Əkbər Qoşalı: "Təzyiqi tərəfdaşlıq, təhdidi dostluq kimi qəbul etməyəcəyik" – ÖZƏL

"Rusiya XİN son günlər həmin tip sərt media çıxışlarının Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib və münasibətlərin, necə deyərlər, qarşılıqlı anlaşmalar əsasında inkişaf etməli olduğunu vurğulayıb. Ola bilsin, burada iki müstəvini bir-birindən ayırmaq mümkün görünsün: Rusiyanın rəsmi dövlət siyasəti və Rusiyanın müəyyən siyasi-media çevrələrində formalaşdırılmağa çalışılan anti-Azərbaycan təsəvvürü. Doğrudur, son dönəmlər Rusiya informasiya məkanında Azərbaycana münasibətdə sərt, bəzən diplomatik leksikanın sınırlarını aşan çağırışların artdığını görürük; bax, bunu görməməzliyə vurmaq doğru olmazdı; ancaq ayrı-ayrı politoloqların, ekspertlərin, media resurslarının mövqeyini avtomatik şəkildə Kremlin yeni dövlət siyasəti kimi təqdim etmək məsələsində də siyasi təhlil baxımından təmkinliliyin zərəri olmaz. Elə Rusiya XİN də son açıqlamalarında bu cür fikirlərin rəsmi Moskvanın mövqeyini ifadə etmədiyini bildirib".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, informasiya mühitində yaranan tendensiyalar bəzən gələcək siyasi davranışın, necə deyərlər, laboratoriyası rolunu oynaya bilir. Bu anlamda "Svobodnaya Pressa"dakı, ona bənzər materiallar diqqətlə izlənilməlidir. Çünki söhbət bir məqalədən daha çox, Azərbaycanı öncəki geopolitik qəliblər içində görmək istəyən düşüncə tərzinin təzahüründən gedir. Bəli, bölgə artıq öncəki bölgə sayıla bilməz; Azərbaycanın 10-20 il öncəki Azərbaycan olmadığı da bəsbəlli. Biz 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmiş, müstəqil xarici siyasət imkanlarımızı önəmli dərəcədə genişləndirmiş dövlətik. Moskva ilə münasibətlərimizə də bax, bu suveren dövlət məntiqindən yanaşırıq. Yəni: qarşılıqlı sayğı varsa - əməkdaşlıq, qarşılıqlı maraq varsa - tərəfdaşlıq var. Eləcə də, təzyiq dili varsa, onun qarşılığında milli maraqların müdafiəsi vardır.

Bəs iqtisadi və enerji münasibətlərinin Azərbaycana siyasi təzyiq alətinə çevrilməsi nəzəri baxımdan mümkündürmü? 

Əlbəttə, dövlətlərarası münasibətlər tarixində iqtisadi vasitələrin siyasi məqsədlərlə istifadəsi yeni hadisə deyil. Bununla belə onun mümkün olması başqa şeydir, uğurlu olması tamam başqa...
Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmiz son onilliklər içində enerji göndərişi marşrutlarını və xarici iqtisadi bağlarını şaxələndirib. Türkiyə, Türküstan və bütövlükdə Türk dünyası ilə, Avropa ilə genişlənən bağlar Azərbaycanın manevr imkanlarını artırıb. Orta dəhlizin yüksələn önəmi də burada ayrıca nəzərə alınmalıdır. Azərbaycan artıq enerji göndərən edən ölkə olmaqla yanaşı Gündoğanla Günbatar, Quzeylə Güney arasında enerji, yükdaşıma qovşağıdır. Ona görə də iqtisadi təzyiq siyasəti birtərəfli nəticə doğurmaz. Rusiya ilə Azərbaycan arasında ticarət, yükdaşıma, tranzit, humanitar və digər sahələrdə yetərincə geniş qarşılıqlı maraqlar mövcuddur. Belə münasibətlərdə iqtisadiyyatın siyasi cəza mexanizminə çevrilməsi yalnız Bakıyamı zərər vuracaq? - Əlbəttə, yox. Bundan bütün iştirakçılar zərər görə bilər. Mən məsələyə bir qədər də geniş baxardım. Azərbaycan-Rusiya münasibətlərinin gələcəyini "kim kimi sıxışdıracaq?" sualından daha çox, "ilk sırada Kreml dəyişən geopolitik gerçəklikləri nə qədər düzgün oxuyacaq?" sualı müəyyənləşdirəcək. Azərbaycan hansısa dövlətin yanında başqa bir dövlətə qarşı dayanmaq zorunda deyil. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə münasibəti də ilk növbədə özünün ardıcıl suverenlik, ərazi bütövlüyü prinsipindən doğur. Biz öz ərazi bütövlüyümüzə hansı hüquqi-siyasi ölçü ilə yanaşırıqsa, beynəlxalq münasibətlərdə də eyni prinsipin keçərli olmasını təbii sayırıq.
Bu səbəbdən Azərbaycanın müstəqil mövqeyini "anti-Rusiya siyasəti" kimi yozmaq yanlışdır. Məgər müstəqil siyasət kiməsə qarşı siyasət deməkdirmi?
Əgər Rusiyanın müəyyən çevrələri iqtisadi əməkdaşlığı siyasi itaət yaratmaq vasitəsi kimi təsəvvür edirsə, bu, çox çox yanlışdır. Çünki qonşuluq mədəniyyəti qarşılıqlı güvən, suverenliyə sayğı və bir-birinin milli maraqlarını legitim qəbul etmək qabiliyyəti tələb edir.

Rusiya XX yüzildən qalma təsir dairələri məntiqini, yoxsa XXI yüzilin bərabərhüquqlu dövlətlərarası münasibətlər modelini seçəcəkdir? 

Göründüyü kimi, bu gün əsas məsələ Moskvanın hansı yolu seçəcəyinə sıx bağlıdır. Azərbaycan öz seçimini çoxdan edib: müstəqillik, milli maraq və qarşılıqlı faydalı əməkdaşlıq. Dostluğa - dostluqla, tərəfdaşlığa - tərəfdaşlıqla cavab veririk; ancaq təzyiqi tərəfdaşlıq, təhdidi dostluq kimi qəbul etmək kimi bir fikrimiz yoxdur. Azərbaycanla münasibətlərin ən etibarlı yolu Azərbaycana sayğı duymaqdan keçir. Bizə təzyiq göstərmək nəinki yol deyil, yolsuzluqdur...

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31