Tağı Əhmədov: “Cahangir Əsgərov təyyarə sürə bilmirsə, “AZAL”ın prezidenti ola bilməz”
“Deyə bilmərəm, Aydın Bəşirov gəmini idarə edə bilir, ya yox”
16 Oktyabr 2012 23:34 MüsahibəBakı Metropoliteninin rəisi Tağı Əhmədovun Publika.Az-a müsahibəsi:
- Tağı müəllim, söhbətə vaqonların yenilənməsi məsələsi ilə başlamaq istəyirəm. Bu məsələ nə yerdədir, yeni vaqonlar nə zaman alınacaq?
- Yeni xətlər açılanda vaqonlar da yenilənəcək. 15 vaqondan ibarət bir neçə qatar alınacaq. Qatarları alacağımız şirkətlə danışıqlarımız belə oldu ki, onlar bizə bir yeni qatar növü verəcəklər. Dekabrın 1-nə qədər bu qatar növü gələcək və altı ay müddətində biz onu istismara verəcəyik. Bu qatar növünün bütün parametrlərini həm maşinistlər, həm də texniklər öyrənməlidir. Bu qatarı da hələ ki, pulsuz alırıq. Xoşumuza gəlsə, qəbul edəcəyik və yenilərini də alacağıq. Gəlməsə, müqaviləmiz belədir ki, qatarları geri qaytara bilərik.
- Bəs yeni xətlərin açılması nə vaxta nəzərdə tutulub?
- Gələn ilin sonuna qədər açılmalıdır. Amma maneələr də çoxdur. Bu maneələri nəzərə alsaq, ola bilsin ki, 2014-cü ilə də keçsin. Maneələr əsasən kommunikasiya xətləri və köçürmələrlə bağlıdır. Haraya əl atırıqsa, qanunsuz tikililərlə rastlaşırıq. İnsanları bu tikililərdən çıxartmaq bir az problemli olur. Bunun məhkəməyə veriləni, çıxmaq istəməyəni, razı olmayanı var. Hamısı vaxt aparır.
Sonrakı illərdə daha çox qatar alınacaq. 2015-ci ilin axırı, 2016-cı ilin əvvəli 10 qatar, yəni əlliyə yaxın vaqon almağı düşünürük.
- Nədənsə mənə elə gəlir ki, metrodakı qatarlar daha çox ayrılıq və kədər daşıyır. Çünki insanlar görüş yerlərini daha çox metroda təyin edirlər. Bu fikirlərimin təsdiqini dəfələrlə metroda olan insanların simasında da görmüşəm. Bu barədə Siz necə düşünürsünüz? Metro və qatarlarla bağlı Sizin hansı fikirləriniz var?
-Belə düşünmürəm. Metro heç vaxt kədər daşıya bilməz. Amma insanların sıx görüşdüyü yerin metro olması fikri ilə tam razıyam. Yerüstü nəqliyyatda tıxac problemi insanlara əzab verir. Amma metroda tıxac ola bilməz. Gedəcəyin məkana nə zaman yetişəcəyini dəqiq hesablaya bilirsən. Amma bunu yerüstü nəqliyyatda etmək mümkün deyil.
İnsanların davranışına gəlincə isə əvvəllər vəziyyət başqa cür idi. Siz o zaman çox kiçik olardınız. Sərnişinlər daha çox kitab, qəzet oxuyardılar. İndi də bu adət var, amma çox az rast gəlinir. Təəssüf ki, getdikcə də azalır. O vaxtlar heç vaxt ağsaqqalı, ağbirçəyi, uşağı ayaq üstə saxlamazdılar. Amma bütün bunlara baxmayaraq, metroda nikbinlik hər zaman var.
- Metrodakı problemlərin aradan qaldırılması məsələsində vəziyyət necədir?
- Avtobus yerin üstündə xarab oldusa, bir tərəfə çəkib düzəldirlər. Təəssüf ki, bu metroda belə deyil. Metronun da müəyyən çatışmayan cəhətləri var. Məsələn, qatarın tuneldə qalması... Qatar tuneldə qalanda əlbəttə, köməkçi qatar gəlir, insanlar evakuasiya olunur. Amma biri var beş dəqiqə yerin üstündə qalasan, biri də var yerin altında. Yerin altında qalanda həyəcan da, təşviş də çox olur. Ancaq bütün bunlara baxmayaraq, metronun təhlükəsizliyi çox yüksək səviyyədədir. Heç kəs deyə bilməz ki, istər MDB, istərsə də Avropa ölkələrində filan şey yaxşı idi, amma Azərbaycanda yoxdur. Bu mümkün deyil. Bizim stansiyalarda olan səliqə-səhman, təmizlik daha yüksək səviyyədədir. Eyni zamanda bizim metroların tikintisindəki ornamentlər, bəzək işləri, qranit, mərmər xaricdə yoxdur. Onlarda əsasən malaçəkmədir. Biz köhnə nümunələri qoruyub-saxlamışıq, hələ bir az da üstünə qoymuşuq.
- Bu fərqlilik yeni stansiyalarda daha çox nəzərə çarpır...
- Son vaxtlar istifadəyə verdiyimiz "Nəsimi", "Dərnəgül", "Azadlıq prospekti" stansiyaları göz oxşayır. Hətta sütunsuz stansiya platformasının tikilişi ilk dəfə Azərbaycanda həyata keçirilib - "Azadlıq prospekti" və "Dərnəgül"də. Bunun özü böyük bir əzəmətdir. Bu stansiyalarda bütün yeniliklər nəzərə alınıb. Oturacaqlardan tutmuş, hər xırdalığına kimi çox rahat və fərqli üslubdadır. İndi çoxları deyəcək ki, Tağı Əhmədov Metropolitenin rəhbəridir, buna görə də tərifləyir. Ancaq həm tikinti, həm də qatarların hərəkəti baxımından işimizdə heç bir nöqsan görmürəm.
- Bircə interval məsələsində problemlər var...
- Fikirləşin ki, indi biz intervala görə bircə Moskva Metropolitenindən geri qalırıq. Onlarda interval hardasa bir dəqiqə qırx doqquz saniyə, bizdə isə iki dəqiqədir. "28 May" isə bizdə dispetçer rolunu oynayır. Bir qatarı "İçərişəhər"ə, digərini "Dərnəgül"ə yola salır. Buna görə də interval artır. Artıq biz Fransa şirkəti ilə müqavilə bağlamışıq və Allah qoysa, xətlərimiz ayrılsa, "Cəfər Cabbarlı" xətti ayrı olacaq. "28 May" və "İçərişəhər" xətti də ayrı olmalıdır. O zaman hər xəttin özünün qatarı və deposu olacaq. Ümidvaram ki, interval da düzələcək, sıxlıq da az olacaq.
- "28 May"ın adını çəkdiniz... Sizi dəfələrlə bu stansiyada görmüşəm. Hər dəfə də orda olan sıxlıqla, problemlərlə maraqlanmısınız...
- Bu da mənim işimin bir hissəsidir. Keçən dəfə bir saytda yazmışdılar ki, Bakı Metropolitenin rəisi metroda gedir. Burda da insanlar hansısa bir eyforiyanı yaratmaq istəyir, ya da digər nələrisə göstərmək istəyir. Metropolitenin rəisi elə metroda olmalıdır, metroda da getməlidir. Burda pis bir hal yoxdur ki... Bəzən mənə məlumat gəlib ki, "28 May" stansiyasında sıxlıqdı, müşahidə eləmək üçün ora gedib baxmışam, problemi və narahatlığı öz gözlərimlə də görə bilmişəm. İndi orda dörd ekskalator qoyulub. Bir gündə "28 May"dan 48 mindən çox sərnişin keçir. Halbuki avrostandartlara görə ən uzağı 38 min olmalıdır. Hansı stansiyadan 38 mindən yuxarı sərnişin keçirsə, o stansiya həddindən artıq yüklənmiş stansiya hesab olunur. Belə olanda da alternativ yol axtarılır. Düzdür, "Cəfər Cabbarlı" da alternativ yol sayılır. Lazım gələndə insanları ordan da buraxa bilərik. Bir az uzaq olar bilər, amma mən həmişə misal çəkirəm ki, gedin Moskvada Komsomolski xəttində gedilən yola baxın, siz heç onun yarısı qədər də yol getmirsiz. Amma aydın məsələdir ki, imkan varsa, insanlara rahat şərait yaratmaq lazımdır.
- Metroda olanda sərnişinlərlə özünüz ünsiyyət qurursunuz? Ümumiyyətlə hansısa sərnişin, yaxud metropoliten işçisi Sizə yaxınlaşıb sözünü deyə bilirmi?
- Əlbəttə, deyə bilirlər. Mənim qəbul saatım yoxdur. İstənilən nöqtədə məni hər hansı bir işçi görürsə, sualını da verir, cavabını da alır. O da ki, ünsiyyətdən asılıdır. Mən 43 ildir ki, burda işləyirəm. Buna görə də işçilərin demək olar ki, hamısını tanıyıram. İnandırım sizi bəlkə də yeganə müəssisə rəhbəriyəm ki, bütün işçilərin əksəriyyətini adı və soyadı ilə tanıyıram. Bu mənim qəhrəmanlığım demək deyil, sadəcə iş fəaliyyətimdən irəli gələn bir haldır. Gəncləri, yeni işçiləri özüm işə qəbul edirəm və bu yolla onların da hamısını tanıyıram. Ona görə də istənilən nöqtədə istənilən işçi mənə yaxınlaşa bilər. Bunlardan başqa, bizim geniş tərkibdə iclaslarımız olur və orda da danışırıq. Amma yenə də hər gün işə gələndə heç olmasa 30-40, arada da 60 nəfərə yaxın insan məni qapıda gözləyir. Hamısı işə girmək istəyirlər. Aydın məsələdir ki, metroda ancaq yeni stansiyalar açılanda iş ola bilər. İndi də hamıya elan edirəm ki, 2013-cü ilin axırında işə adam götürəcəyik, o zaman da ən azı min, min iki yüz adam işə qəbul olunacaq. O vaxt mümkün ola bilər, amma indi iş yeri yoxdur. Əlavə işçini də qəbul edib, metronun digər işçisinin maaşını azaltmaq fikrində deyiləm. İndi metoda orta əmək haqqı 450 manatdır. Bu da böyük göstəricidir. Köhnə işləyənlər çox gözəl bilir ki, 1998-99-cu illərdə metroda orta əmək haqqı 47 dollar idi. O maaşa qalıb işləyiblər. Bunu unutmaq olmaz. Həmin şəxsləri işdə saxlamaq və onlara müəyyən münasibət göstərmək mütləq lazımdır. O insanlar metroya bağlı insanlar olub və işdən də az maaşa görə getməyiblər.
- Jurnalistlərlə aranız necədir?
- Bir neçə yaxşı, savadlı jurnalistə rast gəlmişəm. Amma savadsızları çoxdu. Jurnalist öz sahəsi üzrə ixtisaslaşmalıdı. Sovet dövründə məsələn, kənd təsərrüfatı üzrə mütəxəssis jurnalist, dəmir yolu üzrə mütəxəssis jurnalist və s. var idi. Yəni bunlar dəmir yolunu bilməli idi ki, qarşısında olan insana sual verə bilsin. Bir dəfə biri gəlib sual verdi ki, müəllim, düzdür metroda rels çatışmır, tramvay relslərini sökürlər ki, metroya döşəsinlər? Nə qədər metrodan xəbərsiz bir insan olasan ki, belə bir sözü deyə biləsən. Mən də ona sual verdim ki, hansı növ relsləri tanıyırsan? Cavab verə bilmədi. Məsələn, R 24, R 50, R 65, R 12 var və sairə. Bunlar fərqli relslərdir və bir-birinə də qətiyyən uyğun gəlmir. Bu bir, ikincisi də o qədər aciz oluq ki, gedib tramvayın relsini gətirib metroya qoyaq?.. O vaxt çox şad olaram ki, mənə verilən sualın qarşılığında fikirləşəsi olum. Deyim ki, imkan verin bu haqda bir az düşünüm, cavab tapmasam belə, lap kimdənsə öyrənim sizə cavab verim. Ümumilikdə isə jurnalistlərə böyük hörmətim var. Keçən dəfə "Yeni Müsavat" qəzetinə müsahibə verəndə də söyləmişdim: 1961-63-cü illərdə "Şərq qapısı" qəzetinin ştatdan kənar müxbiri olmuşam. O vaxt 13 yaşım olardı və buna baxmayaraq mən hər gün ora məqalə yazırdım. Məqaləm çıxan kimi qəzeti götürüb gedirdim redaksiyaya ki, pulumu verin. Deyirdilər ki, bir az gözlə hələ hesablanmayıb, hələ gəlməyib. Axır bir gün, Allah rəhmət eləsin, "Şərq qapısı" qəzetinin redaktoru Hüseyn İbrahimov mühasibi çağırıb dedi ki, bu uşaq əlində qəzet gələndə saxlamayın, qonorarını ödəyin getsin. Dediyim budur ki, jurnalistikaya 13 yaşımdan bələdəm.
"Azadlıq" qəzeti ilə məhkəməm oldu. Heç bir məmur ömründə istəməz ki, yaşadığı ölkənin qəzetini məhkəməyə versin. Amma elə məqamlar olur ki, adama toxunur. Bilirsiz, biri var gününün müəyyən hissəsini işə həsr edəsən, biri də var, bütün ömrünü. İndi durub biri işinə ləkə salmağa çalışanda insanda qıcıq əmələ gəlir. Düşünürsən ki, axı mən bütün həyatımı bura qoymuşam və bu deyilən işlə də məşğul olmamışam. Mənə nə üçün böhtan atılmalıdır? Bir məmur kimi ordan gələn 30 minə ehtiyacım da yoxdur. Demişəm ki, o pulu uşaq evlərinə versinlər. Gərək hər kəs dediyi sözün məsuliyyətini dərk eləsin.
- Tağı müəllim, hansı qəzetləri oxuyursuz?
- Bütün qəzetləri və internet saytlarını diqqətdə saxlayıram. Hamısını deyəndə əsas mənə maraqlı gələnləri oxuyuram. Hər səhər əsasən "Səs", "Kaspi", "İki sahil", "Azərbaycan", "Xalq", "Respublika", "525-ci qəzet", "Şərq" və digərlərini, eyni zamanda "Yeni Müsavat"ı oxuyuram. Son vaxtlar "Şərq", "Kaspi" qəzetlərindən geniş informasiya almaq olur. Azər Ayxanla müsahibəyə qədər "Yeni Müsavat"ı oxumurdum, amma ona söz verəndən sonra oxuyuram. Düz yazanda etiraz ola bilməz və oxumaq lazımdı. Bir də qəzetlər insanı ayıldır. Cəmil Əlibəyovun "Mənim analı dünyam" əsərində bir məqam var, onu qeyd etmək istəyirəm. Oğlu raykom katibi olur. Ana deyir ki, oğul, sənin əl-ayağına dolaşan bir adam var? Oğlu deyir ki, ikinci katib məni boğaza yığıb, bütün işlərimə qarışır. Deyir ki, südüm sənə haram olsun, onu işdən çıxartsan. O, sənin gözünü açır və işinə maneə törətmir.
- İstirahətə gedəndə də işlərə nəzarət edirsiniz?
- Metroda olanlarla bağlı hər gün saat 20:00-da mənə məlumat verilir. Allah eləməsin, hansısa pis bir hadisə baş versə, dərhal məlumatlandırılıram. Əslində metroda xırda problem anlayışı yoxdu. İndi sənə xırda görünən problem 1 dəqiqə sonra böyük bir fəlakətə çevrilə bilər. Ən xırda detalı belə diqqətdən qaçırmamaq üçün metroda 3200-ə yaxın kamera quraşdırılıb. Kameraların 36-sı vestübellərdə qoyulub. Bu da üzdən tanımaya xidmət edir. Kim axtarışdadırsa, metrodan keçəndə monitorda həyəcan siqnalı verilir. Çox sağ olsun prezidentimiz, hökümətimiz ki, bu işi qurmaq üçün vəsait ayrıldı. Mən həm qürur duyuram, həm də sevinirəm ki, bu sistem ilk dəfə Bakı Metropolitenində tətbiq olunub. Dünyanın müxtəlif yerlərindən mühəndislər gəlib burada təcrübə keçirlər. "Dərnəgül" stansiyasının açılışında hörmətli prezidentimizə də nümayiş etdirdik ki, belə bir sistem tətbiq etmişik. Ən böyük arzum idi ki, belə bir sistem quraq. Biz müharibə şəraitində yaşayan ölkəyik. Ətrafımızda düşmənlər var. Heç gizlətmədən deyə bilərəm ki, istər şərqdən, istər cənubdan, istərsə də digər tərəflərdən düşmənlə əhatə olunmuşuq. Buna görə də təhlükəsizlik məsələsində xüsusilə diqqətli olmalıyıq.
- Etiraf edim ki, məni hər zaman maşinistin işi çox maraqlandırıb.
- Bəli, çox maraqlıdır. Yüksək məsuliyyət, diqqət tələb edən işdir. Düzdür, texnologiyanın inkişafı onların işini xeyli asanlaşdırıb. Bu gün maşinist istəsə belə, heç bir səhvə yol verə bilməz. Çünki hər şey kompüterləşib. Sən də o proqrama uyğun getməlisən.
- Bəs siz özünüz qatarı idarə edə bilirsiz?
- Metropolitenə rəis keçənə qədər əlbəttə, sürməmişdim. Amma rəis olandan sonra fikirləşdim tutaq ki, stansiyadayam, maşinistin problemi var, pis vəziyyətdədir, ya da ki, huşu gedib və sairə. Haradansa maşinistin gəlməyini gözləməliyəm. Kənardan baxan da qınayar ki, buna bax, rəisdir, qatarı idarə edə bilmir. Qərar verdim ki, öyrənəcəm, öyrəndim də. İndi qatarı sərbəst idarə edə bilirəm. Demək fikirləşirəm ki, bu gün Cahangir Əsgərov təyyarə sürə bilmirsə, "AZAL"ın prezidenti ola bilməz. Şükürlər olsun ki, o da təyyarəni idarə edə bilir. Amma deyə bilmərəm, Aydın Bəşirov gəmini idarə edə bilir, ya yox. Onu da gərək soruşam. Amma fakt odur ki, Metropolitenin rəisiyəm və mənəvi borcumdur ki, qatarı idarə etməyi də bacarım.
- İnsana kənardan xarakteristika verib min don geyindirə bilərlər. Amma şəxs özü əsl xarakterinin necə olduğunu hamıdan yaxşı bilir. Əslində Tağı Əhmədov necə insandır?
- Mənə hər cür xarakteristika verirlər və deyim ki, kütlənin də fikirlərini təkzib etmək istəmirəm. Amma mənə təsir edən bir şey varsa, o da insanların verdiyi yersiz suallar, yersiz müdaxilələr və haqsız danışıqlardır. Yəni bunlar olanda istər-istəməz insan üzünü turşudur. Səmimiyyət və ünsiyyət olan yerdə isə hər şey normal olur. Yenə də deyirəm ki, insanları öz fikirlərindən daşındırmaq üçün heç bir təşəbbüs göstərmək istəmirəm və hər kəs öz fikrində qalsa, yaxşıdır.
- Əslində nə qədər həssas olduğunuzu şeirlərinizdən də görürük...
- Mənim də qəlbim var və arada yazıram. Özümə şair demirəm... heç həvəskar şair də deyiləm.