Castin Biber ABŞ-dan deportasiya edilə bilər
Kanadalı müğənni ötən gün Toronto polisinə gedərək təslim olub
30 Yanvar 2014 19:29 MədəniyyətMəşhur pop ifaçı Castin Biber Kanadanın Toronto şəhərində könüllü surətdə polisə təslim olub. Müğənniyə qarşı ötən ilin dekabrında mübahisə zəminində limuzin sürücüsünü vurması ilə bağlı ittiham irəli sürülməlidir. Polis idarəsinin qarşısında 19 yaşlı ulduzu çoxsaylı fanatları və jurnalistlər qarşılayıb.
Bu arada, əslən Kanadadan olan Castin Biberin Amerika Birləşmiş Ştatlarından deportasiya edilməsi tələbi ilə Ağ evin saytında yerləşdirilmiş petisiya 130 mindən çox səs toplayıb. İndi Amerika hökuməti bu petisiyaya rəsmi qaydada cavab vermək məcburiyyətindədir.
Müraciətdə təkcə Biberin davranışı deyil, həm də onun Amerika gəncliyinə mənfi təsiri də tənqid edilir. Petisiya Ağ evin saytında ötən həftə, müğənni sərxoş vəziyyətdə sükan arxasında olduğu üçün Mayamidə həbs edilərkən yerləşdirilmişdi. Polisin məlumatına görə, Castin Biber dindirilərkən spirtli içki ilə yanaşı, narkotik maddənin də təsiri altında olduğunu etiraf edib. ans