Avropa İttifaqının natamamlıq kompleksinə çevrilən Avropa Parlamentidir-Özəl

"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, indi isə muzd qarşılığında və ailə podratı metodu ilə cinayət, o sıradan da Ermənistanda hakimiyyət çevrilişi planlaşdıran Luis Okamponun oğlu ilə danışıqlarının yayıldığı videoda Avropa Parlamentinin fəaliyyəti və iş prinsipi də öz əksini tapdığından, bəlkə də, o qurumun 30 aprel qətnaməsinə toxunmağa elə də ehtiyac duyulmur. Amma məsələ və paradoks da burasındadır ki, bu qətnamə Avropa İttifaqının Ermənistana göndərməyi planlaşdırdığı missiyanın guya qarşısını almalı olduqları narrativlərlə doludur. Və görürük ki, hazırda regionda məhz sülhü və sülh gündəliyini dəstəklədiyinə görə hədəfə çevrilən Ermənistan hakimiyyəti əleyhinə aparılan hibrid savaşın platformalarından biri də məhz Avropa Parlamentidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sahib Alıyev deyib: "Həmin Parlamentin sözügedən qətnaməsindəki ən azı 5 maddə göstərir ki, burada əsas məqsəd Ermənistanda demokratik yox, revanşist dayanıqlığı dəstəkləməkdir. Bəli, biz bilirik ki, oradakı solçu fraksiyalarda bizim regionda sülhü özünün burada təsir gücünün tam itirilməsi kimi qiymətləndirənlərə muzdla çalışanlar var. Amma məsələ burasındadır ki, daha bir neçə fraksiya, ilk növbədə də özəyini Fransa Prezidenti Makronun Renaissance Partiyasının təşkil etdiyi Renew Europe, yəni Yeniləşən Avropa da canfəşanlıq edənlər sırasındadır. Baxın, Fransa Prezidenti bir tərəfdən Rusiyanın Ermənistana qarşı apardığı hibrid savaşın önünü kəsəcək sərkərdə oyunu oynayır, digər tərəfdən isə hay diasporunun hibrid savaş aparmaqda suçlandırdıqlarının maraqlarını tam özündə əks etdirən forumunun Parisdə keçirilməsinə şərait yaradır.

Kim bilmir ki, Belçika və Niderland parlamentlərinin antisülh xarakterli son qətnamələrinin sifarişçilərindən biri də məhz Fransadır. Avropa İttifaqı doğrudan da bu regionda sülhdə və Cənubi Qafqazın subyektliyində maraqlıdırsa, onda yaxşı olmazmı ki, Ermənistana göndərməyi planlaşdırdığı mülki missiyaya elə yerində qalaraq oradakı platformalar üzərindən aparılan hibrid təhdidlərin qarşısının alınmasını tapşırsın. Bir daha vurğulayırıq ki, həmin platformalardan da biri Avropa İttifaqının natamamlıq kompleksi rəmzinə çevrilən Avropa Parlamentidir.

Yeri gəlmişkən, mən bu fikirdəyəm ki, guya Paşinyana dəstək adı altında Avropa İttifaqının Ermənistanda keçirməyi planlaşdırdığı sammit regionda bölücü xətlərin çəkilməsinə xidmət edir. Və elə həmin gün Gümrüyə - Rusiya hərbi bazasının yerləşdiyi şəhərə baş çəkməyi planlaşdıran Fransa Prezidentinin məqsədi Moskvaya "iki missiya ilə bizim də artıq burada mövcudluğumuzu nəzərə alaraq gəlin 1878-ci il Berlin konqresinin məntiqindən çıxış edərək Ermənistanı şərikli forposta çevirək" ismarıcını vermək üçündür. Son günlər rəhbərləri Azərbaycana səfər edən və etməyi planlaşdıran ölkələr də əslində göstərdilər ki, Avropa İttifaqında belə bölücü yanaşmanı milli maraqlarına təhdid kimi qiymətləndirir və dəstəkləmirlər.  

Mən regiona yanaşmada Berlin Konqresində "hay məsələsi"ni qaldıranların məntiqindən çıxış edərək siyasət yeridənləri qətiyyətlə pisləyirəm. Avropa Parlamenti ilə hər cür əlaqələrə son qoymağı təklif edirəm. Və Ermənistan hakimiyyətini də, o ölkənin iç işlərinə kobud müdaxilə edərək orada hakimiyyət çevrilişi planlaşdıran ata-oğul Okampoları beynəlxalq axtarışa verməyə çağırıram. Bu baxımdan onlar haqqında cinayət işi qaldırılan Samvel Karapetyandan çox da fərqlənmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31