Gənc müğənni polisə düşdü
Sürət həddini aşan, içkili avtomobil idarə edən və polisləri təhqir edən müğənni hakim qarşısına çıxarılıb
24 Yanvar 2014 19:02 Mədəniyyətİfasından daha çox qalmaqalları ilə gündəmdə qalan kanadalı gənc müğənni Castin Biber yenidən polisə düşüb. Sərxoş vəziyyətdə və etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyi, polisə müqavimət göstərdiyinə görə həbs edilib.
Lakin Castin Biber 2500 dollar zamin müqabilində azadlığa buraxılıb.Bu məbləğin 1000 dolları narkotik maddənin və içkinin təsiri altında maşın idarə etmək, sürət həddini aşma, 1000 dolları polisə müqavimət göstərmə, təhqir etmə, 500 dolları isə etibarlılıq müddəti bitən sürücülük vəsiqəsindən istifadəyə görə ödənilib. Bu əməlinə görə gənc ifacı narıncı rəngli məhkum geyimində, əlləri qandallı hakim qarşısına çıxarılıb. O, həbsxanada 3 saata yaxın vaxt keçirib.
Müğənni ABŞ-da, Miami küçələrində icarəyə götürülən sarı rəngli "Lamborghini" ilə başqa bir idman maşını olan "Ferrari" ilə yarışa çıxıb. Səhər saat 04.11 olan yarışdan sonra polis Biberi saxlayıb.
Xatırladaq ki, C.Biberin işi ötən həftədə polislərə düşmüşdü. Belə ki, qonşusunun evinə yumurta ilə hücum edən kanadalı gəncin öz evinə gələn polislər onu saxlasalar da, sonradan sərbəst buraxmışdılar. ans