“Eurovision 2014”ün aparıcıları bəlli oldu
Müsabiqənin aparıcılığını jurnalist Nikolay Koppel, aktyor Pulu Aspek və teleaparıcı Lize Renne edəcək
5 Fevral 2014 18:15 MədəniyyətDanimarkanın paytaxt Kopenhagendə keçiriləcək "Eurovision - 2014" mahnı müsabiqəsinin aparıcılarının adları açıqlanıb. eurovision.tv-nin verdiyi məlumata görə, onlar pianist və musiqi sahəsi üzrə ixtisaslaşmış tanınmış jurnalisti Nikolay Koppel, aktyor Pulu Aspek və teleaparıcı Lize Rennedir. Onlar iki yarımfinal və final müsabiqəsində aparıcılıq edəcəklər. Şou biznes nümayəndələrinin yaxşı tanıdığı şəxslərin adları Danimarka televiziyasında keçirilən mətbuat konfransıda açıqlanıb.
Xatırladaq ki, ötən il İsveçin Malmö şəhərində keçirilən "Eurovision- 2013" müsabiqəsində Danimarka təmsilçisi Emmeli de Forest qalib gəlməklə yarışın bu il Danimarkada keçirilməsinə nail olub.
Onu da qeyd edək ki, Danimarka üçüncü dəfədir ki, bu müsabiqəyə ev sahibliyi edir. Müsabiqə Kopenhagenin B&W kompleksində keçiriləcək. "Eurovision-2014" də 37 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 6-ı və 8-də, finalı isə ayın 10-da keçiriləcək.