“Gülənçilərin ölkəmizdəki fəaliyyəti onların maliyyələşməsinə yardım etməyə hesablanıb

Türkiyənin avqustun 24-dən Suriyada İŞİD, o cümlədən PYD/YPG əleyhinə başladığı hərbi əməliyyatlar uğurla davam edir. Artıq İŞİD-in nəzarətində olan bir neçə şəhər terrorçulardan təmizlənib. Bəs görəsən Türkiyənin başladığı hərbi əməliyyatlar tam mənada müsbət sonluqla nəticələnəcəkmi? Yaxud İŞİD Türkiyənin bu addımına qarşı cavab olaraq yeni terraktlara əl ata bilərmi? Bu və ya digər suallarla bağlı Ədalət Partiyasının Ali Məclisinin sədri, politoloq Mütəllim Rəhimli ilə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Mütəllim Rəhimli Gülən şəbəkəsinə qarşı aparılan mübarizə, bu şəbəkənin Azərbaycana mümkün təsirləri və s. barədə də söhbətləşdik.

Mütəllim Rəhimli: "Məqsəd burada pul qazanaraq mərkəzi ofislərinə ötürmək və maddi imkanlarını daha da yaxşılaşdırmaqdır"

"Hakimiyyət ilk növbədə gülənçilərin maliyyə qaynaqları üzərində nəzarəti tamamilə ələ almalıdır"

Türkiyənin avqustun 24-dən Suriyada İŞİD, o cümlədən PYD/YPG əleyhinə başladığı hərbi əməliyyatlar uğurla davam edir. Artıq İŞİD-in nəzarətində olan bir neçə şəhər terrorçulardan təmizlənib. Bəs görəsən Türkiyənin başladığı hərbi əməliyyatlar tam mənada müsbət sonluqla nəticələnəcəkmi? Yaxud İŞİD Türkiyənin bu addımına qarşı cavab olaraq yeni terraktlara əl ata bilərmi? Bu və ya digər suallarla bağlı Ədalət Partiyasının Ali Məclisinin sədri, politoloq Mütəllim Rəhimli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Mütəllim Rəhimli Gülən şəbəkəsinə qarşı aparılan mübarizə, bu şəbəkənin Azərbaycana mümkün təsirləri və s. barədə də söhbətləşdik.

-Mütəllim bəy, Türkiyənin Suriyada İŞİD-ə qarşı başladığı əməliyyatlar müsbət sonluqla nəticələnəcəkmi və Türkiyə həm İŞİD, həm də PYD/YPG təhlükəsini aradan qaldıra biləcəkmi?

-Türkiyə hərbi birləşmələrinin Suriya ərazisinə girərək orada əməliyyatlar aparması olduqca cəsarətli qərardır. Xüsusilə, indiki dövrdə. Çünki 15 iyul çevriliş cəhdi də bir daha göstərdi ki, Türkiyəni istəməyən qüvvələr onu sevənlərdən daha çoxdur. Belə bir şəraitdə Suriyaya qoşun yeridərək sərhədboyu bufer zona yaratmaq cəhdlərinin tezliklə müsbət nəticə verəcəyinə inanmıram. Bununla belə düşünürəm ki, ilk günlər Türkiyə ordusu qələbələr qazanacaq və bəzi yaşayış məntəqələrini İŞİD, PKK, PYD qüvvələrindən azad edəcək. Bu isə həmin terror təşkilatlarının təhdidinin aradan qaldırılması anlamına gələ bilməz. Çünki Türkiyə daxilində sabitliyin yaranması Qərbin siyasi maraqlarına cavab vermir. Həmçinin qeyd etmək lazımdır ki, bölgədə maraqlı qüvvələrin Türkiyənin uğurlarının davamlı olmasına göz yumacağı inandırıcı deyil. Ona görə də Türkiyə Suriya məsələsində - həm diplomatik, həm də hərbi müstəvidə kifayət qədər ehtiyatlı mövqe sərgiləməlidir. Bəzi qüvvələrin onu provakasiyaya çəkməsinə imkan verməməlidir.

-Hərbi əməliyyatlar Əsəd hakimiyyəti üçün hansı risqlər yaradır?

- Suriyada artıq böyük güclərin ssenarilərinə uyğun oyunlar gedir. Bəşər Əsəd iqtidarının və Suriyanın milli maraqları burada ən sonuncu yerdədir, bəlkə də, ümumiyyətlə, yoxdur. Suriyada kifayət qədər təşkilatlanmış və tanınan silahlı birləşmələrdən başqa az qala hər bir tayfanın da silahlı qrupları yaranıb. Bu ölkədə münasibətləri qanunlar deyil, silahlar tənzimləməkdədir. Belə bir şəraitdə faktiki olaraq param-parça olmuş Suriyaya daha bir silahlı qruplaşmanın daxil olması Əsəd rejimi üçün heç nəyi dəyişə bilməz. Çünki Türkiyə ordusu Əsədi qəbul etməyən və ona qarşı vuruşan ən azı üç ayrı-ayrı qrupla döyüşəcək. Bu isə Suriyanın Türkiyə sərhədləri boyunca ərazilərinin müəyyən qədər nizama düşməsi demək olardı. Həm də qeyd etmək lazımdır ki, Əsəd rejiminin taleyi artıq onun öz əlində deyil. Burada iqtidar məsələsini böyük güclər həll edir. Ona görə də Türkiyə qoşunlarının Suriyaya girməsi Əsəd rejimi üçün ciddi təhlükə yarada bilməz.

-Türkiyənin bu addımına qarşı İŞİD-in cavab zərbəsi daha ağır ola və Türkiyədə bir qədər də genişmiqyaslı terraktlar həyata keçirilə bilərmi?

- Təbii ki, nəzəri baxımdan həm İŞİD, həm də PYD, PKK-nın Türkiyədə daha çox terror aktları törədəcəyi gözləniləndir. Hər halda onlar çalışacaqlar ki, Türkiyənin bu addımı cavabsız qalmasın. Ən pisi odur ki, Türkiyənin təhlükəsizlik qüvvələri planlaşdırılan terror aktlarının vaxtında aşkarlanaraq qarşısının alınmasında yetərli deyil. Ona görə də Suriya əməliyyatları Türkiyə üçün çox çətin olacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, Türkiyənin Suriyada apardığı əməliyyatlar bir çox ölkələrin maraqlarına cavab vermir. Buna görə də onlar tərəfindən də terrorçu qruplaşmaların həvəsləndiriləcəyi ehtimal olunur.

-Türkiyənin başının Suriyaya qarışması fətullahçıların daxildə yeni bir cəhd göstərməsinə şərait yarada bilərmi?

-Türkiyəli ekspertlərin təhlillərinə inansaq FETO yaxın zamanlarda növbəti dəfə çevriliş cəhdi edəcək. Bunu bir neçə dəfə Türkiyənin rəsmi şəxsləri də bəyan ediblər. Düşünürəm ki, 15 iyun cəhdi baş tutmasa da, onun təşkilatçıları uzun müddətli məqsədlərinə müəyyən qədər nail ola biliblər. Belə ki, hakimiyyətin "darbe"çilərin üzərinə daha çox getməsi cəmiyyətdə narazılığı və qarşıdurmanı dərinəşdirə bilər. Bu isə hakimiyyəti istəməyən qüvvələrdə belə bir fikir yaradar ki, bu iqtidarı loyal münasibətlə dəyişmək mümkün olmayacaq. Ona görə də daha yaxşı təşkilatlanmaq və daha radikal, barışmaz mövqe sərgiləmək lazımdır.

-Bu arada Azərbaycanda da fətullahçıların zaman-zaman güc mərkəzinə çevrilə biləcəkləri barədə fikirlər səslənib. Sizcə, gülənçilər Azərbaycan üçün ciddi təhlükə mənbəyi hesab olunurmu?

- Gülənçilərin imkanlarının şişirdildiyi düşüncəsindəyəm. Görünür bunu da başa düşmək olar. Qalib tərəf onları əzmək və sıradan çıxarmaq üçün təbii ki, onları təhlükəli, amansız və çox güclü qüvvə kimi təqdim etməli idi. Bu belə də oldu. Düşünmürəm ki, Gülənçilər həm də deyildiyi kimi təhlükəli qüvvələrdir. Nəzərə almaq lazımdır ki, Türkiyənin indiki iqtidarı da Gülənçilərin sıralarından çıxanlardır. Ərdoğan özü də bu qüvvənin yetirməsidir. Azərbaycanda Gülən tərəfdarlarının ictimai, siyasi proseslərə təsir gücündə olduğuna inanmıram. Çünki bizim ölkədə hakimiyyət çox güclüdür və demək olar ki, bütün sahələrə nəzarət etmək iqtidarındadır.

-Onların Azərbaycanla bağlı planları, istəkləri nədən ibarət ola bilər?

- Gülənçilərin əsas hədəfi Türkiyədir. Onlar ideoloji platformalarını siyasi idarəçilikdə tətbiq etmək niyyətindədirlər. Bunun üçün bir ideoloji qurum yaradıblar. İdeoloji bağlılıqları olduğundan kifayət qədər monolit və təsir qüvvəsinə malik güclü qüvvəyə çevrilə biliblər. Azərbaycanda onların iqtidara sahiblənmək planlarının olması inandırıcı deyil. Güman edirəm ki, onların ölkəmizdə təşkilatlanması dəstəkçi qüvvələrinin artırılmasına xidmət edir. Yəni gələcəkdə siyasi kampaniyalar qurduqları zaman Azərbaycandan da onlara dəstək verildiyini nümayiş etdirərək güclərinə əlavə güc qatsınlar. Bir də düşünürəm ki, gülənçilərin ölkəmizdəki fəaliyyəti onların maliyyələşməsinə yardım etməyə hesablanıb. Qısaca desək, məqsəd burada pul qazanaraq mərkəzi ofislərinə ötürmək və maddi imkanlarını daha da yaxşılaşdırmaqdır.

-Azərbaycanda gülənçilərin müəyyən edilib tamamilə zərərsizləşdirilməsi istiqamətində sizcə daha ciddi addımlar atılacaqmı?

- Düşünürəm ki, iqtidarın əlində ölkəmizdə fəaliyyət göstərən gülənçilərin siyahısı var və onlar tamamilə hakimiyyət üçün aşkardır. Atılan ilk addımlar da bunu göstərir. Gülənçilərin ölkəmizdə ictimai, siyasi proseslərə təsir gücünün olmaması bu sahədə iqtidarı tələsməməyə sövq edir. Lazım gəldikdə isə müvafiq addımlar atır. Hesab edirəm ki, hakimiyyət ilk növbədə gülənçilərin maliyyə qaynaqları üzərində nəzarəti tamamilə ələ almalıdır. Bu həm də ölkəmizdən xaricə valyuta axınının qarşısını alar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31