“Sevgilini köksünə sıxanda da tənha ola bilirsən” - MÜSAHİBƏ

Cəlil Cavanşir: “Önyarğısız bir yer – heç kəs gəlib demir ki, bunun saqqalına, saçına bax”

Yazıçı Cəlil Cavanşirin "Olaylar"a müsahibəsi.

- Yaradıcı insanın tənhalığını normal saymaq olarmı?

- Yaradıcılıq tənhalıqdır. Tənhalıq yazdırır, düşünməyə şərait yaradır. Yazıçının tənhalıqdan depressiyaya düşməyi naşükürlükdür. Şair, yazı adamının ən gözəl halı, özü olduğu hal, özü ilə baş-başa qaldığı vaxtlardır. Tənhalıq əslində insanlardan qaçmaq deyil. Tənhalıq - özünlə danışa bilməyindir. Milyonların içində bu ovqatı özündə yaratmağı bacarmağındır. O cür olmayanda düşüncələrin saxta alınır. Qaçıb evin bir küncündə gizlənib yazmaq sənin yaratdığın süni təklik ola bilər. Təklik tək yaşamaqdır, yalquzaqlıqdır. Amma tənhalıq ciddi ruh halıdır. Sevgilini köksünə sıxanda da tənha ola bilirsən. Özün dediyini yalnız özün eşidirsənsə, tənhasan.

- Cəlil Cavanşir ədəbiyyatın hansı pilləsində dayanır?

- Mən özüm haqqında heç nə deyə bilmərəm. Amma elə bir yerdəyəm ki, ayaqlarım möhkəm zəmin üzərindədir. Oturuşduğumu düşünürəm. Yerim kimlərisə narahat edə bilər. Düşünə bilərlər ki, mən onların yerindəyəm. Amma olsun, mən rahatam ki, heç kəsin yerində deyiləm, öz yerimdə dayanmışam. Öz yerimdə çəkimi bilən adamam. Təbii ki, daha böyük iddialarım var. Yazı adamının iddiasının olmaması mümkünsüzdür. Desəm ki, iddiam yoxdur bu, saxta olardı. Kənardan daha yaxşı görürlər ki, hardayam. Yerimdən narazı deyiləm. Oxucu sevgisi, hörmət qaydasındadır. Oxucularımdan xeyli məmnunam. Azərbaycan ədəbiyyatının elə bir yerindəyəm ki, mənim yerimdə olmaq istəyən çox adamlar var. Bir sözlə, yaxşı yerdəyəm

- Ədəbiyyat imperiyasındakı yeni ədəbi mühiti necə qiymətləndirirsiniz?

- Yeni ədəbiyyatda bir bizim olduğumuz, bir də yeni nəslin yarandığı pillə var. Yeni dövr ədəbiyyatında iki tərəf var: köhnə nəsli bəyənməyənlər və onların tərəfdarları. Elələri var ki, çıxdıqları yeri inkar edirlər. Həmişə demişəm ki, Azərbaycanda istedadlı adamlar çoxdur. Azərbaycan ədəbiyyatının son 100 ilində az əsərlər var ki, dünyaya çıxarıla bilərlər. Azərbaycan paramparçadır. Bütöv deyilik. Tarixi torpaqlarımızın böyük hisəsi, işğaldadır. Bizim ədəbiyyatımızın oxucusu, yazıçısı da dağınıq arealda yaşayırlar. İçimizdə bütöv olmamağın kədəri var. Buna görə dünya səviyyəli yazıçı ola bilmirik. İşğalların mənfi enerjisi canımızdadır. Biz müharibə dövrünün uşaqlarıyıq. Bizlər müharibənin əzablarını, məhrumiyyətlərini görmüşük. Uşaqlığımızın üstünə  böyük bir imperiya çökmüşdü. Biz oradan çıxar-çıxmaz  necə dünya səviyyəli ədəbiyyat yarada bilərik?! Amma çalışırıq, istəyirik ki, nələrsə, yaxşı olsun. Dərbəndli, Qarabağlı, Boraçlılı, Güney Azərbaycanlı biz böyük coğrafiyayıq. Bütövlük həm təfəkkür, həm də metafizik olaraq insanı tam formalaşdırır. Bütöv olsaq, bizim ədəbiyyatın qarşısında dayanmaq çox çətin olar. Güneydə hansı ədəbiyyatın yarandığından xəbərimiz yoxdur. Biz gedib kitabımızın təqdimatını həm də Təbrizdə, Borçalıda, Qarabağda keçirməliyik. Dediklərim saxta vətənpərvərlik kimi yozulmasın, bu bir yazıçının arzulardır. Bunlar olmadan tam deyilsən. Tam olmayanda ağrıyırsan. Ölkən paramparçadırsa, problem içindədirsə, yaratdığın ədəbiyyat kimə lazımdır? İlk növbədə problemlər həll olunmalıdır. Bütöv ölkədə böyük ədəbiyyat yaratmaq mümkündür. Biz bundan daha yaxşısını yarada bilərik. 50 milyonluq xalqımız Güneydə həm də dil problemi ilə üzləşib.

Dil, mədəniyyət, ərazi ədəbiyyatın alt yapısını təşkil edir.

- "Nəyimə gərəkdi səni düşünmək?" - düşünürsünüz axı.

- Əslində o şeir bir hadisə ilə bağlı şeirdir. Sevdiyim bir qadın vardı. Ondan imtina etməyin yollarını o şeirdə axtarırdım. Azadlığın tam anlaşılmadığı, bir gecəlik qadınların olduğu şəhərdə böyük bir sevginin atəşinə düşüb yanmağa dəyməz. Əslində bu onu xatırlamaq, dəyər vermək idi. Onu düşünməyə dəyərdi ki, yazmışam.

- Yazıçı Cəlil Cavanşirdən belə bir fikir var: "Bizdə kitabdan qorxurlar". Sizcə niyə?

- Metroda, avtobusda, ictimai yerlərdə əlində kitab olan insanlara qeyri-adi nəzərlərlə baxırlar. Adamların əllərində telefon, təsbeh, kosmetika çantası görməyə alışmışıq.  Kitablara qəribə baxır adamlar.Valideynlər övladlarına öyüd verir: "Bala az oxu, başını xarab eləmə!". Ya da: "Neynirsən kitabları, həyat tamam başqa şeydir". Əslində o adamlar başa düşmürlər ki, kitab həyatdır, həyat kitablarla gözəldir. Kitab almağa, ona toxunmağa qorxurlar. Bir dəfə əllərinə alıb oxusalar, onların verdiyi zövqü hiss etsələr qorxmayacaqlar. Kitablar doğruları göstərir. Bəziləri isə doğruları görməyə alışmayıblar. Belə insanların üzərinə kitabla gedirik, bizi geriyə itələyirlər.               

- 28 il tənha adada yaşamış Robinzon Kruzoya şeir həsr etmisiniz. "Robinzon" adlanan şeirinizdə Robinzona həsəd apardığınızı deyirsiniz. Nə baş verir?

- Şeiri çoxdan - tələbəlik illərində yazmışam. Daniel Defaonun Robinzonu gəmidə qəzaya uğradıqdan sonra kiçik bir adada tək yaşamağa başlayır. Əslində qəzadan sonrakı tənhalıq arzusu idi mənimki. Bir az paxıllığım tuturdu. Maraqlı gəlirdi ki, bir adam adada 28 il insansız, qeybətsiz yaşasın. Önyarğısız bir yer - heç kəs gəlib demir ki, bunun saqqalına, saçına bax. Robinzon mənə adamlarsız xoşbəxt görünür. Həmin vaxt Robinzon kimi adamlarsız yaşamağa həvəsim vardı. Ona görə, Robinzona paxıllığım tuturdu. İndi yəqin ki, bu barədə düşünmürəm. Adada təkbaşına qala bilmərəm. İnsanlar var ki, bir həftə, bir ay onları görməsəm, səslərini eşitməsəm nələrinsə çatışmadığını hiss edirəm.

- Keçən müsahibəmdə yazıçı Mirmehdi Ağaoğlu belə bir fikir ifadə etdi ki, yaxşına görə Əsəd Qaraqaplanın tez-tez kitab çap etdirməsini qeyri-ciddi hesab edir. Qaraqaplanını bu çərçivədə ciddi ədəbiyyat adamı hesab etmək olarmı?

- Şəxslərə qiymət verməkdən həmişə qaçıram. Əsəd ədəbiyyat sevdalısı adamdır. İçində böyük bir işıq var, çalışqandır. Zəhmətkeşdir. Yazdıqlarının sevilib sevilməməyi, gündəmə oturub oturmamağı Əsədin problemi deyil. Adam bu işi sevir və onunla məşğuldur. O adamı qınamaq olar ki, gedib oğurluq edər, rüşvət alar. Ədəbiyyat adına düşünəndə, mən  metr deyiləm, qiymət vermək, yol göstərmək mənə düşməz. Biz sadəcə bu işlə məşğul olan adamlarıq. Biz Əsədin nə yazıb yazmadığına, nə düşündüyünə qarışa bilmərik. O fikirləşir ki, ildə bir roman çap etdirmək lazımdır. Onu doğru hesab edir və doğru bildiyi işlə məşğuldur. İnsan doğru bildiyi işi görəndə rahat olur. Əsədin ədəbiyyatda hansı yeri tutacağı zamanın işidir. Zaman yerbəyer edəcək. İstəmirəm ki, Əsəd Qaraqaplan yazmağı buraxıb başqa işlə məşğul olsun. Yazsın. Orada rahatdır, orada xoşbəxtdir, orada özünü azad hiss edir, onunla məşğul olmağı lazım bilir. Yazmaq Əsədin işidir. Qarışmaq lazım deyil.

- Tərcümə sahəsində də kifayət qədər təcrübəniz var. Ümumiyyətlə ədəbiyyat tərcüməçisi olmaq üçün yaradıcılıq qabiliyyəti lazımdırmı?

- Ən azından dili, ədəbiyyatı, bədii sözü bilmək əhəmiyyətlidir. Tərcüməçi bir avtomobilin konstruksiyasını tərcümə etmir, söz adamı ilə, onun yaradıcı dünyası ilə metafizik  əlaqəyə girir. İnformativ tərcümə də var.  Məsələn, mən psixoanalizin banısı Froydu tərcümə etmişəm. İnformativ tərcümədir.  Nitsşedən etdiyim tərcümə də informativ tərcümədir. Təbii ki, mən onun alt qatlarına enmək üçün, dillə, düşüncə ilə bağlantı qurmaq üçün illərimi verməliyəm. Alman düşüncəsi, təfəkkürü  bizə uzaqdır. Amma bu düşüncə ilə oxucuları müəyyən qədər tanış edə bilərəm.  Bədii sözü bilməsəm, bilməsəm ki, ədəbiyyat nədir, yazı yazmağı bacarmasam çətin olar. Bu işlə məşğul olub fiaskoya uğrayan çox adamlar var. Ədəbiyyatdan xəbərləri yoxdur, amma tərcüməçilik sevdasına düşürlər. Heç nə alındıra bilmirlər. Ədəbiyyatı bilmədən bədii əsər tərcümə etmək anormaldır.

- İndiki məqamda xarici ədəbiyyatdan Azərbaycan dilinə tərcümə edilən kitabları qaneedici hesab etmək olarmı?

- Tərcümələrlə bağlı müxtəlif fikirlər var. Deyirlər ki,  tərcümə prosesində mətnin ən yaxşı halda 70%-ni çatdırmaq mümkündür. Azərbaycanda bu proses yeni başlayıb. 150 cildlik "dünya ədəbiyyatı kitabxanası", "Qanun" nəşriyyatının "Ən yeni tərcümə" seriyası yeni işlərdir. "Hədəf" nəşrləri də hal-hazırda bu işlə məşğuldur. Sovet dövründə ənənə vardı. Sovet tərcüməçisi bir kitabın tərcüməsindən aldığı qonorara özünə avtomobil alırdı. Mən tərcümə prosesində çəkdiyim siqaretin pulunu qonarardan çıxara bilmirəm. Tərcüməçinin yaxasından yapşıb tənqid etmək insafsızlıqdır. İnsafla yanaşmaq lazımdır. Tərcümə etdiyim kitabın qonararını yalvara-yalvara, xahiş-minnətlə alıramsa, nə etməliyəm? Tərcüməçi işini bitirib, qonararını almalıdır. Tərcüməçilər üçün yaxşı şərait təmin olunmalıdır. İndiki halda tərcüməçini qınaq obyekti etmək olmaz. Çətinliklərə baxmayaraq bizim çox gözəl tərcüməçilərimiz var. Bütün dövrlərdə  belələrinin sayı çoxdur. Gözəl işlər görülür. Bunları görməmək  olmaz. Yuxusuz qalıb, az qonarar müqabilində işləyən tərcüməçinin gördüyü işi tənqid etmək insafdan deyil.

- Hal-hazırda kimləri tərcümə edirsiniz?

- Hal-hazırda bu prosesi dayandırmışam. İndi redaktə ilə daha çox məşğul oluram. Amma planımda tərcümələr etmək var. Məsələn, Berhard Şrinkin bir romanını öz istəyimlə, sifarişsiz  tərcümə edəcəm. Maraqlı əsərdir, hesab edirəm ki, oxucuların rəğbətini qazana biləcək. Daniel Kelmanın "Dünyanın ölçülməsi"ni tərcümə edib bitirmişəm. Çap ərəfəsindədir. Bu kitab mənim ən son tərcüməmdir. Sifarişlər olur, amma qəbul etmirəm. Çünki adamı yorur, enerji itirisən. Nəticədə normal qazanc əldə etmirsən. Amma uzaqlaşmaq fikrim yoxdur. Vaxt tapan kimi davam etdirəcəm.

- Daha çox hansı dillərdən çevirsiniz?

- Cəmisi bir kitabı Türkiyə türkcəsindən tərcümə etmişəm. Berhard Şlinkin "Qiraətçi", Froydun "Totem və tabu"sunu, Nitsşenin "Dəccal" əsərini, bir də D.Kelmanın "Dünyanın ölçülməsi"ni almancadan çevirmişəm. "Dr.Marçın dörd oğlu" fransızca olduğu üçün türkcə versiyasını çevirdim. Çünki fransız dilini bilmirəm. Təcili - bir həftə içərisində çevirdim. Hesab edirəm ki, pis alınmayıb. Daha yaxşı redaktə olunsaydı, bəlkə də daha yaxşı alınardı. Türkcədən bir neçə hekayə tərcümə etmişəm. Daha çox alman dilinə üstünlük verirəm.

- Tərcüməçilərin çoxu Türkiyə türkcəsinə üstünlük verirlər. Nədən qaynaqlanır?

- Türkiyə türkcəsi Azərbaycan türkcəsinə yaxındır. Bizim axtardığımız kitabların çoxusu Türkiyə türkcəsinə tərcümə olunub. Mütəxəssislər asan və ucuz başa gəldiyi üçün türkcəyə üstünlük verirlər. Nəşriyyatlar da bunu istəyirlər. Amma mənim çalışdığım "Qanun" nəşriyyatı daha çox orjinaldan çevrilməyə üstünlük verir.

- Yəqin ki, başqa dilləri bilən mütəxəssislər azdır...

- Məsələn, mən Azərbaycanda italyan, ispan dilindən bədii tərcümə ilə məşğul olan tərcüməçi tanımıram. Bəlkə də var, mən tanımıram. Bizdə ingilis, fransız, rus, alman dilindən yaxşı tərcümə edənlər var. İtalyan, ispan dili bilən tərcüməçi olmadığı üçün nəşriyyat məcbur olub türk dilindən tərcümə edən tərcüməçilərə üstünlük verir. Əsər orjinal dildən tərcümədə 30-40%-ni itirisə, üçüncü dildən tərcümədə "beli qırılır". İnformativ tərcümə olur. Belə olanda əsər haqqında sadəcə məlumatın olur.

- Cəlil bəy, bizə gələcək planlarınız barədə danışardınız?

- Heç vaxt planla işləməmişəm. Plansız hərəkət edirəm. Buradan durub gedib evdə bir şeir yaza bilərəm. İstəsəm gedib romanımı davam edərəm. Bu il kitan çap etdirmək planımda yoxdur. Alınır, bir şeir yazıram, kitab çap etdirirəm, hekayə yazıram. Yaradıcılıqda xüsusi planlarım olmur. Amma iş prosesində planla hərəkət edirəm.  Romanı planla yazıram. Haradan başlayıb, harada qurtarmağı əvvəlcədən müəyyənləşdirirəm. Yazmaq istədiyim şeir haqqında da əvvəlcədən düşüncəm olur. Amma oturub kitab çap etdirmək haqqında fikirləşmirəm. Çünki vaxtı gələndə işlərin özü lazım olan yerə gedib çatır.

Mənsur Rəğbətoğlu

Əvvəli qəzetmizin 29.01.2014 tarixli sayında

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31