Gəncədə yeni layihə: "Uşaqların Rəqəmsal İnkişafı və Rifahı"
14:10 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə, Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyi-nin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin uşaqları ilə mühüm sosial əhəmiyyət daşıyan yeni layihəyə start verilir. Layihə "Uşaqların rəqəmsal inkişafı və rifahı" adlanır. Layihə 3 aylıq müddəti əhatə edəcək.
Müasir dövrdə rəqəmsal bacarıqlar uşaqların gələcək uğurları üçün əsas amillərdən biri hesab olunur. Xüsusilə sosial qayğıya ehtiyacı olan uşaqların informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi, onların bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həyata keçiriləcək layihə həm maarifləndirici, həm də sosial dəstək xarakteri daşıyır.
Layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən uşaq evində yaşayan 13-17 yaş arası yeniyetmələrlə müxtəlif təlimlər, praktiki məşğələlər təşkil olunacaq. İştirakçılara kompüter bilikləri, internetdən təhlükəsiz istifadə qaydaları, rəqəmsal platformalardan səmərəli yararlanma üsulları, onlayn təhsil imkanları və müasir texnologiyaların gündəlik həyatda tətbiqi istiqamətində biliklər veriləcək.
Bununla yanaşı, layihənin əsas məqsədlərindən biri uşaqların özünəinam hissinin artırılması, onların gələcəyə daha hazırlıqlı və motivasiyalı şəkildə yetişməsinə dəstək göstərməkdir. Təlimlər vasitəsilə yeniyetmələr həm yeni biliklər qazanacaq, həm də gələcək peşə seçimlərində rəqəmsal bacarıqların əhəmiyyətini daha yaxından anlayacaqlar.
Mütəxəssislər bildirirlər ki, rəqəmsal savadlılıq artıq sadəcə əlavə bacarıq deyil, həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də belə layihələrin həyata keçirilməsi uşaqların cəmiyyətə inteqrasiyası, sosial rifahının yüksəldilməsi və gələcək perspektivlərinin genişlənməsi baxımından xüsusi önəm daşıyır.
"Uşaqların rəqəmsal inkişafı və rifahı" layihəsinin Gəncə şəhərində icrası, sosial həssas qrupdan olan uşaqlara göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Bu təşəbbüsün gələcəkdə daha geniş miqyasda davam etdirilməsi cəmiyyət üçün də mühüm töhfə olacaq.