Şakir Ağayev: “Avropa Parlamentinin qətnaməsi məntiqsizlik və qərəzin zirvəsidir” ÖZƏL

"Çox təəssüf ki, Avropa Parlamenti Azərbaycana qarşı son dərəcə qərəzli, heç bir həqiqəti əks etdirməyən və məntiqə sığmayan bir qətnamə qəbul edib. Bu qətnamədə açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri və birbaşa təhdid xarakterli yanaşmalar yer alır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, qətnamədə Azərbaycanın guya işğaldan azad olunmuş ərazilərində yaşayan erməniləri məcburi şəkildə qovduğu iddia olunur. Halbuki bu, reallığı əks etdirmir və Avropa İttifaqı bunu çox yaxşı bilir. Əksinə, vaxtilə məhz azərbaycanlılar öz ata-baba yurdlarından vəhşicəsinə didərgin salınmış, məcburi şəkildə doğma torpaqlarını, evlərini, ocaqlarını tərk etməyə məcbur edilmişdilər. Otuz il ərzində işğal altında qalan ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayətlər, ekoloji dağıntılar və mədəni irsimizə, tarixi abidələrimizə qarşı vandalizm aktları törədilmişdir. Bu ərazilərdə sözün əsl mənasında həm insanlığa qarşı, həm ekoloji, həm də mədəni genosid həyata keçirilmişdir. Lakin təəssüf ki, bu otuz il ərzində Avropa dövlətləri və özlərini "dəyərlər məkanı" kimi təqdim edən institutlar bu faktları nə dilə gətirmiş, nə də Azərbaycanın haqlı mövqeyini müdafiə etmişlər. İkinci Qarabağ müharibəsi və sonrakı antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və konstitusion quruluşunu tam şəkildə bərpa etmişdir. Bu proses zamanı heç kim zorla ərazidən qovulmamışdır. Əksinə, Azərbaycan tərəfindən bölgədə yaşayan erməni əhaliyə açıq şəkildə təklif olunmuşdur ki, əgər onlar Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edərlərsə, Azərbaycan vətəndaşları kimi yaşaya, bütün hüquq və vəzifələrdən istifadə edə bilərlər. Təəssüf ki, ermənilərin bir qismi bu təklifi qəbul etmədi. Lakin bu halda belə, Azərbaycan onlara qarşı heç bir zor tətbiq etmədi, gülləbaranla qovmadı. Əksinə, getmək istəyənlər üçün bütün şərait yaradıldı və onların təhlükəsiz şəkildə ərazini tərk etməsinə imkan verildi.

Ekspert əlavə edib ki, qətnamədə toxunulan ən ciddi və qəbuledilməz məsələlərdən biri də separatçılıq fəaliyyəti ilə məşğul olan, terrorçuluğu dəstəkləyən və Azərbaycana qarşı cinayətlər törətmiş şəxslərin "müharibə əsiri" kimi təqdim edilməsidir. Sual olunur: otuz il ərzində Azərbaycan torpaqlarını işğal etmiş, dağıntılar törətmiş, azərbaycanlılara qarşı ağır cinayətlərə yol vermiş şəxslər nə vaxtdan müharibə əsiri sayılır? Təbii ki, bu şəxslər həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunmalı idilər və olunmuşlar. Hətta aldıqları cəzanın belə bəzi hallarda yüngül olduğunu demək olar. Avropanın özündə isə separatçılığa münasibət tam fərqlidir. Məsələn, Kataloniya müstəqillik referendumu zamanı İspaniyada separatçı hərəkatın liderləri ciddi hüquqi təqiblərlə üzləşmiş, bəziləri ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Ümumiyyətlə, Avropanın heç bir ölkəsi öz ərazisində separatçılığa yol vermir və belə cəhdlərə qarşı sərt tədbirlər görür. Bu baxımdan, səsləndirilən iddiaların qərəzli olduğu açıq şəkildə görünür. Azərbaycan tərəfi də buna adekvat reaksiya vermişdir. Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı səfirini çağıraraq etiraz notasını təqdim etmişdir. Eyni zamanda, Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması istiqamətində addımlar atmış, bu məsələ ilə bağlı xüsusi komissiya yaradılmışdır. Əgər hər hansı bir beynəlxalq təşkilat bir dövlətin ərazi bütövlüyünə hörmət etmirsə, onun suverenliyinə qərəzli yanaşırsa və daxili işlərinə qarışmağa çalışırsa, belə bir təşkilatda təmsil olunmağın heç bir mənası yoxdur. Bütün bunlar göstərir ki, hazırda baş verənlər müəyyən bir mərhələnin göstəricisidir və bu mərhələ artıq açıq şəkildə görünür. Avropa institutlarının atdığı addımların mahiyyəti də aydındır. Məqsəd Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasət yürütməsinə mane olmaqdır. Azərbaycan isə müstəqil siyasət yürüdən dövlətdir. Heç kimin diktəsi ilə hərəkət etmir, heç bir xarici gücün əmrlərinə tabe olmur. Azərbaycan öz müstəqil xarici və daxili siyasətini həyata keçirir və hər zaman öz milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycanın yanaşması ondan ibarətdir ki, yalnız milli maraqlara hörmət edən dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində münasibətlər qurulsun.

"Təəssüf ki, görünən odur ki, Avropa İttifaqı üçün bu cür müstəqil siyasət yürüdən dövlətlər hər zaman arzuolunan deyil. Onlar daha çox öz təsir dairəsində olan, onların siyasətinə uyğun hərəkət edən dövlətləri görmək istəyirlər. Hətta bu siyasətin nəticəsində həmin dövlətlərin zərər görməsi belə ikinci plana keçir. Bunun nümunəsi kimi Ukraynada baş verən hadisələri göstərmək olar. Bu gün Ukraynanın düşdüyü vəziyyət, ərazilərini itirməsi və yaşadığı ağır proseslər göz qabağındadır. Eyni zamanda, Gürcüstan müstəqil siyasət yürütməyə çalışdıqda ona qarşı qərəzli münasibətin artdığı müşahidə olunur. Digər tərəfdən, Ermənistan isə bu təsir dairəsində hərəkət etdiyinə görə fərqli münasibətlə üzləşmir. Beləliklə, aydın görünür ki, bəzi Avropa institutlarının əsas məqsədi müstəqil siyasət yürüdən dövlətlərə təsir göstərmək, həmin regionlarda öz siyasi xəttini və hegemoniyasını təmin etməkdir. Azərbaycan isə bu yolu seçməyib və seçməyəcək. Azərbaycan üçün ən əsas prioritet dövlət maraqları və milli maraqlardır", - deyə Ş. Ağayev vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31