İsfar Sarabski Heydər Əliyev Fondunun dəstəyi ilə MİDEM festivalına qatılacaq
29 Yanvar 2014 16:53 MədəniyyətGənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş cazmen İsfar Sarabski Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda keçiriləcək MIDEM festivalında iştirak edəcək. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldığı festivalda məqsəd peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün əlverişli məkan hesab olunur. Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda qaliblərə NRJ Music Awards mükafatı verilir. Heydər Əliyev Fondu bu il MIDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir.