Günümüzün əsas “problem”i şou-biznes qalmaqalları

Nəhayət, günümüzün əsas "problem"i həll olundu. Nazpəri ilə İlhamə barışdı. Öncə biz də belə düşündük. Aldadıcı bir başlıqla özünə auditoriya yığan media qurumlarında qısa zaman kəsiyində bu xəbər oxuma rekordu qırdı. Sən saydığını say gör fələk nə sayır. Xəbərin içini oxuduqda bəlli olur ki, sən demə belə bir şey olmayıb. Nazpəri xanım heç İlhamə Quliyeva ilə barışmaq fikrində də deyil. Xanım müğənni deyir ki, dünən bütün günü işçiləri ilə birgə tədbirlərdə olub. O İlhamə xanımla barışmayıb, barışmaq fikrində də deyil. Beləcə arzumuz yenə də puç oldu. Bu gün əksər media qurumlarında ən çox oxuma rekordunu bu cür mənasız xəbərlər qırır. Media qurumu üçün maraqlı deyil ki, bu xəbərlə cəmiyyətə nə verə biləcək. Əsas maraqlı olan məsələ izləmə rekordları qıraraq reklam toplayıb çoxlu gəlir əldə etməkdi. Müasir cəmiyyətdə bir çox mütəxəssislər bu reallığı qəbul edir. Reallıq budursa deyə bilərik ki, gələcəkdə bizi daha böyük fəlakətlər gözləyir. Buna fəlakət də deyə bilərik. Ən azından ona görə ki, istər telekanallar olsun, istərsə də ki xəbər portalları olsun bu tip biabırçılığı açıq-aşkar işıqlandırır. Bu gün Rəqsanə nə geyindi, nə soyundu, Aygün evində necə dincəldi, nə işlə məşğul oldu...və s və ilaxır. Bu tip bəsit, heç bir mənanı özündə ehtiva etməyən, əksinə sadəcə olaraq əxlaqsızlığı təbliğ etməklə yalnız fəlakətlə üz-üzə qala bilərik. Öncələr, 15 il əvvələ nəzər salsaq görərik ki, soyunanı top atəşinə tutardılar. Aygün xanımdan başqa kimisə belə bir görüntüdə qəbul etmək mümkünsüz idi. Yavaş-yavaş əxlaqsızlıq mədəniyyət adlandırdığımız bu sahəyə ayaq açmağa başladı. Beləcə səsi oldu, olmadı müğənni olmaq istəyən hər Allah bəndəsi qarşısına ilk addım kimi soyunmağı qoydu. Hələ əlində mikrafon tutmağı öyrənməmiş gecə geyimində səhnəyə çıxırlar. Son illərə nəzər salsaq, hansı şou-biznes əhlinin adını qeyd edə bilərik ki, bizə tayı-bərabəri olmayan, normal bir əsər təqdim edib? Heç biri. Bu gün "Maral-maral-maral", "Can-cana" kimi tanıdığımız ifalar rekord qırır. Beə desək, daha çox toy üslubuna yaxın olan ifalar. Bəs, xaricdə bizi, yəni üçrəngli bayrağımızı qaldırarkən hansı ifanı səsləndirmək olar? Əlbəttə ki, söhbət son illərdə yazılan bəstələrdən gedir. Bu gün öz işi-gücü ilə məşğul olan müğənnilər barmaqla sayılası qədərdi. Bunlar sırasında ilk növbədə Tünzalə Ağayevanın adını qeyd etmək olar. Bu gün bir çox gənc ifaçılara örnək olacaq sənətçilərdən biridi. Adı heç bir qalmaqalda da səslənmir. Belə ucuz yollarla reklam qazanmasına da ehtiyac yoxdu. Sənətkar gecə geyimi, qalmaqalı, kiminləsə küsüb-barışması, müxtəlif ləqəbləri ilə deyil, yalnız səsi ilə tanınmalıdı. Bir müğənni ki, pişik, əjdaha deyə tanınır, onun ifasından nə gözləmək olar?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31