“Evey, geriyə qayıda bilərsən?”

Qaldığımız yerdən başlamaq üçün yox, düşüncələrimiz orada qaldığı üçün qayıtmaq istəyirik

Başlamaq üçün bir cümlə lazımdır. Qalanını tamamlayacam. Çox vaxt başlamaq çətindir, qərarın nə olmasından asılı olmayaraq. İrəliləməmişdən qabaq isə, keçmişini çiyinlərinə yükləməlisən. Ola bilsin ki, bu, başlamaq üçün pis başlanğıc deyil. Xülasə, keçmiş - bu gün varamsa, arxamda qalan vaxtlarımdır. Yazıram, demək ki, hələ varam. Bu günki varlığın çiyinlərinə yüklənilən keçmişin bir mənası var. Onun hansı formada olması mənasızıdır. Bəlkə də var. Var və o, bizi tamamlayan hissədir. İrəliləmək üçün əvvəlcə keçmiş arxaya yüklənməlidir. Yüksüz getmək nəyisə səhv edirsən deməkdir. Səhvlər çox vaxt geriyə qayıtmağı labüdləşdirir. Qaldığımız yerdən başlamaq üçün yox, düşüncələrimizi orada qaldığı üçün qayıtmaq istəyirik. Həmişə keçmişi yox, fikirlərimizi düşünürük. Bu gün o gün olmaya bilər, biz hər an ölə bilərik. Keçmiş qarşısında imtahan verməliyik. Biz isə düşüncələrimizi fikirləşərək ölürük. Keçmişimizlə yox, gələcəklə yaşayırıq. Əlqərəz, 2013 zəncir həlqələrinin eyni rəqəmində tamamlanır. Çox vaxt sadə insanlardan fərqli olaraq, bu adamlar üçün keçmişi haqqında özlərinə verdikləri hesabatı var. Yəni ki, irəliləmək üçün keçmişlərinin ağırlığını çiyinlərində hiss edirlər. Keçmişdən yazırlar, gələcəyə göndərmək üçün. Arxadakılardan oxuyurlar, gələcəyə səslənmək üçün. Keçmişlə rəqs edirlər, gələcəyə əl uzadıb dəvət etmək üçün. Baxaq. Yox, məncə, baxmaqla kifayətlənməyək bəlkə oxuyaq? Onların keçmişinə kiçik ekskursiya, qayıdırıq. "2013-cü ili necə keçirdiniz":

Ceyhun Musaoğlu (Jurnalist Ekspert Mərkəzinin sədri, yazıçı): "Özümü cəmiyyətdə fərd kimi hiss etmirəm. Biz hələ yola yeni başlamışıq. Və hələ cəmi bir yol tapmışıq. O yol hamımızın yoludu. Bizim fərdlərə bölünməyə haqqımız çox azdı. Ayrı-ayrılıqda hər kəs rahat ola bilər. Yemək tapır, yatmağa daxması var, günəmuzd işləyib yaşayır. Əksəriyyətimizdən "necə yaşayırsan" soruşanda "şükür Allaha, bir tikə çörək tapıb yeyirik" deyir. Bu cavab fərdidi. Axı bir ölkənin inkişafı, cəmiyyətin bütövlüyü, yüksək səviyyəyə çatması bir qarın yeməklə ölçülmür. Görəcəyimiz o qədər ağır işlər var ki... Belə də necə fərdə çevrilib yorğanımızı başımıza çəkib yaşaya bilərik?. "İli necə keçirdin" sualına öz adımdan cavab versəm, mütləq "əla" deməliyəm. Rahat yaşamaq sistemimi qurmuşam. Sadəcə özümü tək hiss edə bilmirəm. Ərazisinin 20 faizi işğalda olan vətəndaş rahat ola bilməz. İstəyir şuşalı olsun, istəyir naxçıvanlı, istəyir şirvanlı. Bircə ona sevinirəm ki, dövlətimiz var. Mənə yaşamaq üşün hər şey versələr, ancaq "dövlətin olmayacaq" desələr, heç vaxt qəbul etmərəm. Düşünürəm ki, hər kəs dövlətin varlığına, inkişafına, ərazi bütövlüyünün təmin olunmasına çalışmalıdı. Hər il gözünü açıb görəndə ki, yenə Şuşa düşməndədi, yenə Laçın şeirlərdə, mahnılarda vəsf olunmaqla bizdən uzaqlaşır, bütün doğmaların yada çevrilir. Məntiqlə doğma adamlarıqsa, niyə bir-birimizə kömək edib ən dəhşətli ağrını cismimizdən, ruhumuzdan qopara bilmirik? Deməli yadıq. Fərdləşməklə yadlaşırıq"

Elçin Hatəmi (güneyli milli fəal): "2013-cü il mənim üçün həm yaxşı, həm də pis illərdən biri idi. Nə yaxşı ki, həmin ilin martında Ərən adlı oğlum dünyaya göz açdı. Onun gəlişi həyatımı büsbütün dəyişdi. 2013-də həmçinin yaxın fikirdaşlarımın və dostlarımın İranda 9 il həbs cəzasına məhkum edilməsi hələ də ürəyimdə ağrıyır. Biz Ömür Yürüş, Lətif, Mahmud və Savalanla İran rejiminin ədalətsiz qərarlarına qarşı mübarizə aparmışdıq. Axırda isə mollaların onlara verdikləri qiymət ağır şəraiti olan həbsxanaya atmaları oldu. Mən də həbsxanaya düşmək istəyirəm. Hərdən fikirləşirəm ki, kaş onların yerinə mən həbs olunaydım".

Kənan Hacı (yazıçı): "2013-cü il yeknəsək həyatıma bir rəng qatdı. İl mənim üçün şirin bir nağıl kimi keçdi, çoxlu sevgi şeirləri yazdırdı. "Yaddaş kartı" adlı kitabım çıxdı və ilin sonunda Qar qıza kədərli bir məktub da yazdım. Həyat sevgilərlə gözəldi. Şükür ki, sevgi hələ də bizimlədir. 2013 həyatımın ən yaddaqalan ili olacaq - sevincli, kədərli, acılı-şirinli günləriylə birgə".

Əsəd Qaraqaplan (yazıçı): "Pis keçmədi. Roman kitabım dünyaya gəldi. 2013 qəribə yaşantılarla dolu, çətinlikləri, əsəb gərginlikləri olan və həddindən artıq yaxşı tərəfləri olan il oldu. Özümü çox xoşbəxt hiss etdiyim günlər daha çox idi. Öz gerçək yaşantılarıma bələdçilik etdim. Hər kəs kimi 2014-cü ilin üstümüzə ilk günündən sonunadək yaxşı gəlməsini istəyirəm. O illə bağlı çoxlu planlarım var. 2013-cü ildə üzərində işlədiyim romanımın 2014-cü ildə çap olunacağını gözləyirəm".

Cəlil Cavanşir (yazıçı): "2013-cü ilin əvvəllərində türk dilindən tərcümə kitabım - Brijit Oberin "Dr.Marçın 4 oğlu" əsəri işıq üzü gördü. Əksəriyyətini gündəlik mətbuatda dərc olunan yazılar və bədii yaradıcılığıma həsr etdim. Yay aylarında Nitşenin "Dəccal" əsərini tərcümə edib, "Hədəf" nəşriyyatında çap etdirdim. Uzun müddət üzərində işlədiyim almandilli yazıçı Daniel Kelmanın "Dünyanın öçülməsi" romanının tərcüməsini bitirdim. "Dinlər, peyğəmbərlər, təriqətlər" adlı beşinci kitabımı hazırladım, çap olundu. Yaxşı qarşılandı, bunu da uğurlu hesab edirəm. Təxminən 2 il üzərində işlədiyim romanımı bu il yekunlaşdırdım. Yəqin ki, növbəti çapım həmin romanım olacaq. Çoxlu şeirlərim nəşr edildi. "Əli və Nino" kitab mağazasının dəstəyilə Şəmkirdə kitabımın təqdimatı keçirildi. Uğurlu alındı. Oxunaqlı və rezonansa səbəb olacaq yazılar yazdım. Məni xoşbəxt edən əsas məsələlərdən biri də budur. Ən əsası isə 3 ildən sonra ailəmi yanıma gətirdim. İndi bir yerdəyik. İl ərzində 160-a yaxın kitab oxumuşam. İrili-xırdalı, redaktə üçün verilmiş, əksəriyyəti də özümün seçimim olan kitablar idi. Çox gərgin, məhsuldar, türklərin sözü ilə desək, dopdolu bir il keçirmişəm. 3 tərcümə, 1 öz kitabım, təxminən 200-300 yazı, köşələr, müsahibələr, reportajlar 2013-cü ildə gördüyüm işlərdir".

Qan Turalı (yazıçı): "Belə bir qərara gəlmişdim ki, hər il bir kitab çap etdirdim. Əlbəttə hər il bir roman çap etdirmək texniki və fiziki cəhətdən imkansızdır. Amma 2010-cu ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" kitabım nəşr edildi. Bu il nə qədər çalışsam da bir kitab belə çap etdirə bilmədim. Bununla belə ilin son günlərində "Fələk qırmancı" adlı romanımı nəşriyyata verdim. Yəqin ki, kitab 2014-cü ildə üzə çıxacaq. 2013-cü il həmin romanın başa çatdırılması ili oldu. Ümumilikdə isə bu ili özüm üçün çox məhsuldar hesab edirəm. Çoxlu sayda kitablar oxumuşam. Xeyli sayda çap edilməyəsi əsərlər də var, onları yazmışam. "Kulis.az" saytı ilə məhsuldar il keçirmişəm. Gözəl, xoş məqamlarla yadda qalan ildir. Belə hesab edirəm ki, gələn il də yaxşı olacaq. Bu ildən gələn ilə bir roman göndərmişəm. 2013-ün əvəzini 2014-dən çıxacam. Çap etdirəcəyim kitabla bunu edəcəm".

Oksana Rəsulova (rəqqasə): "Ali təhsilimi bitirdim. Hindistanda dünya səviyyəli aktyorluq diplomu aldım. Sevdiyim insanlarla görüşmək nəsib oldu. Matxuri Diqşut mənim haqqımda danışdı. Bu mənim ən böyük arzum idi, 20 ildir ki, bunu gözləyirdim. Diqşut "Bollivud"un aktrisası, hind "Kat-xat" xalq rəqsinin kraliçasıdır. Adı "Ginnes"in rekordlar kitabında var. Həmişə istəmişəm ki, o mənim haqqımda ya pis, ya da ki, yaxşı sözlər desin. Hindistan televiziyalarından birində çıxış edən Diqşut Azərbaycanın adını çəkərək məndən danışıb. O bildirib ki, Azərbaycandan Oksana Rəsulova fantastik rəqqasədir. Məni bəyəndiyini deyib. Nəhayət arzuma 2013-cü ildə çatdım. Ev aldım. Həyatımda yaxşı izlər buraxan xoş hadisələr baş verdi".

Mübariz Tağıyev (xalq artisti, müğənni): "Bu il ölümdən qurtardım. Yenidən həyata qayıtdım. Ümumilikdə uğurlu il oldu. Əməliyyatlara baxmayaraq, beş mahnı yazdırdım. Ümummili lider Heydər Əliyevin 90 illiyi ilə bağlı mahnı yazıldı, video çarx çəkildi. Bunların hamısını uğur hesab edirəm. Davam edirəm, bunların ardı var. Yaradıcılığım üçün uğurlu keçdi".

Mənsur Rəğbətoğlu

P.S: "Evey, bir şey xahiş edə bilərəm?" _("V for Vendetta" filmindən). Evey isə geriyə qayıtmamaq üçün gedirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31