Teatr sevənlərə şad xəbər
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin astanasında öz yenilikləri ilə tamaşaçılarını sevindirməkdə davam edir
23 Dekabr 2013 13:45 MədəniyyətXəbər verdiyimiz kimi teatr bu günlərdə yeni tamaşanın premyerasını teatrsevərlərin ixtiyarına verib. Yazıçı-dramaturq Əli Əmirlinin "Hasarın o üzü" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, qurulşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidi. Tanınmış kino-aktrisa, Azərbaycan Respublikasının Xalq Artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Nurəddin Mehdixanlının baş rollarını ifa etdikləri tamaşada digər obrazları teatrın gənc aktyorları Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa ediblər. Dinə yuxarıdan aşağı baxan və yalnız öz gücünə, karyerasına güvənən həkim ər, dindar müəllimə qadın, onların pis mənada müasirlikdə və azadlıqda ifrata varan, milli əxlaqımıza, mentalitetimizə ikrahla yanaşan qızı və uşaq evində böyümüş, mərhəmətə, insan məhəbbətinə möhtac yeniyetmə qız... Bir dam altında yaşayan, bir - birlərini həqiqi məhəbbətlə sevən bu dörd personajın iştirakı ilə baş verən və sürətlə inkişaf edən hadisələr əslində yaşadığımız cəmiyyətin dinə, imana, insan məhəbbətinə, ədalət və mərhəmətə, halallığa olan münasibətinin göstəricisi kimi təqdim edilir.
Tamaşada eyni zamanda bu gün cəmiyyətdə problem səviyyəsinə çatmış ana bətnində uşağın tələf edilməsi və buna qarşı çıxan ananın mübarizəsi, uşaq evlərində böyüyüb tərbiyə alan yeniyetmələrin sonrakı taleyi də yaradıcı heyət tərəfindən inandırıcı epizodlarla tamaşaçıya təqdim edilib.
Dekabrın 24-də teatrın kiçik səhnəsinin açılış mərasimi həyata keçiriləcək. Kiçik səhnədə ilk olaraq Semuel Bekketin "Sözsüz" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası nümayişi olacaq. Quruluşçu rejissor İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskova məxsus tamaşada ifaçı Respublikanın Əməkdar Artisti Şövqi Hüseynovdu. Absurd teatr elementləri üslubunda hazırlanan tamaşanın son məşqləri başa çatmaq üzrədi.
Qeyd edək ki, teatrın 45 nəfərlik tamaşaçı tutumu olan kiçik səhnəsində teatrsevərlər bundan sonra hər həftə mono və kiçik həcmli tamaşaları seyr etmək imkanı əldə edəcək. "OLAYLAR" İA