“Oil Boom and Football” kitabının təqdimatı olacaq

Bakı Slavyan Universitetinin professoru, kulturologiya elmləri doktoru Çingiz Abdullayevin bu il çapdan çıxmış "Oil Boom and Football" (ingilis dilində) adlı kitabının Bakı Slavyan Universitetində 2014-cü ilin fevral ayının əvvəllərində təqdimat mərasimi keçirilməsi nəzərdə tutulub. Kitab İngiltərə Futbol Assosiasiyasının 150 illiyinə də həsr olunmuşdur. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Kamil İbrahimovdur.

Kitab XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda neft bumunun sosial həyata təsiri mövzusunu əhatə edir. Kitabda kapitalizmin inkişafı və neft istehsalın genişlənməsi nəticəsində şəhər ətrafında məhz neftayıran və neft emalı zavodlarının yerləşdiyi ərazinin meydana gəlməsi, nəinki zavod və fabriklər, həmçinin geniş yaşayış massivləri, "Bayır Şəhər"də barokko, qotika, klassik, neoklassik memarlıq üslublarını əks etdirən bir cox avropasayağı gözəl binaların tikilməsi, təhsil-mədəniyyət müəssisələrinin əsasının qoyulması, parklar və ictimai iaşə obyektlərinin salınması, həmçinin  idmanın, əsasən də futbolun yaranması və inkişafından bəhs edilir.

Bundan başqa İngiltərə - Azərbaycan əlaqələri də kitabda öz əksini tapmışdır.

Kitab "The British Library" kitabxanasında qeydiyyata salınıb.

Kitaba görə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri cənab F.Qurbanov tərəfindən müəllifə təşəkkür məktubu ünvanlanıb.

Kitab Böyük Britaniyanın bir neçə universitet, elmi mərkəz və futbol assosiasiyası tərəfindən rəğbətlə qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31