Ölümü adiləşdirən dost-Bahadur Ağayev!

Mədəniyyət xadimi Bahadur Ağayevin ölümünə elegiya

İnsan nə qədər sağlam, gümrah və firavan həyat keçirtsə də, hər gün bir azca qocalır, hər gün bir azca yaşlanır və hər gün bir az daha ölümünə yaxınlaşır. İndi qocalıq fiziki mənalardan daha çox psixoloji-mənəvi anlam daşıyır. İnsan yaşlandıqca bu dünyanın bu həyatın haqsızlıqları ilə daha çox qarşılaşır və onu daha çox məhz elə bu qocaldır. Qonşunda, elində, obanda, iş yerində gördüyün ədalətsizliklər, kiminin harın, kiminin miskin həyatı, murdarlıqlar, vəzifə-mənsəb, dünya malı uğrunda rəzalət ləyaqətli insanları həmişə əzib, sarsıdıb, üzüb,.. Bu halında insan ömrü sanki hər dəqiqəsində bir il qədər sürətlə israf olunur və qısalır. Ömür pis adamların, sarsıntılı hadisələrin, məqamların ucbatından qısalıb daha tez sona çatırmış. Ömrünü çox sürətlə yaşayıb israf edən və başa vuran dostlarımızdan biri də Bahadur Ağayev oldu. Mədəniyyətin fədaisi idi. Klub işini gözəl bilirdi. Mədəni-kütləvi tədbirləri peşəkarcasına hazırlayır, gözəl aparıcılıq edirdi. Hətta sabiq prezident Heydər Əliyevin qarşısında çıxış etmiş, Lənkəranda onun qarşılanma və xalqla görüş tədbirinin də aparıcısı olmuşdu. Çoxları onun xidmətindən yararlanır, amma kimsə onu layiqincə dəyərləndirmirdi. Savadına görə ondan çəkinən, daha yüksəklərə qalxa biləcəyindən əndişələnənlər vardı. O isə həyasız və hiyləgər deyildi, əməli kimi sözü də üzdə idi. Nədənsə əvvəlcə onun işlədiyi müəssisə yenilənmə adı ilə söküldü, ancaq yenisi tikilmədi. Sonra daha bir iş yerini bina qəzalı imiş kimi itirdi. O bina hələ də durur. Bahadur isə artıq qırx gündür ki, daha aramızda yoxdur. Dostları onun potensialının qəzəbə, əsəbi vəziyyətlərə israf olunmasını rəva bilmədilər və onu biznesə cəlb etdilər. Uğurlu və sədaqətli xidməti göz önündə oldu. Amma Bahadur biznes üçün deyil, mədəniyyət üçün doğulmuşdu. Klub sistemində işləyən dostlarını görəndə yeni ideyalarını bölüşür, köməyini əsirgəmirdi. İki eşşəyin arpasını belə bölə bilməyən nakəslər ondan böhtanlar yazır, ona əzab verməkdən həzz alırdılar. Bəzən kimlərisə anında və ən sərt qaydalarda cəzalandıra bilmək üçün orta əsrlərə dönməyi arzulayırsan. Bahadur sivil mübarizəsindən qalmır, həqiqəti deməkdən bezmirdi. Amma ömrü ikiqat, üçqat israf olunur və qısalırdı. Günlərin bir günü... daha dözə bilmədi, hər şeyə üsyan edərək cismini qoydu, çıxıb getdi - Haqqın dərgahına qovuşdu! Nakəslərdən, üzüqara zəmanədən, haqsızlıqlardan, hakimlərin gülünc qərarlarından, ədalətsizlikdən Allaha şikayət etmək üçün birbaşa Onun qəbuluna getdi. Seyid nəslinin nümayəndələri cənab Haqqın yanında şərafətlə qəbul olunur deyə Bahadur bizləri tərk etdi. Onun ölüm xəbərini eşidənlər hələ də inana bilmirlər. Dostları Məzahir, Qabil, Adil,.. vağzalyanı platformada axşamlar indi onsuz gəzirlər. Gülmür, şənlənmir, daha əvvəlki qədər danışmır, çox tez də ayrılmağa çalışırlar. Çünki Bahadur onlarla birlikdə deyil. Evində qızı Səmra, oğlu Elton, həyat yoldaşı Təranə xanım da gecələri yatağa tez uzanır, onsuz keçən gerçək günlərin uzunluğuna dözmürlər. Yuxuda atanı, dostu, sirdaşı, sevgili əri sap-sağlam görə bilsinlər deyə. Onun çərlədən nakəslər üçün də indi Bahadursuz günlər yəqin ki, çox mənasız keçir. Onun belə tez ölməsinə görə Allaha şikayət yaza bilməyəcək axı. Amma hamı kimi yəqin ki, bədxahlar da indi Bahadurun geri qayıtmasını istəyər; məncə ondan üzr istəmək üçün. Amma Bahadur geri dönməyəcək. Dönəcəksə nəvələrinin şəxsində dönəcək və ona qarşı haqsızlıq edənlərin nəvələrini bağışlayacaq. Bu dünya o qədər fani, bu ömür o qədər qısadır ki, onu qovğalara israf etməyə əsla dəymir. Nakəsin cəzasını onsuz da cənab Haqqın özü verəcək! Hökmən verəcək! Bu ömrü Allahın yanına qayıdarkən Onun suallarına veriləcək cavab barəsində düşünməyə həsr etmək daha düzgün olmazmı? O halda bahadurların ömür adlı saatı tez bitməz, tez dayanmaz. Dayanmayacaq bir zaman, bir yol var - Qiyamətə doğru haqq yolu!
Haqq yolun nurlu olsun, Bahadur Ağayev! Dualarını bizdən əsirgəmə! Bizsiz darıxma da! Hər gün bir addım sənə tərəf gəlirik. Bizi qarşılayanda yardımçımız olacağına görə daha ölümdən qorxmuruq. Sən bizim üçün ölümü adiləşdirdin- BAHADUR AĞAYEV!
 

Hafiz Mirzə


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31