Zeynal Əmrəliyev: "Prezidentin Özbəkistana səfəri Türk Dövlətləri Təşkilatının güclənməsinə xidmət edir" –ŞƏRH ÖZƏL
19:47 Siyasət"Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin inkişafı əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət ikitərəfli münasibətlərin inkişafı, ikinci istiqamət isə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsidir. Bu baxımdan, səfərin Türk Dövlətləri Təşkilatının güclənməsinə çox böyük xidməti olacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, nəzərə alsaq ki, postmüharibə dövründən sonra Azərbaycan ümumilikdə Türk dünyasının aparıcı və açar dövlətlərindən biri hesab olunur, cənab Prezidentin Özbəkistana səfəri də məhz bu siyasətin möhkəmlənməsinə xidmət edən mühüm amildir. Digər önəmli məsələ Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafıdır. Son zamanlarda Özbəkistan Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir və burada olduqca mühüm iqtisadi islahatlar həyata keçirilir. Əlbəttə ki, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan Mərkəzi Asiyanın əsas ölkələrindən biri olan Özbəkistanla sıx siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır. Bu əlaqələrin güclənməsi hər iki ölkənin xeyrinə ola biləcək mühüm bir zəmindir. Müxtəlif sahələr üzrə, ümumilikdə, demək olar ki, bütün istiqamətlərdə əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıqla bağlı artıq müxtəlif razılaşmalar mövcuddur. Siyasi, iqtisadi və digər sahələr üzrə əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsi üçün çox güclü potensial var. Nəzərə alaq ki, hazırda Özbəkistan eyni zamanda Avropanın Mərkəzi Asiyaya açılan qapılarından biridir və Avropa ilə Çin arasındakı əlaqələrdə Özbəkistanın logistik imkanlarından geniş şəkildə istifadə edilir. Eyni zamanda, Azərbaycan da həm hazırkı situasiyaya görə, həm də Zəngəzur dəhlizinin açılmasından sonra Şərq və Qərbi birləşdirən əsas tranzit yollarından biri kimi həm Şərq, həm də Qərb üçün mühüm əhəmiyyət kəsb edən ölkədir.
Ekspertin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişafı da bu müstəvidə xüsusi nəzərə alınmalıdır. Eyni zamanda, Orta Dəhliz layihəsinin həyata keçirilməsində və birgə enerji layihələrinin reallaşdırılmasında iki ölkənin əməkdaşlığı çox mühüm əhəmiyyət daşıyır. Azərbaycanın İpək Yolu layihəsinin Özbəkistanda həyata keçirilməsi, eyni zamanda Azərbaycan Beynəlxalq Bankı və SOCAR-ın Özbəkistana investisiya yatırması, paralel şəkildə Özbəkistan şirkətlərinin Azərbaycana investisiyalar yatırması iki ölkə arasındakı əlaqələrin inkişafında olduqca mühüm əhəmiyyət kəsb edən məqamlardır.
Səidə Ramazanova