Eldəniz Zeynalovun doğum günü qeyd olunacaq

Qızı: “12 ildir ki, onu gözləyirəm. Elə bilirəm qastroldadı, qayıdacaq”

Dekabr ayının 31-də xalq artıstı Eldəniz Zeynalovun doğum günüdür. 2001-ci ildə dünyasını dəyişən sənətkarın qızı Gülbəniz Zeynalova "OLAYLAR"a açıqlamasında deyib ki, atasının doğum gününü onsuz qeyd edəcəklər: "Atam Eldəniz Zeynalov 2001-ci ildə dünyasını dəyişib. Həmin gündən etibarən biz Yeni il sevincini təmtəraqla qeyd edə bilmirik. Çünki dekabr ayının 31-i atamın ad günüdür. 12 ildir ki, biz ilin son gününü atamın məzarını ziyarət edir, ruhuna dualar oxudur, ailə üzvlərimizlə birgə qeyd edirik. Atam dünyasını dəyişəndən sonra anam onsuz qala bilmədi, dünyasını dəyişdi. İndi qardaşlarımla birgə tək qalmışıq. Atasızlıq ağır dərddir. Onu heç kimə arzulamıram. Bu il də əvvəlki illər kimi təkrar olunacaq. Atamı xatırlayanlar xatırlayacaq, xatırlamayanlarsa... Sevinirəm ki, heç olmasa qardaşım Məmməd atamın sənətini davam etdirir. Akademik Milli Dram Teatrının yanından keçəndə gözlərim dolur. Elə bilirəm ki, bu dəqiqə atam məni qarşılamaq üçün teatr binasının qarşısına çıxacaq. 12 ildir ki, o anı gözləyirəm. Elə bilirəm ki, atam izaq bir məkanda qastrol səfərindədir. Elə bilirəm ki, durnalar geri qayıtdığı kimi, atam da geri qayıdacaq. Təəssüf ki, möcüzə baş vermir. 12 ildir ki, gözlərim yoldadır. Ad günün mübarək, atam!".

Nə qədər çətin olsa da, Gülbəniz xanım fikirlərini yekunlaşdırdı. Ancaq xəttin o başında axıtdığı göz yaşlarını hiss etdiyimdən digər suallarımı verə bilmədim. Özündən biixtiyar dəstəyi yerə qoyan xanımı təzədən yığmağa cürətim çatmadı...

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31