"... niyə qocalmırsan?" - MÜSAHİBƏ
"Mən də hər dəfə cavab verirəm ki, vaxtım yoxdur, vaxtım olan kimi qocalacam"
24 İyul 2012 12:32 MədəniyyətƏməkdar artist Suğra Bağırzadə braziliyalı rejissorun filmində çəkilməsi və digər maraqlı məqamlar barədə Milli.Az-a danışdı.Suğra xanımla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasındakı iş otağında görüşdük. Onu tanımadan, fəaliyyətinə bələd olmadan da bu otağa daxil olan kimi haqqında fikir yürütmək olar - otağın qapısından başlamış, ümumi vəziyyəti, tərtibatı elə təəssürat yaradır ki, sanki bu məkan bir tərəfədir, kinostudiyanın bir neçə on ildən bəri təmir üzü görməyən binası başqa bir tərəfə. Bu isə ondan xəbər verir ki, otağın sahibəsi özünü və deməli, bütövlükdə insanlığı sevən şəxsdir.- Atam körpü memarı, anam isə evdar qadın idi. Amma həkim ola bilərdi - Tibb Universitetinin stomatologiya fakültəsinin üçüncü kursunda oxuyanda ailə həyatı qurub, ona görə də təhsilini yarımçıq qoyub. Biz ailədə doqquz uşaq olmuşuq - yeddi bacı, iki qardaş, bir qardaşım rəhmətə gedib.
- Yəqin ki, bacı-qardaşlarınız ən müxtəlif peşələrin sahibləridir?
- Yox, demək olar ki, hamısı ya mühəndis-inşaatçı, ya da müəllim peşəsini seçiblər. Bircə böyük bacım həkimdi.
- Deməli, ailədə incəsənətə marağı və istedadı olan bircə sizsiniz?
- Bəli, belə çıxır. İkinci sinifdən kino sahəsindəyəm. O vaxtlar axı filmlərin dublyajında uşaq obrazlarını elə uşaqlar səsləndirirdilər. Mən də o yaşlarda Qaqarin adına Pionerlər Sarayının "Cücələrim" ansamblının üzvü idim.
- Moskva dekadasında da iştirak etmişdiniz...
- Bəli. Hətta o dekadada maestro Niyazinin dirijorluğu altında ifa etdiyim Qənbər Hüseynlinin "Cücələrim" mahnısı "Dünyanın ən yaxşı uşaq mahnıları valı"na daxil edilib. Bu da təsadüfi deyil - mənimlə Milovanov məşğul olub, Müslüm Maqomayev də vaxtilə onun sinfində oxuyub. Həmişə səhnədə olduğuma görə məni dublyaja cəlb etmişdilər. Oxuduğum 7 nömrəli məktəb isə o illərdə Hökumət Evinin yanında yerləşən kinostudiyanın binasına yaxın olduğu üçün dublyaj studiyasının əməkdaşları məni rahatca aparıb-gətirirdilər.
Çox maraqlı dövr idi. Təsəvvür edin ki, dublyaj studiyasında Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Sona Hacıyeva, Hüseynağa Sadıqov kimi sənətkarlarla birlikdə işləyirdim. Onların hamısı böyük sənətkar olmaqdan əlavə, birinci növbədə əsl insan idilər. Mənə uşaq kimi yox, həmkar kimi yanaşırdılar. Ruhlandırıcı münasibətləri ilə çox münbit ab-hava yaradırdılar. Ələsgər Ələkbərov yazılışa mən olanda gəlməyə üstünlük verirdi, çünki vaxtı dar olurdu, başqa uşaqlardan fərqli olaraq isə məndə birinci dəfədən alınırdı. O, kinostudiyanın həyətinə girən dəqiqədən artıq hamımız bilirdik ki, Ələsgər Ələkbərov gəlib - atmosfer bunu büruzə verirdi. Dəhlizdən keçəndə hamının salamını özünəməxsus tərzdə başını hər dəfə azca əyərək alırdı.
- Dublyaj etdiyiniz ilk rol yadınızdadır?
- Bəli, bir özbək filmində üç yaşlı uşaq obrazı idi. O vaxt sovet respublikalarının bütün kinostudiyalarında çəkilmiş filmlər dublyaj olunub prokata buraxılırdı. İndi təəssüf ki, kinostudiyanın dublyaj studiyası fəaliyyət göstərmir. Telekanalların dublyaj etdiyi filmlər isə dublyaj sənətindən çox uzaqdır. Amma o zaman bu işə çox yüksək səviyyədə diqqət ayrılırdı. Hər obrazın yaşına, statusuna uyğun aktyor seçilirdi. Filmlər elə gözəl dublyaj olunurdu ki, elə bil ki, "Azərbaycanfilm"in istehsalı idi.
- Bəs çəkildiyiniz ilk film elə "Ulduz" idi?
- Yox, ondan əvvəl, səkkizinci sinifdə oxuyanda Zeynəb Kazımova məni özünün "Yollar və küçələrlə" filmində məktəbi bitirmiş bir qız roluna çəkilməyə dəvət etdi. Doqquzuncu sinfə keçəndə isə "Ulduz"dakı Yetər roluna təsdiq olundum. Bu rola təsdiq olunmağımla çox fəxr edirdim. Əslində, Ağarza Quliyevin məni bu rola çəkmək fikri yox idi. Filmin ssenari müəlliflərindən biri və operatoru olan Yuri Fogelman vaxtilə Moskva dekadasını da lentə almışdı. Elə o vaxtdan mən onun diqqətini cəlb eləyibmişəm. Fikirləşib ki, məndə aktrisalıq qabiliyyəti var. Ona görə də Ağarza müəllimə təklif etmişdi ki, Yetər roluna məni də sınaq çəkilişlərindən keçirsin. Ağarza müəllim əvvəl etiraz edib, çünki mən hələ doqquzuncu sinfə keçmişdim, Yetər isə institut tələbəsi idi. Bədii şuranın mənim namizədliyimi qəbul edəcəyi inanılası deyildi. Ona görə də bu rola təsdiq olunanda çox fəxr edirdim. Təvazökarlıqdan uzaq da olsa, o cür aktyorlara layiqli tərəf-müqabili oldum, "Ulduz" filminin indiyə qədər maraqla baxılmağında mənim əməyim görünür.
- Bununla belə, məktəbi bitirəndə sənədlərinizi İncəsənət İnstitutuna vermədiniz.
- Hamı gözləyirdi ki, mən ya müğənni olacam, ya da aktrisa. Xüsusən də ona görə ki, dublyaj studiyasındakı fəaliyyətim sayəsində aktyor "stavkam" var idi. Bu isə İncəsənət İnstitutuna daxil olmaq üçün çox yaxşı göstərici idi. Amma orta məktəbin sonuncu sinfində atam dedi ki, daha dublyaj etmək, kinoya çəkilmək qurtardı, indi dəqiq elmlər sahəsindən özünə bir sənət seçmək vaxtıdır. Həmişə əlaçı olduğuma görə ali məktəb seçimi mənim üçün problem olmadı. AZİ-də yüksək molekullu mühəndis-texnoloq ixtisası üzrə təhsil aldım.
Hamı bilir ki, bu ali məktəbdə oxumaq tələbədən xüsusi dözüm tələb edir. Diplom işlərinin yazılması mərhələsi başlayanda isə lap çətin oldu, çünki ədəbiyyatın hamısı rus dilində idi. Mən də bu dili təmiz bildiyim üçün tələbə yoldaşlarıma kömək edirdim, bizə lazım olan materialları azərbaycancaya çevirirdim. Daha özüm üçün tərcümə eləməyə vaxt qalmadığına görə diplomumu rus dilində müdafiə etməli oldum. Tələbəlik illərində "Özbəkfilm"dən baş rola çəkilmək təklifi alsam da, atam razılıq vermədi, hətta institutun ansamblına üzv olmağa icazə vermirdi.
İnstitutu bitirəndən sonra bir müddət elmi-tədqiqat institutunda işlədim. Sonra kinostudiyaya dəvət olundum, aşkarlama sexində çalışmağa başladım. Yenidən çəkilməyə isə yalnız böyük qızım boya-başa çatandan sonra başlaya bildim. Əvvəllər özüm də bu məşğuliyyətə hobbi kimi baxırdım, amma illər ötdükcə bu, ciddi marağa çevrildi. Ona görə yenidən kamera qarşısında dayanmağı özümə borc bildim.
- Sizin fəaliyyət yolunuz, xüsusən Azərbaycan qadını üçün çox qeyri-standartdır - həyatınızın müxtəlif dövrlərində bacarığınızı və həvəsinizi realizə etməyin özü ayrı bir bacarıqdır. Kimyaçı, aktrisa, rəssam: bu peşələrin önəmlilik ardıcıllığını, yəqin ki, özünüz üçün müəyyənləşdirmisiniz?
- Elə bu cür hesab edirəm: mən birinci növbədə kimyaçıyam, sonra aktrisa, daha sonra isə rəssam. Film çəkilişləri çox vaxt yay dövrünə təsadüf edir, özü də Bakıdan kənarda aparılır. Buna görə aşkarlama sexində də yay aylarında iş daha gərgin olur. Dəfələrlə olub ki, aşkarlama sexindəki işimlə əlaqədar şəhərdən çıxa bilmədiyim üçün bircə məni quraşdırılmış pavilyonda Bakıda çəkiblər. Məsələn, "Alma almaya bənzər" filmi bütünlüklə Qubada çəkilib, bircə məni rəhmətlik Arif Babayev Bakıda çəkdi. Rejissor, ssenari qane edirsə, roldan imtina etmirəm. Son işlərimdən biri Ələkbər Muradovun "Ülgücün kənarı ilə" filmində Dağıstan knyazının xanımı obrazıdır.
- Bəs əcnəbi rejissorlardan heç təklif almamısınız?
- Almışam. Amma yalnız 70-ci illərin ortalarında bu təkliflərdən biri real işə çevrildi. Moskvada Ali Rejissorluq Kurslarını bitirən, öz vətəni Braziliyada kifayət qədər tanınmış rejissor Ermenio de Souzo Oliveyra "Bu gün, sabah və ilaxır..." filmində baş rola, Mariya roluna məni çəkmişdi. Bu, onun diplom işi idi. Adımı çox çətinliklə tələffüz edirdi. Çəkilişlər Bakının köhnə məhəllələrində aparılırdı. SSRİ qapalı dövlət olduğundan o vaxt əcnəbi rejissorla işləməyin özünəməxsus çətinlikləri var idi. Təəssüf ki, özüm o filmi görə bilmədim - diplom müdafiəsindən sonra Oliveyra kinolenti özü ilə Braziliyaya apardı. Beləliklə, Bakıda çəkilmiş film braziliyalıların ixtiyarına verildi. (Aktrisanın filmoqrafiyasında adları çəkilən filmlərdən savayı, "Şir evdən getdi", "Tələ", "Yuxu", "Güllələnmə təxirə salınır", "Sonuncu şahid", "Qəmbər Hüseynli" kimi ekran əsərləri də var - red.)
- Bəs floristikaya marağınızı, bu işə qabiliyyətinizi necə aşkar etdiniz?
- Bizim evdə həmişə çoxlu dibçəklərimiz olub. Ona görə gül-çiçəyi uşaqlıqdan sevmişəm. Floristikanın bu növü ilə məşğul olmağım məhlullarla təcrübə apara-apara alındı. Birinci dəfə bu üsulu evdəki dibçəklərdə sınaqdan keçirdim. Gərək bitki təzə-tər olsun ki, məhlulun ağırlığına davam gətirə bilsin.
- Haradan alırsız bu qədər təzə-tər gül-çiçəyi?
- Nardarandakı bağımızda çoxlu gül-çiçək yetişdirirəm. Şəhərin gülsatanları da məni yaxşı tanıyırlar, dağlardan gözəl-gözəl gül-çiçək gətirirlər. Yeganə çətinlik emalatxanamın olmamasıdır. Amma bu, floristikaya marağımın analoqu olmayan əsərlərə çevrilməsinə mane olmayıb. Hətta Ümumdünya Floristlər Assosiasiyasının "Floristika sənayesində yeni səmt yaratdığına görə" sertifikatı ilə təltif edilmişəm.
- İşlərinizin satışından necə, razısınız?
- Daha çox əcnəbilər alırlar. Bu işlə məşğul olmaq maddi vəziyyətə təsirdən daha önəmli stimula malikdir - yaşamağa maraq verir, bu marağı artırır.
- Suğra xanım, bütün bu bacarıqlarınızdan əlavə, siz həm də illərin yanınızdan çox ötəri keçdiyi xanım kimi tanınırsınız. Bu da ayrı bir bacarıqdır?
- Xarici görünüş genlərlə, xasiyyətlə çox bağlıdır. Əgər insanın xasiyyəti birinci növbədə onun özünə problemlər yaratmırsa, başqa sözlə, insanları olduqları kimi sevməyi bacarırsa, bu pozitivlik zahiri görkəmdə mütləq özünü büruzə verir. Mən bu vaxta qədər heç kimdən böyük mənada xainlik görməmişəm, məhəbbətim də hər kəsə yetir. Bu sualı mənə tez-tez verirlər - niyə qocalmırsan? Mən də hər dəfə cavab verirəm ki, vaxtım yoxdur, vaxtım olan kimi qocalacam.