Yeni il gecəsi baxımlı görünmək istəyirsiniz?

Modelyer Şəlalə Maqsudova yeni il gecəsi, ümumiyyətlə at ilində baxımlı görünməyin sirrlərini “OLAYLAR” vasitəsi ilə sizə açıqlayır:

"At ili olduğu üçün bu il mavi rəng daha çox dəbdə olacaq. Bununla yanaşı torpaq rəngləri, yasəmən rəng çalarları özünü daha qabarıq göstərəcək". Bu sözləri "OLAYLAR"a açıqlamasında modelyer Şəlalə Maqsudova deyib. Onun sözlərinə görə bu il müxtəlif parçaların sintezindən hazırlanan geyimlər daha çox dəbdə olacaq: "Yeni ildə parçalar da xanımlarımızın gözündən qaçmayacaq. Ötən ildən fərqli olaraq bu il daha çox toxunma geyimlər, tvislər, dəri dəbdə olacaq. Xüsusi ilə də yun parçalar və tvislərdən hazırlanan geyimlərə daha çox önəm veriləcək. Belə parçalardan hazırlanan geyimlər arasında bədənə gen olan modellər üstünlük təşkil edərək göz oxşayacaq. Dəri ilə yunun sintezindən hazırlanan geyimlər də xüsusi zövq oxşayacaq". Modelyer xanım ötən ildən fərqli olaraq bu il dizdən bir az aşağı olan ətəklərin dəbdə olacağını söyləyir: "Ətəklərdə isə trapes biçimli olanlara üstünlük veriləcək. Bu il mini ətəklər deyil, dizdən bir az aşağı uzunluqda olan ətəklər dəbdə olacaq".

Şəlalə xanım aksessuar arasında soyuq daşdan hazırlanan bəzəklərin dəbdə olacağını deyərək gümüşün bir o qədər də diqqət mərkəzində olmayacağını söyləyir: "Aksessuar rənglərində gümüşü arxa planda qalacaq. Daha çox soyuq daşlara üstünlük veriləcək. Qış fəsli olduğu üçün, bir az da əlvan görünmək məqsədi ilə xanımlarımız üst geyimlərində müxtəlif rəngli xəzlərdən istifadə edə bilərlər". Modelyer yeni il gecəsi üçün xanımlara yasəmən rəng tonları ilə parlaq rənglərin qarışığından hazırlanan uzun ətəkləri seçməyi məsləhət görür: "Yeni ildə cazibədar görünmək üçün xanımlara yasəmən rəng tonları ilə parlaq rənglərin qarışığından hazırlanan geyimləri tövsiyə edirəm. Təbii ki uzun ətəklə". Yeni il qabağı hazırda bir sıra tanınmışlarla işlədiyini deyən modelyer xanımlarımıza tövsiyə də verib: "Hazırda bir çox müğənnilərlə işləyirəm. İlk işim Xatunla olub, hələ də onunla birgə çalışıram. Bundan başqa Nazpəri Dostəliyeva,  Natəvan, Nisə Qasımova, Günel Məhərrəmova və digər sevilən sənətkarlarla da işləyirəm. Aparıcılar üçün də müxtəlif biçimli geyimlər hazırlayıram. Hər bir xanıma ilk növbədə ona yaraşan zövqlü geyimlərə üstünlük verməyi tövsiyə edirəm".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31