Bəstəkar-müğənninin halı pisləşdi

Səsyazma studiyasına həkim çağırıldı

Böyük şövqlə səsyazma studiyasına üz tutan bəstəkar-müğənni Arif Səlimovun halı qəflətən pisləşib. "Günahsız günahkaram" adlı mahnını klip üçün lentə aldıran bəstəkar mahnının ikinci bəndini ifa edərkən qəfildən halı pisləşib, huşunu itirib. Studiya əməkdaşları təcili olaraq həkim çağırırlar. İlkin müayinədən sonra bəstəkarın həkimlərin səyi nəticəsində halı düzəlir. Rejissor Rəhman Əliyevin bu vəziyyətdə mahnı ifa etməmək təkidinə baxmayaraq, Arif işini sona çatdrır. Məlumatı əldə etdikdən sonra bəstəkarla əlaqə saxladıq: "Mən bu mahnını mütləq oxumalı idim. Səsyazma studiyasına daxil olanda istər həyatda, istərsə də sənət dünyamda aldığım zərbələr, raslaşdığım haqsızlıqlar, yaşadığım ağrı-acılar, sevği bəsləyib xəyanət gördüyüm insanların mənə qarşı haqsız mövqeləri gözlərim önündə canlandı. Yaxşılıq edib əvəzində pislik gördüyüm anlar kino lenti kimi gözlərimin önündə canlandı. Saxta, nankor sevgilər sanki səsyazma studiyasında əks olunmuşdu. Oxuduğum an hiss edirdim ki, məndə nəsə çatışmır. Qəfildən halım pisləşdi, huşumu itirdim. Şükürlər olsun ki, indi vəziyyətim normaldır. Rejissor Rəhman Əliyev bu mahnıya klip çəkəcək. Hal-hazırda aktyor seçimləri aparılır. İnanıram ki, bu mahnı "O mənəm"dən sonra öz layiqli yerini tutacaq".

O ki qaldı müğənni Damla ilə münasibətlərinə, bəstəkar bunları söylədi: "Başım təzə mahnılara qarışdığından, Damla ilə məhkəmə çəkişməsinə hələ başlamamışam. Özüm üçün hüquqşünas Elmira Məmmədovanı vəkil seçmişəm və notarial qaydada etibarnamə vermişəm. Mən məni sevməyənləri, düşmənlərimi silahsız, qansız öldürəcəyəm. Yalnız səsimlə" ("OLAYLAR").

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31