Azərbaycan-Özbəkistan müttəfiqliyi: Türk dünyasının geosiyasi imkanları genişlənir- ÖZƏL
16:47 SiyasətPrezident İlham Əliyev Özbəkistanın informasiya agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə əsaslandığını bildirib.
Dövlət başçısı qeyd edib ki, son illərdə iki ölkə arasında əlaqələr sürətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, son beş ildə yüksək səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların keçirilməsi siyasi dialoqun yüksək səviyyəsini göstərir.
İlham Əliyev 2024-cü ildə Özbəkistana, 2025-ci ildə isə Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərinin əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdiyini vurğulayıb. O bildirib ki, iqtisadi-ticari, energetika, yaşıl enerji, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq da sürətlə genişlənir.
Azərbaycan və Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Türk dünyasının geosiyasi mövqeyinə necə təsir edə bilər? Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi regionda, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazda geosiyasi balansın formalaşmasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Türk Dövlətləri Təşkilatının qarşısında duran yeni məqsədlərə doğru üzv dövlətlərin arasında əlaqələrin inkişafı müşahidə olunur. O cümlədən Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi Türk dünyasının geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir və Cənubi Qafqaz ilə Mərkəzi Asiya regionlarında yeni bir geosiyasi balans formalaşdırır.
Bu strateji tərəfdaşlığın yaratdığı əsas geosiyasi təsirlər vardır. Azərbaycan və Özbəkistan Xəzər dənizi vasitəsilə Türk Dövlətləri Təşkilatının şərq və qərb qanadlarını birləşdirən əsas coğrafi oxa çevrilir. İki güclü regional dövlətin hərbi-siyasi müttəfiqliyi TDT daxilində qərarların qəbulunu sürətləndirir və təşkilatın qlobal güc mərkəzinə çevrilməsini təmin edir.
Müttəfiqlik əlaqələri Türk dünyasında gələcək ortaq təhlükəsizlik və müdafiə platformasının formalaşması üçün presedent yaradır.
İki ölkənin logistik ittifaqı Çindən Avropaya uzanan Orta Dəhlizin təhlükəsizliyini və rentabelliyini artıraraq onu alternativ marşrutlardan daha cəlbedici edir.
Xarici güclərin təsirinin azaldılması yönündə də bu birliyin əhəmiyyətli dərəcədə rolu var. Bakı və Daşkəndin vahid cəbhədən çıxış etməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada qlobal güclərin (Rusiya, Çin, Qərb) regional proseslərə birtərəfli müdaxilə imkanlarını məhdudlaşdırır.
Bütün bunlarla paralel olaraq Mərkəzi Asiyanın, o cümlədən Özbəkistanın yaşıl enerji və karbohidrogen resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqli regionun qlobal iqtisadi asılılığını azaldır və müstəqilliyini bərkidər.
Özbəkistanın timsalında Mərkəzi Asiyanın böyük dövlətinin dəstəyi Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini rəsmən möhkəmləndirir və Ermənistan ilə sülh prosesinə regional dəstəyi artırır. Odur ki, Özbəkistan ilə Azərbaycanı həqiqətən də tarix, mədəniyyət, dil, din və yeni siyasi, iqtisadi əlaqələr birləşdirir".
Zeynəb Mustafazadə