Avropa Parlamentinin mövqeyi nə dialoqa, nə də qarşılıqlı etimada xidmət edir-Deputat
12:04 Siyasət"Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamə və yanaşmalar ciddi hüquqi və qərəzli yanlışlıqlarla zəngin olur. Biz bu münasibəti sadəcə tənqid yox, eyni zamanda selektiv və qeyri-obyektiv yanaşma kimi qiymətləndirməyə məcburuq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib: "Azərbaycan müstəqil, suveren dövlətdir və öz daxili işlərini beynəlxalq hüquq çərçivəsində tənzimləmək hüququna malikdir. Lakin təəssüf ki, Avropa Parlamenti regionun reallıqlarını dərindən öyrənmədən, birtərəfli məlumatlara əsaslanaraq qərarlar qəbul edir. Bu isə nə dialoqa, nə də qarşılıqlı etimada xidmət edir.
Biz sual edirik: niyə eyni həssaslıq digər regionlarda baş verən daha ciddi pozuntulara münasibətdə göstərilmir? Niyə ikili standartlar tətbiq olunur? Bu yanaşma nə ədalətlidir, nə də Avropanın öz dəyərlərinə uyğundur.
Azərbaycan hər zaman konstruktiv əməkdaşlıq tərəfdarı olub. Biz Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi inkişaf sahələrində mühüm tərəfdaşıq. Xüsusilə son illərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu açıq şəkildə artıb. Belə bir tərəfdaşa qarşı bu cür yanaşma isə ən azı anlaşılmazdır.
Biz tənqiddən qaçmırıq. Əksinə, sağlam və əsaslandırılmış tənqid hər bir cəmiyyət üçün faydalıdır. Lakin bu tənqid obyektiv, balanslı və hörmət çərçivəsində olmalıdır. Təzyiq dili, siyasi sifariş təsiri bağışlayan qərarlar isə münasibətləri zədələyir.
Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır. Biz qarşıdurma yox, dialoq tərəfdarıyıq. Amma dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Bu baxımdan, Avropa Parlamentini daha məsuliyyətli, daha ədalətli və daha balanslı mövqe tutmağa çağırıram. Əks halda, bu cür yanaşmalar nə münasibətlərimizi inkişaf etdirəcək, nə də regionda sabitliyə töhfə verəcək".