Bir günün şeirləri - POEZİYA
23 Yanvar 2014 17:07 MədəniyyətAfaq Sixli
***
Hamı səni tanıyırdı - məndən başqa...
Hamı məni tanıyırdı - səndən başqa...
Görüşdük, tanışdıq,
Əfsuslar olsun ki, çaşdıq...
Geri vərəqlə təqvimi, -
Qoy əvvəlki kimi
Hamı bizi tanısın,
bizdən başqa...
***
Ürəyimi tən ortadan
sənə böldüm, mənə böldüm.
Dedim, sənə azlıq edər,
öz payımı yenə böldüm.
Bölünən mən, bölənsə sən,
qısmət isə kəm-kəsirdi.
Parça-parça bölünməyə
qəlbim nahaq tələsirdi...
***
Ağılsız görmüşdünmü belə? -
Səni tanımaya-tanımaya hələ,
bilmədən yalanını-düzünü
uçurumuna atdım özümü.
Saman çöpü də yoxdu yapışam,
vicdanına ümid bağlayıram...
Özü yıxılan ağlamaz, amma
mən ağlayıram...
22.01.14.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31