqdır.

Aydın

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət  Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində dərc olunur 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31