“Rast” baletinin premyerası olacaq

Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı dahi Niyazinin "Rast" simfonik muğamı əsasında səhnəyə qoyulan eyniadlı baletin premyerası keçiriləcək. İki pərdəli balet tamaşasının süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulub. Qəhrəman qız Tomrisin yadelli işğalçılara qarşı Vətənin azadlığı uğrunda bu mübarizədə qılıncın gücü və qadın müdrikliyi sayəsində qələbə çalması tamaşanın əsas leytmotivini təşkil edir. Tamaşada Opera və Balet Teatrının aparıcı solistlərinin ifasında muğam parçaları da səslənəcək. Tamaşanın quruluşçu baletmeysteri Azərbaycanın  xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, libretto müəllifi - jurnalist və tənqidçi Əjdər Hacıyev, quruluşçu-rəssam isə Azərbaycanın xalq rəssamı Rafis İsmayılovdu. Tamaşanın dirijoru Azərbaycanın zalq artisti, professor Yalçın Adıgözəlovdu. Tamaşada əsas partiyaları xalq artistləri Kamilla Hüseynova (Tomris), Gülağası Mirzəyev (Atr), əməkdar artist Yelena Skomoroşenko (Banu) və aparıcı solist Anar Mikayılov (Şah) ifa edəcək. Maestro Niyazinin yaradıcılığına məxsus ən dəyərli musiqi əsərlərindən bir olan "Rast" simfonik muğamı əsasında muğam-baletin yaranması heç şübhəsiz ki, ölməz sənətkarın zəngin musiqi irsinin təbliğinə böyük töhfə olacaq. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31