Nizami Gəncəvi irsi beynəlxalq səviyyədə araşdırılacaq
9 Yanvar 2014 11:23 Mədəniyyətİsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərinin tanınmış tədqiqatçılar tərəfindən araşdırılmasına başlanılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin yaradıcılıq irsi ətrafında aparılmış elmi-tədqiqatları müxtəlif dillərdə nəşr etdirməyi planlaşdırır. Mərkəzin əsas məqsədi Şərq mədəniyyətinin dahisi olan Nizami Gəncəvinin dünyada tanıtdırılması, onu yaradıcılığının əsaslandığı dəyərlərin təbliğ olunmasıdır.
Qeyd edək ki, artıq tədqiqatların aparılması ilə bağlı Hindistan, Amerika Birləşmiş Ştatları, Misir Ərəb Respublikası, Böyük Britaniya Krallığı, Fransa da mövcud arxivlərin araşdırılmasına başlanılıb. Bundan başqa İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi irsinə aid olan ədəbiyyatların kataloqlaşdırılması da nəzərdə tutulub.