Nyu Yorkda "Cavad xan" filminin təqdimatı keçirilib
10 Fevral 2014 11:59 MədəniyyətNyu Yorkdakı Sultan Əyyub Mədəniyyət Mərkəzində "Cavad xan" filminin nümayişi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli qonaqları salamlayaraq film haqqında məlumat verdikdən sonra mərasimə Azərbaycandan qatılan qonaqlara söz verilib. "Cavad xan" filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış ediblər. Çıxışlardan sonra filmə baxış keçirilib. "Cavad xan" filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və Nyu-York şəhərində yaşayıb çalışan həmyerlilərimiz də olub. Filmə baxışdan sonra Nyu York-Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Erdərənli və Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil filmin yaradıcılarını təşkilatın fəxri diplomu ilə təltif ediblər.