“Əlinin papağını Vəlinin, Vəlinin də papağını Əlinin başına qoyub, dolanıram” - AKTRİSA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis rejissoru Yan Vilyem ilə işləyən sevimli aktrisa Naibə Allahverdiyeva martda təqdim edilməsi gözlənilən yeni tamaşasının məşqlərini davam etdirir: "Teatrda ingilis rejissoru Yan Vilyem ilə yazıçı Martinin trilogiyasını hazırlayırıq. Üç əsər bir gündə oynanılacaq. Bu yeni layihə İngiltərə səfirliyi tərəfindən təşkil edilir".  Sənət yeniliklərindən xəbər verən aktrisa mahnı ifa edərək, hətta ona klip çəkdirdiyini də söyləyib. Uzun müddətdir ki, mahnı oxuduğunu deyən Naibə xanım tamaşaçıların onun bu istedadından xəbərsiz olmasının səbəbini efirdə müğənnilik istedadını nümayiş etdirməməsi ilə əlaqələndirir: "Mən çoxdan ifa edirdim, sadəcə  efirə çıxmırdım. Amma bu dəfə ifamı tamaşaçılara təqdim etməyi qərara aldım. "Əli xınalı gəlin" adlı mahnıya klip çəkdirmişəm. Musiqisi Arif Səlimova, sözləri Turala aiddi. Klipin rejissoru isə Orxan Əlidi". Problemlərindən danışmaq istəməyən Naibə xanım bəzi məsələlərdən gileyini də gizlətməyib. O, çəkilən seriallarda peşəkarlıq amilinin aşağı olmasının səbəbini izah edir. Naibə xanım deyir ki, bu işin başında duran şəxslərin rejissorluqdan, aktyorluqdan belə xəbəri yoxdu: "Problemsiz həyat yoxdu. Problem olmadıqda həyat maraqlı da olmur. Problemlərdə insanların arzuları da var. O qədər problemim var ki. Hansından danışım? İstəmirəm bunu açıqlayım. Sənətdə isə əsas gileyim seriallarla bağlıdı. Hazırda çəkilən seriallar məni qane etmir. İstəməzdim ki, dövlətin bu qədər vəsait ayırmasının qarşılığında belə keyfiyyətsiz seriallar çəkilsin".

Seriallara çəkilmədiyini deyən aktrisa səbəblərdən birini verilən qonorarın azlığı ilə əlaqələndirir: "Hazırda seriala çəkilmirəm. Səbəbi də aktyora aşağı məvacibin verilməsidi. Dövlət bu qədər pul ayırır, amma aktyorlara heç nə çatmır. Müəyyən təbəqə var ki, pullar onlar tərəfindən mənimsənilir. Verilən pullar peşəkar aktyorları qane etmədiyi üçün qeyri-professionalları, istedadsızları bu sənətə gətirir, onları seriallara çəkirlər. Çox nadir hallarda bu tip seriallarda peşəkar aktyor görmək mümkün olur. Belə seriallarda iki aktyor peşəkar, digərləri isə qeyri-professional, tamaşaçıların qəbul edə bilmədiyi şəxslərdi. Nəticədə serialların keyfiyyəti aşağı enir". Az-çox seriallardan təklif aldığını deyən aktrisa bəzi təklifləri rədd etməsini deyir. O, qeyd edir ki, bu gün serial çəkənlər sırasında qeyri-peşəkar rejissorlar üstünlük təşkil edir: "Təkliflər gəlib. Bəzi təklifləri qəbul etməməyimin başlıca səbəblərindən biri də rejissorların qeyri-peşəkarlığı, ortalıqda hər hansı bir işinin olmamasıdı. Serial çəkmək üçün heç olmasa gərək ki,  sənin bir filmin, qısametrajlı ekran əsərin olsun. Dünən parta arxasından  durub serial çəkə bilməzsən ki. Elə adamlar serial çəkir ki, eşidəndə dəhşətə gəlirsən. Kameranın nə olduğunu, onu necə idarə etməyin lazım olduğunu bilməyən birisi necə serial çəkə bilər? Belə adamların əllərinə pul vermək, onlara serial çəkdirmək düzgün deyil. Biabırçılıq baş alıb gedir. Adam içinə çıxanda deyirlər ki, sən Allah o nə seriallardı çəkilir. Camaat deyir bunu, bu tamaşaçının fikridi". Teatrda qazancının bir o qədər də ürəkaçan olmadığını söyləyən aktrisa birtəhər vəziyyətdən çıxdığını deyir: "Nə deyirsiz verirlər də. Qonorar deyəndə ki,...nə bilim. Maaşımız çox yüksək deyil. Birtəhər dolanırıq da. Hərdən el şənliklərinə də gedirəm.  Əlinin papağını Vəlinin, Vəlinin də papağını Əlinin başına qoyub, dolanıram".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31