Mənəviyyatımızın ekologiyası
“Allah insana ağıl veribsə daha nə verməlidir, əgər ağıl verməyibsə bəs onda nə verib?”
12 Fevral 2014 15:29 MədəniyyətÖzümüzdən yaşda böyüklərlə oturub-durmaq, dostluq etmək nəsillikcə adətimizdir. Bu günün özündə də bu ənənəyə sadiq qalıram. Mənim ən "gənc" dostlarımdan biri də Əkbər Qoşalıdır ki, yaşı 40-keçmişdir. Demək olar ki, hər gün məni görən kimi "Gətir bir o "Olaylar"ı görək təzə nə yazmısan?" deyə soruşan məhəllə ağsaqqalları ilə hər gün bir neçə saat təmasda oluram. Elə bu yazı da həmin qocalarla etdiyim söhbətin bəhrəsidir.
Ədəbiyyatımızın böyük simalarından biri olan M.P.Vaqifin aşağıdakı misraları mənə çox xoş gəldiyindən onun yaradıcılığına dönə-dönə müraciət etmişəm.
Hər yetən gözələ gözəl demərəm,
Gözəldə bir qeyri əlamət olur.
Fəlsəfi anlam kəsb edən bu fikri yozaraq belə bir qənaətə gəlmək olur ki, gözəlin gözəl görünməsi üçün təkcə onun fiziki gözəlliyi yetərli deyil. Gözəlin gözəl görünməsi üçün gözəlliyindən əlavə digər insani keyfiyyətlərə malik olması gərəkdir. Və bir də daxili gözəlliklə zahiri gözəllik bir-birini tamamlamalıdır. Bax, onda gözəl həqiqi gözəl sayıla bilər. Böyük Yaradan "yer üzünün əşrəfi", "xəlq olunmuşların ən gözəli" adlandırdığı insanı doğrudan da gözəl yaratmışdır. Digər məxluqlara ayrı-ayrılıqda verdiyi bütün xüsusiyyətlərin tamamını yalnız insanlara bəxş etmişdir, təbiətin ixtiyarını ona vermişdir, ən vəhşi, qorxunc heyvanları insanlara ram etdirmişdir.
Bəzən bir rəssama yaratdığı əsərinə görə vəsf edirik. Unuduruq ki, ən böyük rəssam Tanrı özüdür ki, insan adlı bir sənət əsəri yaratmışdır. Allah insanı gözəl yaratmaqla yanaşı bu gözəlliyi qoruyub saxlamağı da insanlara həvalə etmişdir. Çoxumuz gözəl görünmək üçün yalnız gözəl libaslar geyməyi yetərli bilirik. Halbuki gözəl görünmək üçün gözəl sözlər eşitməli, gözəl insanlarla təmasda olmalı, bir sözlə, insanı əhatə edən hər şey gözəl olmalıdır. Deməli, insan gözəlliyinin qorunub saxlanmasında ətraf mühitin, daha doğrusu, həyatın rolu şəksizdir.
Bu gün baxdığımız hər bir kinofilm, dinlədiyimiz hər bir mahnı mənəviyyatımızın formalaşmasında rol oynayır. Bir bayağı mahnını, bir şit şeri, bir maraqsız söhbəti dinləyərkən zövqümüz korlanır, ona görə də yaxşını yamandan, dostu düşməndən seçə bilmirik.
Çox maraqlıdır, səsimiz oldu-olmadı, oxumağa can atırıq, hamımız ulduz olmaq istəyirik. Bircə bu suala cavab axtarmaq istəyirəm ki, biz hansı günümüzə oxuyub oynayırıq?. Əlbəttə deyərsiniz ki, gün-gündən gözəlləşən ölkəmizə oxumaq da yaraşır, oynamaq da. Razıyam. Amma dərdlərimiz də var axı. Bu gün çox arxalı, məkrli bir düşmənlə baş-başayıq. Vətənimizin üzük qaşı olan Qarabağ düşmən tapdağı altında imdad diləyir.
Köksündə Qarabağ ağırlıqda dərd gəzdirən bir millətin deyin görək dərdlərini unudub ulduzları yarışdırması lazımdırmı?. Mən "xalqımız şair xalqdır, namuslu
xalqdır, zəhmətkeş xalqdır" sözlərini eşitmişəm, amma müğənni xalq olmasını eşitməmişəm. Görəsən əhalisi milyard yarımı keçən Çində bizim ölkəmizdəki qədər ulduz varmı? İnanmıram. Əslində biz heç kimin müğənni olmasına qarşı deyilik. İstəyirik mahnılarımızı gözəl səsi olanlar oxusun. İnanıram ki, bu belə də olacaq. Çünki, atalar demiş, "bildirçinin bəyliyi darı sovruluncadır". Onsuz da zaman Sabir demişkən "nehrə kimidir, çalxalanacaq, çalxalanacaq sonda pisi yaxşıdan ayıracaq".
Biz mənəviyyatımızın saflığından danışarkən ilk növbədə dilimizi bu eybəcər, əttökən sözlərdən təmizləməli, daha doğrusu dilimizi saflaşdırmalıyıq, onu ərəb və fars sözlərindən təmizləməli, türk sözləri ilə əvəz etməliyik. Çünki, dilin mədəniyyət üzərində təsiri olduqca böyükdür. Amma bəzən bunun əksini də görürük. Məsələn, heç də qədim dilə malik olmayan yaponlar bu gün dünyanın ən varlı, ən mədəni millətlərindəndir. Buna yaponlar öz intellekt səviyyələri ilə nail olmuşlar. Təsadüfi deyildir ki, dövlət başçımız qeyri-neft sektorunun inkişafından danışarkən xalqımızın intellekt səviyyəsini yüksəltməyi ön plana çəkir. Eyni zamanda iqtisadi cəhətdən güclü olan dövlətlər öz dillərini uluslararası dillər səviyyəsinə qaldırmağa çalışırlar. Biz artıq ingilis dilinin timsalında bunun şahidiyiq. Yaponiyada bir müddət yaşamış bir yaxınımız danışırdı ki, bu xalq mədəni olduğu qədər də qənaətcildir.
Bir ərəb atalar sözündə deyilir "Əl-kəlam yəcirrül-kəlam"-yəni söz sözü çəkər. Yeri gəlmişkən bir neçə kəlmə qənaət barədə. Xalqımızın toy kimi çox gözəl bir adəti vardır. İki gəncin birləşib təmiz əxlaqlı bir müsəlmanın ailəsinin təməlini qoymasından hansımız iftixar hissi keçirmirik. Bu toyların mən də bir neçəsində iştirak etmişəm və toydan artıq qalan ərzağın necə atıldığını öz gözlərimlə görmüşəm. Deyirlər Dədə Qorqud adətlərimizə ad seçərkən toy sözünə "doy" deyibmiş. Doyunca yemək və şənlənmək! Necə də gözəl səslənir. Amma görəsən bu peyğəmbər xislətli adam toydan artıq qalmış ərzağın zibilə atıldığını görsəydi nə edərdi? Heç şübhəsiz bu gözəl adəti bizə yasaq edərdi. Millətimiz millət olmaq etibarı ilə çox zəhmətkeş və çalışqan millətdir. Çəkdiyimiz zəhmətin müqabilində dolana bilməməyimizin ən başlıca səbəbini mən bir çox adətlərimizin israfçılığnda görürəm. Zənnimcə, istər ailədə, istərsə də dövlətdə böhranlar belə yaranır. İnsan qazandığından çox xərcləyəndə böhranın yaranması mütləqdir. Bu sətirlərin müəllifi bir müəllim ailəsində qənaətlə tərbiyələndiyindən israfçılığın yolverilməz olduğunu yaxşı başa düşür. Məşhur Hind eposu "Kəlilə və Dimnə"də yazılır:
Dağdan hey götürüb desən ki çoxdur,
Bir də görərsən ki, dağ özü yoxdur.
Müqəddəslərdən biri isə israfçılığı günah saymış və bu "günah xalqı ruzidən məhrum edər"-demişdi. Bu gün biz həyat səviyyəmizi yüksəltmək üçün həm vaxtımızdan, həm gücümüzdən, həm də düşüncəmizdən səmərəli istifadə etməliyik. Bu yaxınlarda aparılan hesablamalara görə əhalisinin sayının milyard yarımı keçən çinlilər dünyada alıcılıq qabiliyyəti ən yüksək olan xalq hesab olunmuşlar. Buna əlbəttə onlar ilk növbədə intellekt səviyyələri ilə nail olmuşlar.
Amma digər səbəblər də vardır. Bildiyimə görə çinlilər əkilməyən bir qarış belə torpaq qoymur, heyvandarlıqlqla ciddi məşğul olurlar. Biz də çinlilər kimi çalışmalıyıq. Ə.Firdovsi "Şahnamə" əsərində İran tarixindən, padşahların xalqı ətraf ölkələrdə baş verən yeniliklərlə tanış etməsindən söhbət açır;
Toyuqla xoruzdan tutunca xəbər,
Ki, xoş banlayırlar hər erkən-səhər.
Gətirdi dedi; saxlayın bunları,
Toyuq saxlayan elin artar varı.
Bu israfçılıq təkcə toylarımıza aid deyil. Yas məclislərindəki israfçılıq daha dözülməzdir. Gələnəklərimiz gözəl olduğu qədər də israflıdır. Bu gün bu adətləri sadələşdirmək üçün bir şair, bir yazıçı, bir ağsaqqal sözünə böyük ehtiyac vardır.
Hörmətli yazıçımız Anar yazır ki, "İndi hər kəs öz yazdıqlarını oxuyur". Bu müəyyən mənada doğrudur. Amma hörmətli Anar müəllim, elə yazarlarımız var ki, hamı oxuyur. Bəs onlar niyə susurlar? Bəs xalqımızın mənəviyyatını pozan şou proqramlara kim etiraz səsini yüksəltməlidir? Yadınızdadırmı bir neçə il bundan qabaq muğamlarımıza qarşı neçə hücuma keçilmişdi. Buna muğam ifaçıları əks hücumla cavab verdilər. Nəticəsi necə oldu?. Bu gün muğam sənətimiz dünyada birincidir.
Bir neçə kəlmə bəzi televiziya verilişlərinə münasibət bildirmək istəyirım. Bunlardan biri "Toylar kralı"dır. Fikrimcə Toylar kralının "tac"ını musiqimizin beşiyi sayılan Şuşada qoymaq lazımdır. Qoy toylar kralı olmaq istəyənlər bu "tac"ı Sasani şahı Bəhram öz tacını iki şirin arasından götürdüyü kimi gedib Şuşadan gətirsin. Onda bu "kral"ı həqiqətən də alqışlamağa dəyərdi.
Yazının əvvəlində qeyd etdim ki, insan yaranmışların ən gözəlidir, təbiətin sahibidir, bütün yeraltı və yerüstü sərvətlər onun ixtiyarındadır. O, yarandığı gündən saysız-hesabsız məhrumiyyətlərlə üzləşsə də, nə qədər əzilsə də, təhqir olunsa da yenə də cəmiyyətin ən ali, ən əzəmətli, qüvvəsi olub, bütün qanunların qaynağı sayılıb. Dünyada hər şeyin gözəli insan üçündür. Xalq şairi Rəsul Rza lakonik tərzdə qələmə aldığı "Bir gün də insan ömrüdür" şeirində yazırdı:
Plan dövlət qanunudur, bilirsən özün,
Amma adamsız nə plan, nə dolum,
Adamlarda olsun gözün.
İnsan hər şeyin yaxşısını dinləməli, yeməli və geyməlidir. Onun zövqünün korlanması haradasa suç sayılmalıdır. Çünki o, yaranmışlardan ən gözəli, ən şərəflisidir. Ədəbiyyatımızda insanların ucalığından bəhs edən azmı əsərlər, fəlsəfi cərəyanlar var? Bu gün xalqın mənəviyyatını pozmaqla çoxlu pullar qazanılır. Pulu "alabaxta palıdı udan kimi udan" insanlara bir atalar sözünü xatırlamaq istəyirəm. "Pulda vəfa olsaydı əldən-ələ gəzməzdi".
Ə.Vahid yazır:
Vahid, aləmdə bir insanlığa xidmət qalacaq,
Varmı bir şey aparan qəbrə kəfəndən qeyri.
Onsuz da malınızı, mülkünüzü bu dünyada qoyub gedəcəksiniz. Övladlarınız isə sizi onlar üçün qoyub getdiyiniz var-dövlətə görə deyil, millətiniz üçün xeyirxah əməllərə görə xatırlayacaq. Əlbəttə, əgər bu xeyirxah əməllər varsa. Bir gün taleyiniz Sizə "Faust"u ucadan oxutduranda" bax, onda millətin gəncləri üçün etdiyiniz xeyirxah işlərlə təsəlli tapacaqsınız.
Bu yaxınlarda atamın kitabxanasından əlimə "Uçitelskaya qazeta"-dan saralmış köhnə bir nömrə keçdi. Məqalənin tarixini və məqalə müəllifini təyin edə bilməsəm də, onun sovet dövründə yazıldığını təyin edə bildim. Müəllifi narahat edən məsələni bir cümlə ilə belə ifadə etmək olar. Oğlan uşağı bağça yaşına qədər anasının, bağçada orta və ali məktəblərdə isə qadın müəllimlərin əhatəsində olur. Yəni, oğlanlar kişi müəllimlərin tərbiyəsi ilə böyüməlidir. Bildiyimə görə artıq bu məsələ ilə bağlı Rusiyada həyacan təbili çalınıb, kişi müəllimlər üçün çoxlu güzəştlər nəzərdə tutulub. Bu problem bizdə də var. Tam bu əsnalarda televiziya kanallarının birində heyvanlar haqqında seyr etdiyim bir veriliş məndə məqalə müəllifinin haqlı olduğu qənaətini yaratdı. Körpəlikdən anasını itirən və insanların qayğısı ilə böyüyən bir pələng ələ keçirdiyi ovu neçə parçalayacağını bilmirdi. Deməli onu pələnglərin arasında böyütmək lazımmış.
Bu gün biz Avropaya inteqrasiya edir, onların adətlərindən özümüz üçün məqbul olanlarını istər-istəməz qəbul edirik, yəni yeniləşirik. Yeniləşə-yeniləşə də əxlaqi sərvətlərimizi bir-bir itiririk. Onsuz da bu gün üçün müqəddəs sayılacaq az amalımız qalıb. Avropalıların bizə mədəniyyət kimi aşıladığı hər şey ailə institutumuzun dağılmasına yönəlib. Min illərin sınağından keçən ailə qanunlarımız var. Azərbaycan ailəsində dəmir qanunların möcudluğunu çox eşittmişik. "Kəlilə və Dimnə"də yazılır: "İnsan zəhərli ağac əkdiyini yalnız o zaman bilir ki, həmin ağacın meyvəsindən özünə yedirirlər". Bu gün gənclər arasında tez-tez baş verən intiharlar avropalıların bizə aşıladığı bu mənəviyyat pozğunluğu ilə bilavasitə bağlıdır.
Bir dəfə atam mənə yaşı 80-ni haqlamaş Saray nənəni göstərdi. Cəmi 3 günün gəlini olmuş bu məğrur qadının əri Böyük Vətən müharibəsində həlak olmuşdu. O, isə gözlərini yollara dikib ərini gözləyirdi. Onu qınayanlara "mən yorğan mitili deyiləm ki, gündə birinin üstünə örtülüm. İnsan neçə dəfə ərə gedər? Görünür taleyim belə imiş". Saray nənənin vəfatını eşidəndə çox kədərləndim. Və bu gün esemeslə ərə gedən və əri ola-ola pullu kişi axtaran qadınları xatırladım.
Xalqımızın min illər boyu qoruyub yaşatdığı ənənələrdən biri də bozbaş xörəyidir. Lakin bu gün bu sözün ələ salınıb təhqir edilməsi, pis nə varsa onun bozbaşa oxşadılması xalqımızın minillik adətlərinə hörmətsizlik deyilmi?
Daha bir neçə məsələyə münasibət bildirmək istəyirdim ki, qəlbimin dərinliyindən bir səs mənə Ulduzun atası Əliş kişinin bu sözlərini pıçıldadı: "Zilə çıxma".
Söz sizindir ağsaqqal ziyalılar, istəyirəm ki, mənim səsimə səs verəsiniz!
Yeqzar Cəfərli