Almaniyalı teatr mütəxəssisləri Opera və Balet Teatrında...

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin ən maraqlı əsərlərindən biri olan "İl Tabarro" ("Plaş") operasının premyerası olacaq.
Bu əsərin ilk tamaşası dekabrın 14-ü, 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutaraq böyük uğur qazanmışdır. Həmin vaxtdan "İl Tabarro" dünyanın qabaqcıl opera teatrlarının repertuarında möhkəm yer tutur və tamaşaçılar tərəfindən böyük marağa səbəb olur. Əsər son dərəcə gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənir.
Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi ilk dəfə bu operanın quruluşunu həyata keçirmək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını - quruluşçu-rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edib. L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra isə quruluşçu-rejissor kimi çalışmışdır. Hazırda o Bavariya Opera sənəti festivalının baş direktoru, xanlm Korneliya fon Kerssenbrofk isə həmin festivalın musiqi rəhbəri və dirijorudu. K.Kerssenbrofk uzun illərdir ki, Azərbaycan Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq edir. Tamaşanın bütün not materialları onlar tərəfindən Almaniyadan gətirilib
"İl Tabarro" operası Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaqdır və heç şübhəsiz ki, operasevərlərin çox böyük marağına səbəb olacaq.
Tamaşada Teatrın aparıcı solistlərindən Əməkdar Artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31