Nadir Qafarzadə 2014-ci ildə yeni işini təqdim etdi
23 Yanvar 2014 13:14 MədəniyyətQalmaqallı açıqlamaları, şou-biznesdə həyata keçirdiyi layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadə "Ağlama, sevdam" adlı yeni albomunu təqdim edib. Yaradıcılığındakı yeniliklərdən danışan müğənni bildirib ki, bu onun 2014-ci il ərzində həyata keçirdiyi ilk işidir: "Yola saldığımız ildə səhnə fəaliyyətimdə uğurlarım çox oldu. Elə buna misal olaraq "Yaşıl Teatr"da gerçəkləşdirdiyim "Sən mələksən" adlı konsertimi və "Maral" mahnımdır. Düzdür, "Maral" mahnımı bəzi həmkarlarım yerli-yersiz, çox müzakirə etdilər. Zənnimcə, müzakirələr də normaldır. Demək mən iş görmüşəm ki, onu müzakirə edirlər. Bütün bunlar qaldı 2013-də. 2014-ci ildə isə həyata keçirəcəyim bir çox sürprizlər və layihələr var. At ilinin mənə düşərli olacağına inanıram. Artıq bir neçə gün olar ki, səbirsizliklə gözlədiyim "Ağlama sevdam" adlı albomum işıq üzü gördü. Bu yeni ildə ilk albomumdur. Albomda sevilən mahnılarımla yanaşı, yeni ifalarımda da yer alıb. Yeni albomumu istəyənlərə hədiyyə olaraq vermək niyyətim yoxdur. Əldə etmək istəyənlər bir az xərcə düşməlidir. Qiymətini isə açıqlamaq niyyətim yoxdur ".
Qeyd edək ki, N.Qafarzadənin yeni "Ağlama sevdam" adlı albomunda 32 mahnı yer alıb. Albomda müğənnin yeni fotosessiyasından olan şəkilləri də yer alıb.