Fransa mətbuatı Azərbaycandan yazdı

Fransa mətbuatında Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş sərgi ilə bağlı növbəti məqalə dərc olunub. "OLAYLAR"-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi xəbərə görə, Alzas regionunun ən nüfuzlu gündəlik mətbuat orqanı olan "Alzasın son xəbərləri" qəzetində dərc edilmiş "Dahi Nizami Gəncəvi" sərlöhvəli məqalədə sərginin Fondun təşkilatçılığı ilə keçirildiyi vurğulanır. Müəllif bildirir ki, "XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)" mövzusunda təşkil olunmuş sərgidə dahi şairin "Xəmsə"sinin motivləri əsasında çəkilmiş illüstrasiyaları əks etdirən xalçalar, gündəlik məişət əşyaları, gümüş məmulatlar və fiqurlar, o cümlədən böyük mütəfəkkirin doğulub boya-başa çatdığı Gəncə şəhərinin qədim görüntüləri və müasir fotoları nümayiş etdirilir. Yazıda həmçinin bildirilir ki, gender bərabərliyi Konstitusiyasında təsbit olunmuş Azərbaycan 1920-ci ilədək davam edən qısa müstəqilliyi dövründə müsəlman Şərqinin qadınlara səsvermə hüququnun verdiyi ilk ölkə olub. Yazının sonunda bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədi Azərbaycanın dünyada tanıdılması, ölkənin dünya mədəniyyətinə verdiyi töhfənin diqqətə çatdırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31