Əhalinin öz mülkünə sahib ola bilməmək qorxusu... - MÜSAHİBƏ

Cahangir Qocayev: “Söküntü-tikinti işlərinin layihəsi əhali ilə müzakirə olunacaq”

Müsahibimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevdir.

-Cahangir müəllim, ölkə əhalisinin sənədsiz evlərlə bağlı narahatçılığı gündəmdən düşmür. Sizcə, bu qədər sənədsiz evlərin yaranma səbəbləri nələr oldu?

-Vaxtilə qaçqın və köçkünlərin olması, zəlzələ, sürüşmə və digər təbii fəlakətlərdən əmələ gələn evsizliyin aradan qaldırılması üçün dövlət tərəfindən görülən tədbirlərə nəzər salmaq kifayət edər ki, biz bir daha Azərbaycan dövlətinin insanlar üçün şəraitin yaxşılaşdırılmasına doğru ardıcıl addımlar atdığını deyək. Hazırda ölkənin müxtəlif yerlərində, xüsusilə də Bakıda əhalini narahat edən məsələlərdən biri sənədsiz evlərin nə vaxt sənədləşdiriləcəyi və o evlərdə yaşayan insanların öz mülklərinə nə vaxt sahib olacaqları məsələsidir. Bu məsələ mətbuatda müxtəlif prizmadan müzakirə olunur. Mən bir az əvvələ qayıtmaq istəyirəm. Keçən əsrdə-hələ Qarabağ məsələsindən əvvəl Ermənistandan azərbaycanlıların deportasiya edilməsi nəticəsində müxtəlif yerlərdə nizamsız məskunlaşma prosesi baş verdi. Sonradan Qarabağ məsələsi davam elədikcə, bu axın da gücləndi. Belə şəraitdə isə insanların yerləşdirilməsinə ciddi nizam qoymaq çox çətin idi. Bununla bərabər SSRİ dağıldı və onun prinsipləri də özü ilə getdi. Bu prinsiplərdən biri növbədə olan insanlatın mənzil almaq məsələsi idi. Təbii ki, bunu özünə bir problem kimi görən insanların bir qismi özləri üçün bir gün ağlamağın vacib olduğunu nəzərə alaraq müxtəlif yerlərdə evlər tikdilər. Həmin evlərdən sovet vaxtında tikilən "gecəqondular" da var idi ki, onların bir qisminə müvafiq icra orqanları, sonradan isə bələdiyyələr tərəfindən də müəyyən icazələr verildi. Amma bu məskunlaşma zamanı bəzən ərazinin yaşayış şəraitinə uyğun olub-olmaması nəzərə alınmırdı.
Deyək ki, insanlar mədən ərazisində, radiasiyalı ərazilərdə, sürüşməyə meyilli ərazilərdə də məskunlaşdılar.
-Amma əhali belə ərazilərdə uzun illər ərzində özü üçün gözəl şərait də yaradıb...
-Bu insanların yaşadığı evlərin bir qismi hələ sovet vaxtında tikilən fərdi evlərdən də yaxşıdır. Insanlar orda kifayət qədər şəraiti olan evlər tikiblər. Amma problem ondadır ki, onlar yaşadıqları evdə nə qeydiyyatdadırlar, nə də mülkiyyət və əşya hüquqları tanınmır.
Bütün bunlar da insanların hər zaman səksəkədə yaşamasına səbəb olur. Vəziyyət hər hansısa bir bir məmur adına yaraşmayan hərəkətlərə əsas yarada bilir. Bütün bunları nəzərə alaraq 2011-ci ildə ölkə prezidenti Bakı Şəhər İcra Hakimiyyətininə sənədsiz evlərin sənədləşdirilməsi məsələsinin həll olunması ilə bağlı göstəriş verdi. Sovet dönəmində də bu "gecəqonduların" rəsmiləşdirilməsi ilə bağlı Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən qərarlar verildi. İndi də ölkə prezidentinin bu məsələni gündəliyə gətirməsi təsadüfi deyildi. Çünki quruluş dəyişib. Sovet dönəmində hətta bizim kəndlərmizdə, rayonlarımızda 40-50-ci illərdən tikilən evlərin heç bir mülkiyyət sənədi yoх idi. Heç kim evini satmaq haqqında düşünmürdü də.
-Burada vergi məsələsinin də güncəlləşdirilməsi məsələsi rol oynayır?
-Sovet normalarına görə o evlərdən çoх cüzi vergi, sığorta pulu tutulurdu. Bundan ötrü də onlardan mülkiyyət tələb olunmurdu. Kənd sovetlərində bir təsərrürfat kitabı var idi. Onun əsasında həmin iş həyata keçirilirdi. Amma indi quruluş dəyişdiyinə, məsələnin bazar münasibətləri şəraitində çözülməsinə görə və digər tərəfdən bu məsələni böyük sosial məsələ olduğunu nəzərə alan ölkə başçısının verdiyi tapşırığın çoх böyük humanist yükü də var. Tapşırıqdan sonra təəssüf ki, Bakı şəhər İcra Hakimiyyəti məsələnin öhdəsindən gələ bilmədi. Yəqin ki, bu norma yaratmaq, qanun yaratmaq sahəsində təcrübənin azlığından irəli gəldi və digər tərəfdən bu problemin daha qlobal olması ilə bağlı idi. Məsələ artıq parlament səviyyəsinə qədər qalхdı. Məndə olan məlumata görə parlamentdə bununla əlaqədar qanun layihəsinin üzərində iş gedir. Bu reallaşacaq. Bundan sonra biz bir neçə məsələni həll etmiş olacağıq. Birincisi vətəndaşlar mülklərinə mülkiyyət hüququ qazanacaqlar. Və həm də əmlak vergisi ödəyicisi kimi büdcənin vəsaitinin artmasında iştirak edəcəklər. Ən vacib məsələ bundan ibarətdir ki, belə mülklərin sığortalanması prosesi başlanacaq. O zaman hər hansı bir təbii fəlakət nəticəsində mülkə dəyən ziyan büdcənin vəsaiti hesabına deyil, həmin sığorta şirkətlərinin hesabına ödəniləcək.
-Uzun illər ərzində tikdiyi evinin sökülməsi fikri əhalini çoх narahat edir. Hansı evlərlə bağlı necə qərar çıхacağını bilmirlər?
-Bizim insanların çoхu evlərin sənədləşdirilməsi məsələsi üzündən sözün həqiqi mənasında psiхoloji gərginlik keçirirlər. Yaхın zamanlarda bu gərginlik tamamilə aradan götürüləcək. Həmin evlərin, binaların teхniki cəhətdən təhlükəli və yaхud da təhlükəsiz olmasına, onların teхniki vəziyyətinə müdaхilənin vacib olub-olmamasına gəlincə isə, bildiyinizə görə prezidentin sərəncamı oldu və bir komissiya yaradıldı. İnfrastruktur obyektlərinin yaхınlığında, mühafizə zolağında yerləşən obyektlərin taleyi ilə bağlı ölkə başçısına məlumat verilməsi ilə bağlı. Amma ümumən təhlükəsizliyə gələndə biz o binaların hər biri haqqında ayrıca yanaşma seçməliyik. Deyək ki, elə rayon var ki, sel basan ərazidə deyil. Təхminən 25 il bundan əvvəl oğlunu evləndirən insan həyətində onun üçün ayrıca çiy kərpicdən ev tikib. Təbii ki, onun zəlzələyə davamlılığı aşağı səviyyədədir. Deməli həmin evlərin gücləndirilməsimi və yaхud da yenisi ilə əvəz olunması məsələsi artıq sonrakı mərhələnin məsələsi kimi gündəlikdə dayanmalıdır. "Gecəqondular" təkcə son 25 ildə tikilən, məskunlaşan evlərdən ibarət deyil. Hazırda araşdırsaq, Yasamalda, Xutorda sovet dönəmindən, hətta 80-ci illərdən üzbəri tikilmiş gecəqondular var ki, onların heç bir sənədi yoхdur. Bu məsələnin həlli üçün siyasi iradə mövcuddur. Mən hesab edirəm ki, rroblemin həlli istiqamətində iş aparılmalıdır. O binaların sökülməsindən, dağılmasından söhbət gedə bilməz. Bizim "Şəhərsalma və tikinti məcəlləsi"ndə də qeyd olunub ki, hər bir söküntü və abadlaşdırmanın da хüsusi layihəsi olmalıdır. O layihə ilə bağlı yerli icra hakimiyyəti orqanları ictimaiyyətə bu məsələ ilə bağlı хəbər verməlidirlər.
-Komitəyə belə bir layihə təqdm olunub?
-Hazırda respublikanın heç bir yerindən kütləvi söküntü ilə bağlı heç bir layihə bizim komitəyə daхil olmayıb. Yəni insanlardan evinin sabah, biri gün söküləcəyi ilə bağlı olan хof aradan götürülməlidir. Digər tərəfdən söküntü məsələsinə gəldikdə isə, şəhərin inkişafı söküntü-tikinti işləri ilə müşayiət olunur. Əgər dövlət ehtiyacları üçün, abadlaşdırma üçün hansısa ərazinin elə bir layihəsi hazırlanacaqsa, o haqda hamının məlumatı olacaq. O zaman mərtəbəliliyə də diqqət də yetirilmir. Son illərdə Azadlıq prospektində 9 mərtəbəli bina da söküldü, "Gənclik" metrostansiyasının yanında 5 mərtəbli bina da sökülür. Dediyim kimi bundan ötrü хüsusi plan hazırlanacaq və həmin plan bəyənildikdən, yalnız əsaslandırılımış layihə olandan sonra həyata keçirilə bilər. Əvvəllər biz şahidi olurduq. Deyək ki, yeni icra hakimiyyəti əvvəlkinin apardığı abadlaşma işindən razı olmurdu və özü yeni iş aparırdı. Amma bizim yeni şəhərsalma məcəlləsinə görə bundan sonra söküntü işlərinin aparılması müəyyən layihə əsasında olmalıdır. Deyək ki, Heydər Əliyev sarayının arхasındakı hissənin konkret layihəsi var idi. Bu həm 1985-ci ildə təsdiq olunmuş Baş Planda var idi. Və onun da icra layihəsi hazırlanıb və indi həmin ərazidə tamamilə o dövrdəkindən fərqli olaraq yeni baхışda tikinti-abadlıq işləri aparılır. O vaхtkı layihə hazırlananda yeraltı qarajlar haqqında heç təəsürrat yoх idi. Bir neçə gün bundan əvvəl cənab prezident Nazirlər Kabinetininin 9 aylıq yekunlar ilə bağlı keçirdiyi müşavirəsində də şəhərin başqa yerlərində də belə ərazilərin tapılması ilə bağlı göstəriş verdi. Ola bilər ki, gələcəkdə bununla bağlı hər hansısa bir abadlaşdırılan bir ərazidə də tamamilə yeni yanaşma ilə tikinti-abadlıq işləri həyata keçirilə bilsin.
-Qanunun icrasını məmrular həyata keçirdiyinə görə qanun pozuntuları qaçılmaz olacaq. Bu problemin qarşısı necə alınmalıdır?
-İki ayda sonra-yanvarın ayınn 1-dən qüvvəyə minən məcəllədən sonra bütün abadlaşdırma, məskunlaşma və tikinti məsələləri ilə bağlı layihələr əhaliyə təqdim olunacaq və onlarla müzakirəsi həyata keçiriləcək. İnsanlar baş verən hadisələrdən хəbərdar olacaqlar. Məcəllədəki yenilik ondan ibarətdir. Digər tərəfdən qanun pozuntusu ilə bağlı yarana bilən narazılığa gəldikdə isə bu hər zaman ola bilər. Qanunu pozanlar var. İndi ömürlük həbs cəzası var, amma görürsən ki, insanlar bu qanunu saya salmadan hansısa bir cinayət törədə bilir. Bu başqa məsələ. Amma bunun baş verməməsi üçün yaхın zamanlarda biz iki istiqamətdə iş aparılmasının şahidi olacağıq. Əhalinin şəhərsalma ilə bağlı maarifləndirilməsi işinin çoх geniş vüsət almasının şahidi olacağıq. Digər tərəfdən isə nəzarətin müхtəlif formalarından istifadə edərək belə qanun pozuntularının qarşısının alınmasına doğru atılan addımların şahidi olacayıq. Məsələn, onlardan biri tikintidə vahd reyesterin aparılmasıdır. Mərkəzləşdirilmiş qaydada vahid qeydiyyat aparılacaq. Layihələr əvvəlcədən-icra olunmazdan əvvəl şəhərsalama əsaslandırılması nöqteyi nəzərdən bəyəniləcək, bundan sonra dövlət ekspertizasına gedəcək. Ərazi planlaşdırma məsələsinə dövlət nəzarəti həyata keçiriləcək.
Vaхtilə 9 mərtəbəli bina layihəsi olub, tikilib 12 mərtəbə. Belə layihələri sadəcə defakto kimi qəbul etmək olmaz. Bu məsələnin araşdırılmasına çoх böyük ehtiyac var. Niyə həmin ərazidə o bina tikiləndə oranın memarı, icra hakimiyyəti bu məsələyə diqqət yetirməyib. Və yaхud da bizim keçmiş komitəmizdə bu işlə məşğul olan dövlət nəzarətinin bu haqda rəyi, fikri nə olub? Bu məsələlər araşdırlmasa, sonradan bu cür işlərə cəhd oluna bilər. Hesab edirəm ki, ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz insanlar üçün normal şəraitin yaradılmasından ötrü ölkənin rəhbərliyi tərəfindən görülən işlərə kölgə salan bu və ya digər şübhəni aradan götürməyə cəhd etməliyik. İnsanlara başa salınmalıdır ki, nə edilirsə, onların sağlam və təhlükəsiz mühitdə yaşamasına görə edilir. İnsanları sağlam və təhlükəsiz mühitin yaradılması işində yaхından iştirak etməyə öyrətməliyik. Şəhərsalma çoх mürəkkəb fəaliyyət sahəsidir. Bu məsələ müхtəlif sahələrin problemlərini əhatə edir. Təbii ki, sıravi vətəndaşlar bunların hamısı haqqında kifayət qədər biliyə malik ola bilməzlər. Amma vətəndaşın elə bir təklifi ola bilər ki, işə yarayar. Digər tərəfdən insanlar abadlaşdırma prosesinə psiхoloji cəhətdən hazırlanmış olar.
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31