Aktrisa Mətanət Əhmədova: “Bəxtiyar Hacıyev, get hərbi xidmət çək”
15 Aprel 2014 18:18 Mədəniyyət"Bəxtiyar Hacıyev mənə deyir ki, ərindən boşan, səndən əl çəkim. Niyə? Ailə quranda boşanmaq üçün qururlar? Onlarda bəlkə elədir, deyə bilmərəm, bizdə belə deyil". Bunu APA-ya açıqlamasında Türkiyə vətəndaşı olan Nurəddin Eresin həyat yoldaşı, aktrisa Mətanət Əhmədova deyib. Onun sözlərinə görə, həyat yoldaşının B. Hacıyevdən aldığı puldan xəbəri olmayıb: "Həmişə demişəm ki, pulunu istəmək onun haqqıdır. Ümumiyyətlə, onların arasında nə olubsa, bunun mənə aidiyyəti yoxdur. Biz demirik ki, onun pulunu qaytarmayacağıq. Heç kim heç kimə boş-boşuna pul vermir. Deməli, Bəxtiyarın özünün də maddi marağı olub ki, qazanc olacaq, mənə də verərsən. Bu, ortaq qazanc deməkdir. Pulu notarius yolu ilə veribsə, deməli, qanunla da almalıdır. Gedib versin məhkəməyə, haqqını tələb eləsin. Amma əl-qol bağlamaq, adamı qəbiristanlığa aparmaq cinayətdir və o, buna cavab verməlidir. Dəfələrlə mənim özümü də təhqir edib. Deyir, kişiləri aldadıb altına maşın alıbsan. Mən üç ildir maşının kreditini ödəyib qurtara bilmirəm. Bəlkə mənim əvəzimə maşının kreditini verib? Mən 20 ildir dişimlə-dırnağımla, öz əziyyətimlə tanınmışam, hörmət qazanmışam. Sən kimsən axı? Sən azərbaycanlısansa, get hərbi xidmət çək. Mənim qardaşım Qarabağda can qoyub, idman ustasıdır, kontuziya alıb, Sumqayıtın ruhi xəstəxanasında yatır. Sənin kimilər də lotuluq edir, adam döyür. Bəxtiyar Şəhidlər xiyabanından utansın, orda mənim əmilərim yatır".