Ruhəngiz Müsəvi: “İstedadlılara dəstək olaq, istedadsız onsuz da özünə yer tapacaq”

Respublikanın əməkdar artisti Ruhəngiz Müsəvi yeni aranjimanda retro mahnılardan ibarət kompakt disk buraxdırmağa hazırlaşır. Gənc müğənni Mehman Çingizoğlu ilə bərabər R.Mirişlinin "Səadət", E.İbrahimovanın "Təki sən səslə məni" mahnıları duet şəklində oxuyaraq lentə aldırıb. Gələcəkdə gənc müğənni ilə bərabər retro mahnılarla dolu növbəti bir diski buraxdırmağı qarşısına məqsəd qoyub. İllərə sinə gərən sənətkar "OLAYLAR"a açıqlamasında bunları söylədi: "Gənclik insan ömrünün ən gözəl çağlarıdır. Mən gəncləri çox sevirəm. Sənətdə sözünü demiş hər bir ustad sənətkar istedadlılara dəstək olmalıdır. İstedadsız onsuz da müxtəlif yollarla özünə yer tapacaq. Mehman gözəl ifaçı olduğuna görə ona dəstəyəm. Onu da qeyd edim ki, mən heç zaman xahişlə, tapşırıqla kimlərləsə duet oxumamışam və bu mənim təbiətimə yaddır. Mən istedad vurğunuyam və hər bir istedadlı gəncə dəstək olmağa hazıram. Gənc nəsildən özümə qarşı həmişə diqqət və qayğı görmüşəm. Sadəcə olaraq sənətə təzə gələn gənclər gərək ulduz xəstəliyinə tutulmasınlar. Ulduz xəstəliyinin ömrü çox qısa olur. Bizlər illərdi oxuyuruq. Ancaq yenə də özümüzdən böyük sənətkarlara hörmətlə yanaşırıq". Arzu edirik ki, bütün müğənnilər Ruhəngiz xanım kimi gənclərə təmənnasız dəstək olsunlar. İsdedadı boğmaq yox, ona təkan vermək lazımdır. Gəlin, bunu bacaraq.

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31