“Toska” operasının tamaşasında dünya ulduzları bir araya gələcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşalarında müxtəlif ölkələrdən dəvət edilmiş vokal və balet sənəti ulduzlarının iştırakı artıq bir ənənə şəklini alıb. Bu sıradan Teatrda növbəti tamaşa fevralın 15-də üç dövlətin - Türkiyə, Belorus və Azərbaycanın opera sənəti ulduzlarının ifasında baş tutacaqdır. Həmin gün görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcək. Tamaşada Toska partiyasını Türkiyədə son dərəcə populyar olan İstanbul Opera və Balet Teatrının aparıcı solisti Dəniz Yetim ifa edəcəkdir. Dəniz bir sıra beynəlxalq müsabiqələrin qalibi, o cümlədən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısıdır. Türkiyə KİV-ləri onu "Türk operasının divası", "Qızıl səsli soprano" adlandırırlar. Tamaşada Kavaradossi rolunda isə Türkiyənin məşhur və istedadlı tenoru, Ankara Opera və Balet Teatrının aparıcı solisti və eyni zamanda bu teatrın direktoru vəzifəsində çalışan Aykurt Çinar çıxış edəcək. "Toska" operasının tamaşasında əsas partiyalardan biri Skarpiadı. Bu partiyanı ifa etmək üçün Teatrın rəhbərliyi Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belorusun Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu dəvət edib. Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Əməkdar  Artist Əkrəm Poladov və gənc solist Cahangir Qurbanov çıxış edəcək.

Dirijor Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdi.  

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31