Nazpəri Dostəliyeva türk musiqiçiləri ilə bir araya gəlir
13 Yanvar 2014 14:52 MədəniyyətXalq artisti, ADİMU-nun pedaqoqu, sevimli müğənnimiz, gözəl xanım Nazpəri Dostəliyeva oxuduğu retro mahnıları yeni aranjemanda layihə şəklində tamaşaçılara təqdim edəcək. Aranjemanlarla və layihə ilə bağlı sənətkar tez-tez Türkiyəyə səfər edir. "OLAYLAR"a eksklüziv açıqlamasında sevilən sənətkar bunları söylədi: "Oxuduğum bütün retro mahnılara, eyni zamanda məni tamaşaçılara sevdirən müəllif mahnılarıma Türkiyədə türk sənətçiləri və bu sahədə püxtələşmiş aranjemançılar yeni nəfəs verir. Böyük bir türk orkestri bu işlə məşğuldur. Ağır olduğu qədər də məsuliyyətli bir işə imza atmışam. Nə qədər çətin olsa da, mən çalışıram ki, türk musiqiçiləri mahnılarımın orijinallığını qoruyub saxlasınlar. Kənar elementlərin daxil edilməsinə heç cür icazə vermirəm. Azərbaycan mahnıları olduğuna görə hər bir mahnımda milliliyimiz qorunub saxlanmalıdır. Azərbaycanlı olduğum üçün həmişə fəxr etmişəm bə bu gün də fəxr edirəm. Əgər hər hansı bir dövlətdə Azərbaycan musiqisini şərəflə təbliğ edə bilirəmsə, deməli sənətdə keçən hər ilim musiqi qanadlarında keçib. Söz verirəm ki, aranjemanlar tam hazır olduqdan və mahnılar lentə alındıqdan sonra yaradıcılıq məhsulumu ilk dəfə "OLAYLAR"a təqdim edəcəm".
Hər bir layihəsi uğurla qarşılanan, səviyyəsi ilə seçilən, fərqlənən Nazpəri xanımın bu layihəsi də inanırıq ki, tamaşaçıların ürəyincə olacaq və onlara bir dünya sevinc bəxş edəcək.
Alim Nəbioğlu