Nizami Cəfərov: “Bizdən nurçu olmaz” – MÜSAHİBƏ

– Mən də müəyyən yazılar oxuyuram, eşidirəm. Amma bu məsələyə hələ bir neçə il öncə cavab vermişəm. İndi yenə də cavab verirəm. Mən, Fazil Mustafa, Qənirə Paşayeva və digər adları hallanan şəxslər barəsində deyə bilərəm ki, bizdən nurçu olmaz. Yəni, biz nəinki nurçu ola bilmərik, heç bizdən nurçu yaratmaq da mümkün deyil. Çünki bizim kifayət qədər səviyyəmiz, inandığımız ideyalar var. Biz yazı-pozu, düşüncə adamlarıyıq. Biz hansısa qəbul edə bilməyəcəyimiz düşüncə tərzinin, dini meyllərin arxasınca gedə bilmərik. Heç buna ehtiyacımız da yoxdur. Biz yüzlərlə məqalələr, onlarla kitablar yazmışıq. Kim olduğumuzu da məhz burada, elmdə, ideoloji mövqeyimizdə axtarsınlar.

Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin sədri Nizami Cəfərovun Publika.az-a müsahibəsi:

"Bizdən nurçu yaratmaq da mümkün deyil"

- Son vaxtlar Azərbaycanda nurçu məsələsi yenidən aktuallaşıb. Azərbaycanda Gülənin əsas adamları siyahısında sizin də adınız hallanır. Bu məlumatlarla tanışsınız?

- Mən də müəyyən yazılar oxuyuram, eşidirəm. Amma bu məsələyə hələ bir neçə il öncə cavab vermişəm. İndi yenə də cavab verirəm. Mən, Fazil Mustafa, Qənirə Paşayeva və digər adları hallanan şəxslər barəsində deyə bilərəm ki, bizdən nurçu olmaz. Yəni, biz nəinki nurçu ola bilmərik, heç bizdən nurçu yaratmaq da mümkün deyil. Çünki bizim kifayət qədər səviyyəmiz, inandığımız ideyalar var. Biz yazı-pozu, düşüncə adamlarıyıq. Biz hansısa qəbul edə bilməyəcəyimiz düşüncə tərzinin, dini meyllərin arxasınca gedə bilmərik. Heç buna ehtiyacımız da yoxdur. Biz yüzlərlə məqalələr, onlarla kitablar yazmışıq. Kim olduğumuzu da məhz burada, elmdə, ideoloji mövqeyimizdə axtarsınlar.

"Azərbaycanda da Fətullahçıların təsiri altına düşənlər ola bilər"

- Sizcə, Azərbaycanda Gülənçilərin kiməsə təsiri olmayıb?

- Demirəm ki, Azərbaycanda Fətullahçıların kiməsə təsiri olmayıb. Yəni, bu təsir altına düşənlər də ola bilər. Daha çox da şəxsi mənafe üçün nurçuların təsiri altına düşənlərin olması mümkündür. Amma bu cür təsirlər altına düşməmişəm. Prinsip etibarı ilə bizim əsas düşüncə və ideologiyamız azərbaycançılıqdır, türkçülükdür.   

- Fətullah Gülənin tədbirlərində də iştirak etməmisiniz?

- Heç zaman Gülən tədbirlərində iştirak etməmişəm. Ancaq "Dialoq Avrasiya" təşkilatının tədbirlərinə qatılmışam.

"Orada Fətullah Gülən heç zaman xüsusi müzakirə olunmur"

- Məhz "Dialoq Avrasiya" təşkilatı Fətullah Gülənlə əlaqələndirilir də...

- Bilirsiniz, gərək "Dialoq Avrasiya" təşkilatının tədbirləri Gülən tədbiri hesab edilməsin. Çünki "Dialoq Avrasiya" təşkilatı Çingiz Aytmatov, Oljas Süleymanov, Anar Rzayev, İlbər Ortaylı, Rostislav Rıbakov və digər dünyanın tanınmış görkəmli şəxsləri tərəfindən yaradılıb.

Doğrudur, "Dialoq Avrasiya" təşkilatına Gülənçilərin maddi dəstəyi olub. Ancaq bu dəstək tədbirlərin təşkili üçün edilib. Həmin tədbirlərdə dünyanın bir çox tanınmış şəxsləri iştirak ediblər. Onların arasında müsəlman, xristian və digər dinləri təmsil edənlər olub.

"Dialoq Avrasiya" təşkilatının tədbirində dünyanın tanınmış şəxslərinin iştirakı ilə müəyyən açıq müzakirələr aparılıb. Bu müzakirələrdə təbii ki, Fətullah Gülənin ideologiyası və məfkurəsi də müzakirə olunub. Əslində, bu, təbiidir. Çünki Fətullah Gülən də ideologiya və məfkurə sahibidir. Ancaq heç zaman "Dialoq Avrasiya" təşkilatının tədbirlərində Fətullah Gülən və digər şəxslər gözüyumulu tərif edilməyib. Ona görə ki, biz kifayət qədər müstəqil fikirli adamlarıq. Bəlkə də bu problem dünyanın başqa dövlətlərində ola bilər. Ancaq Azərbaycanda hansısa ideologiyanın müzakirəsi qadağan edilmir. Söhbət ancaq ondan gedə bilər ki, hər hansı bir ideologiya, mövqe və düşüncə tərzi bəşəriyyətin xeyri naminə müzakirə olunsun. Yəni, kiminsə maraqları naminə təbliğ olunmasın. "Dialoq Avrasiya" təşkilatının da prinsipi belədir ki, orada Fətullah Gülən heç zaman xüsusi müzakirə olunmur. Burada ümumi düşüncələr səviyyəsində nə isə müzakirə oluna bilər.

Bu gün dünyada o qədər böyük ideologiyalar və düşüncələr var ki, onun yanında nurçuluq və yaxud Gülənçilik heç zaman əsas müzakirə mövzusu ola bilməz.

"Nurçuluqla bağlı çıxışım olmayıb"

- "Dialoq Avrasiya" təşkilatı ilə əməkdaşlıq edən bir çox millət vəkilləri və digər şəxslər Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra "qaranlığa" çəkilərək, səssiz qalmağa üstünlük verir. Hətta onların arasında elələri var ki, adlarını dərhal "Dialoq Avrasiya" təşkilatının saytındakı siyahıdan çıxartdırıb. O siyahıda sizin də adınız var. Çıxartmaq fikriniz varmı?

- Əslində, elə bir təşkilat mövcud deyil və adımın qalıb-qalmayacağı söhbəti də yoxdur. Bəli, mən dialoq hərəkatının tərəfdarıyam. Təbiidir ki, mənə yad olan, maraqlı olmayan istənilən ideologiyanın tədbirlərində heç zaman iştirak etməmişəm. Sadəcə olaraq, deyirlər ki, guya mən və digər dostlar nurçuluqla bağlı tədbirlərdə iştirak edirik və sairə. Bizim modern və kifayət qədər realist mövqeyimiz var. Nurçuluq isə tamam başqa məsələdir. Misal üçün, xristian dininə mənsub hər hansı cəmiyyət istəyir ki, başqaları ilə bir yerdə tədbir keçirib istənilən mövzuda birgə müzakirələr aparsın. Mən də böyük məmnuniyyətlə, bu tədbirdə iştirak edib öz fikirlərimi bildirə bilərəm. Yəni, mənim nurçuların tədbirlərində nurçuluqla bağlı çıxış etməyim olmayıb. Bu cür məlumatlar doğru deyil. Bu cür söz-söhbətləri bəzən kimlərsə özləri yaradır.

"Dialoq Avrasiya" təşkilatının nurçuluq və Gülənçiliklə prinsipial əlaqəsi yoxdur"

- Konkret olaraq, "Dialoq Avrasiya" təşkilatının nurçuluq və ya Gülənçiliklə əlaqəsi varmı?

Əgər burada söhbət "Dialoq Avrasiya" təşkilatının nurçuluqla əlaqələndirilməsindən gedirsə, bununla mən razı deyiləm. Çünki bunun biri dialoqdur, digəri isə hərəkatdır. Bu baxımdan da "Dialoq Avrasiya" təşkilatının nurçuluq və Gülənçiliklə prinsipial əlaqəsi yoxdur. Bir daha deyirəm ki, "Dialoq Avrasiya" təşkilatını yaradanlar Çingiz Aytmatov, Oljas Süleymenov, Anar Rzayevdir. İndi bunlara nurçu demək nə dərəcədə doğrudur? Mümkün deyil. Bu adamların öz düşüncələri var.

"İndiki Türkiyə iqtidarı Mustafa Kamal Atatürkə olan münasibətlərini aydınlaşdırsın"

- Axı Anar müəllimə də nurçu deyirlər...

- Kim deyirsə, deməli səhv edir. Heç Anar müəllimdən də nurçu olar. Onu deyən adamlar Anar müəllimin yazdıqlarını da, nurçuluğu da yaxşı oxusunlar. O zaman bilinəcək ki, nurçuluq nədir. Tamam ayrı-ayrı məsələlərdir. Vaxtilə Çingiz Aytmatov "Dialoq Avrasiya" təşkilatına "bizim vizitkartımız" deyib. "Dialoq Avrasiya" təşkilatında da Avrasiya ölkələrinin xalqlarının və mədəniyyətlərinin qarşılıqlı əlaqələri müzakirə olunub. Bu gün "Dialoq Avrasiya" təşkilatı üçün üç dil nəzərdə tutulub. Bunlar türk, rus və ingilis dilləridir.

"Dialoq Avrasiya" təşkilatının nəşr etdiyi "DA" jurnalı da həmin dillərdə çıxır. Jurnalın "DA" adlandırılması iki məna verir. "DA" həm də rus dilində "bəli" deməkdir. Yəni, prinsip də odur ki, səndən fərqli düşünən, fərqli həyat tərzinə malik insanlarla, xalqlarla yaxın münasibətdə olmaq üçün məhz ilk dəfədən "bəli" deyilməlidir. Bütün bunlara görə də əgər nurçuluq Türkiyədən çıxmış ideologiya və düşüncə tərzidirsə, bu gün də Türkiyə iqtidarına qarşı qiyam cəhdində məhz nurçular təqsirli bilinirsə, bu mənim üçün hələ maraqlı deyil. Çünki mənim üçün Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Mənim üçün maraqlı olan odur ki, həm nurçuluq, həm də indiki Türkiyə iqtidarı Mustafa Kamal Atatürkə olan münasibətlərini aydınlaşdırsın. Yəni, mən M.K.Atatürkü tədqiq edirəm. Atatürkün ideyasından daha çox onun əməli fəaliyyəti və böyük dövlət quruculuğu təcrübəsi olub. Bu baxımdan da Atatürk mənim üçün daha çox maraq kəsb edir. Bir tədqiqatçı kimi mən ona daha çox üstünlük verirəm. Nəinki digər törəmə təşkilatlara və sairə.

Hesab edirəm ki, bu işlərlə məşğul olan jurnalistlər və digər şəxslər məsələyə daha dərin yanaşmalıdırlar. Eybi yox, qoy bizə Gülənçi və ya nurçu desinlər, ancaq bunu deyəndən sonra onlar özləri də oturub öyrənsinlər. Öyrənsinlər ki, məsələyə bu cür konyuktur yanaşmaq olmaz. Çünki bir dövrlər var idi ki, adamlara "marksiz" deyərək onu təqib edirdilər. Daha sonra isə adamlara "anti-marksiz" deyərək təqib etdilər. İndi bu üsul artıq köhnəlib.

"Bu şəxslər mütləq cəzalandırılmalıdır"

- Elə düşünürsünüz ki, insanlara nə vaxtsa "AKP-çi" də deyiləcək?

- Bilirsiniz, belə başa düşürəm ki, Fətullah Gülənlə bağlı məsələ bir düşüncə tərzi kimi müzakirə oluna bilər. Çünki bu, kifayət qədər ağıllı bir insanın ortaya atdığı düşüncədir. Amma bugünkü dünyada oxşar yüzlərlə düşüncələr mövcuddur ki, bunlar da müzakirə oluna bilərlər. Heç bir fikir və ideya müzakirəsiz qəbul olunmur. Amma həmin ideyalara və düşüncə tərzinə inanmaq, onun fanatiki olmaq dövrü keçib.

Sadəcə olaraq o məqam təəssüf doğurur ki, hər hansı ideya dəstəbazlığa çevrilir. Misal üçün, hər hansı ideya şüursuz və düşünülmədən dağıdıcı təşkilata dönür. Bax, bu təhlükəlidir.

Doğrudur, bir zamanlar Lenin deyirdi ki, ideyalar insanlara hakim olduqca, fiziki və siyasi qüvvəyə çevirilir. Lenin bunu düz deyirdi. Ona görə də Leninin yaratdığı ideologiya zorla beyinlərə yeridildiyi üçün siyasi qüvvəyə çevrildi və bunun nəticəsini də bütün dünya gördü. Bunun nəticəsində nə qədər insanlar məhv edildi, təcrid olunmuş cəmiyyət yaradıldı və süni təzyiqlər oldu. Amma yenə də nəticəsi olmadı.

İndiki dünya onu tələb edir ki, bütün mövcud düşüncələrlə imkan daxilində tanış olasan, ancaq onun girovuna qəti çevrilməyəsən. Əgər o ideologiya insanı düşüncəsiz hərəkət edən məxluqa çevirirsə, o zaman həmin insan heç kəsə lazım deyil.

Bir də onun tərəfdarıyam ki, hər hansı insan fərdi və ya qrup şəkilində radikal cərəyanlara qoşulubsa, maliyyə yardımı alıbsa, artıq dialoqdan kənara çıxaraq bir fitvanın əsiridirsə, bu şəxslər mütləq cəzalandırılmalıdır. Türkiyədə olduğu kimi, dövlətə və hakimiyyətə qarşı baş qaldırılırsa, o zaman həmin şəxslərə mütləq lazımı cəza verilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31